- Dil

Şifahi və yazılı nitqin “qələti-məşhur”ları

 Bədii və elmi ədəbiyyatda, mətbuatda və insanların danışığında  başqa xalqların dillərindən ya qüsurlu şəkildə tərcümə edilərək dilimizə daxil olmuş, ya da  elə əvvəldən mənbə dildə qüsurlu şəkildə işlədilən sözlərə rast gəlinir. Belə sözlər  dilimizin qrammatikasına  uyğun olmasa da,  geniş surətdə işlədilir və  bunlar arasında elələri vardır ki,  bəzən onların səhv olduğunu bilənlər də  işlətməli olurlar. Belə sözlərin ən geniş yayılanlarından biri “tərəfindən” (tərəfimizdən) sözüdür.

“Tərəfindən” sözünün  dilimizə daxil olması XIX əsrin sonu və  XX əsrin əvvəlində Bakıda neft sənayesinin inkişafı  ilə əlaqədar olmuşdur. O zaman iqti­sadi cəhətdən geridə qalmış ölkə olan  İrandan Bakıya çox sayda insan gəlmişdi və onlar burada fəhlə, “hambal” kimi işləyərək ailələri üçün çörəkpulu qazanırdılar. Əksəriyyəti  savadsız  olan bu insanlar ailələrinə məktub yazdır­maq üçün fars dilini bilən  mirzələrin köməyindən istifadə edirdilər.  Adətən  şə­hə­rin mərkəzi küçələrində oturub bu işlə məşğul olan mirzələr yazdıqları mək­tubların başqasının adından olduğunu  bildirmək üçün yazılarını “əz tərəfi filan­kəs” sözləri ilə  başlayırdılar. Bu isə əslində  “məktubu filan savadsızın adın­dan  onun dediklərinə əsasən yazıram” mənası verirdi.  Nədənsə bu söz sonralar   çox sürətlə yayımış  və ondan dilimizə  uyğun olmayan  mənalarda  istifadə edil­məyə başlanılmışdır. İndi çox adam “mənim gördüyüm iş”, “apardı­ğım tədqiqat” əvəzinə “tərəfimdən aparılmış iş”, “tərəfimizdən aparılmış tədqi­qat” kimi ifadələr işlədir. Bəzən  hətta  “tərəfindən” sözünü işlətməyən adama  irad tuta da bilərlər. Məsələn, siz ərizənizdə “filankəsin ərizəsi” və ya  “filankəs­dən ərizə” yazarsınızsa,  adi bir dəftərxana məmuru buna irad bildirib, “filankəs tərəfindən yazmalısınız” deyə bilər. Ən qəribə hal isə polis hesabatla­rında yazılan “cinayətkar tərəfimizdən yaxalandı” ifadəsidir.  Guya bunun əvəzinə  “cinayət­karı  yaxaladıq” yazmaq olmazdı?

Keçən əsrin birinci yarısında yaşamış görkəmli filoloqlarımız  məhz  “tə­rəfindən” sözünü nəzərdə tutaraq, dilimizə “qələti-məşhur” ifadəsi gətiriblər.  Birinci  sözü fars, ikinci sözü  ərəb mənşəli olan  bu ifadə sonralar dilimizim lü­ğət fonduna da  daxil edilmişdir. Sözün mənası Azleksin onlayn lüğətində belə izah edilir:

– “Geniş yayılmış,  bir çoxları tərəfindən  düzgün kimi qəbul edilən  səhv, xəta”.

Göründüyü kimi, hətta “qələti-məşhur” ifadəsinin mənasını izah edən  lüğət tərtibatçıları da haqqında bəhs etdiyim sözün səhv olduğunu nəzərə almayıb və  bu səhvdən yayına blməyiblər. Halbuki, bu  izahı belə  də vermək olardı:  “əslində  səhv olduğu  halda,   düzgün hesab edilən geniş yayılmış söz”.

1985-ci ildə  Azərbaycan Dövlət  Nəşriyyatında çap edilmiş “Azərbaycan­ca-rusca lüğət”də (müəllifi: X.Ə.Əzizbəyov) qələti-məşhur sözünün rusca mənası belə izah edilir; – “Общеизвестная ошибки,  допустимый, укоренив­ший­­ся в языке,  варваризм».

“Varvarizm” (azərbaycanca – barbarlıq) sözü müasir dövrdə vəhşilik kimi anlanılsa da, əslində  Qədim  Roma imperiyasında  yad (yadelli) mənasında   yaranmışdır. Bu baxımdan lüğətdəki izahı düzgün  hesab edə bilərik.  Yəni bu tip sözlər  məhz yad dillərin təsiri nəticəsində ortaya çıxmış sözlərdir. Belə sözlər  dilimizə daha çox rus və fars dilləri  vasitəsilə daxil olmuşdur. Ancaq son illərdə (təəssüf doğuracaq hal olsa da) Türkiyə türkçəsinin də mənfi təsiri hiss edil­məkdədir. Bu, xüsusilə  türk elmi ədəbiyyatında özünə yer tapmış  başqa dillər­dən  alınma  sözlərə aiddir.

Dostum və həmkarım, mərhum Nijad Mikayılzadə “Həyat haqqında düşün­cə­lər” (Bakı, “Mütərcim”, 2007) adlı kitabında son vaxtlar tez-tez  eşitdiyimiz  və mətbuatda  rast gəldiyimiz  “haradasa”  sözü  haqqında yazırdı:

– Ruslar  “Где-то”  (haradasa, məlum  olmayan yerdə) sözünün zamana aid edilməsi ilə mübarizə apardıqları halda, biz onların səhvini təkrar edirik.  Məsələn, “Bu gün saat 7 radələrində bizim evdə görüşərik” əvəzinə “haradasa saat yeddidə bizdə görüşərik” deyiləndə,  qarşı tərəfdən sual verilə bilər ki, əgər sizdə  görüşəcəyiksə, daha niyə haranısa axtarmalıyam?”

Azərbaycan və rus dilində olan cümlələrin struktur fərqləri nəzərə alınmadan birbaşa edilən tərcümələr  sayəsində  dilimizə gətirilən sözlər vardır ki, onlardan yaxa qurtarmaq olduqca  müşkül bir işə çevrilib.  Bunlara misal ola­raq,  “который”  bağlayıcısının “hansı ki” şəklində  işlədilməsini göstərə bilə­rik. Hər halda  “Toy məclisinə  Şəkidən qonaqlar gəlmişdi,  hansılar ki,  bəyin dost­ları idi” ilə  müqayisədə “Toy məclisinə  Şəkidən bəyin dostları gəlmişdi” və ya  “Bəyin Şəkidən olan dostları toy məclisinə qonaq gəlmişdi” kimi  cümlələr daha yaxşı səslənir.

Dilimizin gözəlliyinə xələl gətirən qələti-məşhurlara mənim fəaliyyət  sa­həm olan tibb ədəbiyyatında da  çox rast gəlinir. Əfsuslar  olsun ki, son vaxt­larda ölkəmizdə  azərbaycanca çap edilən  dərsliklərdə, monoqrafiyalarda  və el­mi məqalələrdə  heç bir dil qaydalarına  riayət edilmir. Hətta dərsliklərimiz ara­sın­da  elələrinə təsadüf edilir ki, onlarda verilən mətnlərdən tələbələrin nə isə başa düşə biləcəklərinə şübhə etməmək olmur. Ölkəmizdə “Tibb terminləri lüğəti” adı ilə çap edilən kitabların  da  əksəriyyəti heç ələ götürülməli deyil.

Əslində ölkəmizin tibb ədəbiyytaında rast gəlinən yazı xətalarını say­maq­la  qurtaran deyil. Yazı mətnlərində olan üslub səhvləri də xüsusi  bir bəlaya çevrilib ki, bunun səbəbini də insanların uşaq və yeniyetmə yaş dövrlərində  mütaliəyə  az vaxt sərf etməsi, yalnız  ali məktəbə daxil olmaq naminə bir neçə fənn üzrə test əzbərləməklə məşğul olması ilə  izah etmək olar. Aşağıda müasir tibb ədəbiyyatımızda tez-tez rast gəlinən səhvlərdən kiçik bir qrupu haqqında məlumat veririəm.

Tibb ədəbiyyatında  rast gələndə  ürək bulandıran mənasız  söz yığın­la­rın­dan biri – “qanda şəkərin artması baş verir”dir (bu tip cümlələrdə  şəkər əvəzinə başqa bir maddənin də adı ola bilər). Tək bu sözlərdə  2 bağışlanılmaz  səhv var­dır;   birincisi  “qanda şəkərin miqdarı yox, qatılığı (konsentrasiyası) təyin edilir. Qanda şəkərin miqdarı deyildikdə yalnız orqanizmdə  olan qanın bütün kütləsi üçün  hesablanmış  şəkər nəzərdə  tutula bilər. Orqanizmin  çoxlu su itkisinə mə­ruz qaldığı hallarda qanın  həcm vahidində  olan şəkərin qatılığı  yüksək olsa da, bütövlükdə tam orqanizmin qanında  bu maddənin  miqdarının az olması da mümkündür.

Beləliklə, həcm vahidində təyin edilən şəkərin səviyyəsini bildirmək  üçün miqdardan yox, qatılıqdan bəhs edilməlidir. İkinci mühüm səhv isə  cüm­lə­nin quruluşuna  aiddir. Axı  “artır”  əvəzinə  “ artması baş verir” yazmaqla nə­yə na­il ola bilərik?  Tez-tez  tibb ədəbiyyatında belə cümlələrə rast gəlirik: “xəs­təyə mədə qastriti diaqnozu qoyulub”, “xəstəyə qaraciyər hepatiti diaqnozu  qoyulub”, “ böyrək nefriti diaqnozu qoyulub” və s. bu sözlərin hər birinin sonlu­ğun­­da olan -it şəkilçisi orqanın iltihabını bildirir, sözlərin kökü isə  müvafiq  su­­rətdə  mədənin, qaraciyərin  və böyrəyin latınca adlarıdır.  Demək bu­rada əla­və olaraq, mədə, qaraciyər, böyrək sözlərinə ehtiyac yoxdur. “Xəstə­nin ürəyində taxikardiya vardır” cümləsi də çox yazılır və deyilir. Halbuki burada sözün bi­­rin­­ci hissəsi – “taxi” tezləşməni bildirir, “kardiya” (latınca – cardio) isə  prosesin  ürəyə  aid ol­du­ğunu göstərir,  yəni  ürək vurğularının tezliyinin artması.  Belə­lik­lə,  yuxarı­da­kı cümlədə ürək sözü artıqdır. Eyni  sözləri “ürəyin elektrokar­diqramması” haq­qında da  demək olar. Əlavə olaraq qeyd edirəm ki,  bu elektrokardioqramma sö­zündəki – “ma” sonluğu rus dilinə aiddir. Azərbaycanca elektrokardioqram olmalıdır.

Mətbuatda  və həkim söhbətlərində tez-tez “xəstənin psixologiyası po­zu­lub”, “filan hadisə insanın psixologiyasına mənfi təsir göstərir” kimi yanlış  ifadələrə rast gəlirik. Psixologiya – psixi fəaliyyət (psixika) haq­qın­da elmdir. Aydındır ki, hər bir insanın  fərdi psixilogiyası ola bilməz; de­mək burada “psixi fəaliyyət (və ya) psixika pozulub” deyilməlidir.

Qanın laxtalanma  qabiliyyətini qiymətləndirmək üçün öyrənilən laborator göstəricilərdən  biri “qanın laxtalanma müddəti” adlanır.  Bunu öyrənmək üçün xəstədən qan alınır  və saniyəölçən vasitəsilə  qanın damardan çıxdığı andan lax­ta­lanana qədər keçən  müddət ölçülür. Aydındır ki,  bu təyinatdan  alınan nəticə də laxtalanma müddəti adlandırılmalıdır. Lakin klinik laboratoriyaların əksə­riyyətində  müayinədən keçən xəstələrə təqdim edilən sənədlərdə ya “laxtalanma zamanı”, ya da “laxtalanma vaxtı” yazılır (bu sözləri “trombin müddəti”, “pro­trom­bin müddəti”, “plazmanın rekalsifikasiya müddəti” kimi laborator göstəri­ci­lərin adları haqqında da demək olar). Əslində bu üç sözün  (zaman, vaxt, müd­dət) mənasında olan fərqləri nəzərdən keçirdikdə biz ana dilimizin  zəngin­liyi ilə fəxr etməliyik. Ancaq laboratoriya mütəxəssislərimiz rus dilində “время” sö­zünü anladıqları şəkildə tərcümə edir, müddət əvəzinə zaman və ya vaxt ya­zırlar. Halbuki, onlar ATU-da təhsil aldıqları dövrdə heç bir dərslikdə  “laxta­lanma zamanı” və ya  “laxtalanma vaxtı” kimi sözlərə rast gəlməyiblər.  İndi biz nə edək ki, rus­ların fərqli mənada olan 3 məhfuma fərqli ad verməyə   fantaziyaları çatmayıb?

Rus dilinin təsiri altında  tibb terminlərimiz  arasına daxil olmuş qələti-məşhurlardan biri  də “sidik cövhəri”dir. Məlumdur ki, azotlu üzvi birləşmələrin (aminturşular, zülallar və s.) orqanizm  daxilində  kata­bolizminin son məhsul­ların­dan biri zəhər təsirinə malik olan ammonyakdır. Orqanizm bu maddənin  artıq hissəsini  xüsusi mübadilə yolları vasitəsilə daha  xarici mühitə asan­lıqla çıxarıla biləcək digər maddələrə çevirir və böyrəklər vasitəsilə özündən kənarlaşdırır. Belə mübadilə yollarından ən əhəmyətlisi isə ammonyakın  karbamidə [karbonat turşunun amidi – CO(NH2)2] çevrilməsin­dən ibarətdir. Böyrəyin funksiyası pozulduqda karbamidin orqanizmdən kənar edilməsində  çətinlik yaranır və qanda bu maddənin  qatılığı artır. Orqanizmdə  karbamid artıq olduqda həm bilavasitə zəhər təsiri göstərir, həm də bu za­man ammon­yakın zərərsizləşdirilməsi  baş tutmur. Beləliklə, bu maddə əslində or­qa­­nizmdə zəhər kimi təsir göstərən daxili mühit amilidir. Lakin biz karbamidin rus dilində yanlış olaraq  qəbul edilmiş adı olan “мочевина” sözünü tərcümə edib “sidik cövhəri” adlandırmışıq. Dilimizdə “cövhər” adı ilə məlum olan bir sıra maddələrdən  qidalanma və ya  müalicə məqsədilə istifadə edilir. Buna görə əs­lin­də zəhərli təsir  xassəsinə malik olan və orqanizmdən xaric edilməsi vacib he­sab edilən maddəyə cövhər deyilməsini məqsədəuyğun hesab etmək olmaz. Demək, bu maddəni  molekulunun kimyəvi quruluşuna görə  adlandırıl­dığı kimi – karbamid   adlandırmalıyıq.

Qəribə haldır ki, bizim tibb mütəxəssisləri son illərdə hansı ölkənin tibb ədəbiyyatında bir nümunə görürlərsə, orada gözlərinə sataşan hər bir məlumatı  və ya hər bir sözü böyük bir yenilik hesab edib istifadə etməyə başlayırlar. Ancaq biz dəfələrlə dərsliklərimizdə və mühazirələrimizdə bəzi yanlış ifadələrin  və hətta terminlərin düzgün olmadığını vurğuladığımız halda, təsirini  görmürük.   Bu sətirlərin müəllifi ATU-nun bütün fakültələrində tədris edilən iki müxtəlif fənnin dərsliklərində məhz sidik cövhəri sözünün düzgün olmadığı haqqında məlumat vermişdir. Lakin “sidik cövhəri” ifadəsi hətta həmin kitablar üzrə dərs keçilən kafedraların əməkdaşlarının da dilindən düşmür.

Bir neçə gün bundan əvvəl mən bir xəstənin laborator analizlərinin nəticələri yazılmış  vərəqdə   sidik əvəzinə “idrar” sözü  yazıldığının da   şahidi oldum.  Həmin vərəqəni xəstəyə təqdim edən laboratoriyanın əməkdaşları  bizim keçmiş tələbələrimizdir və onlar nə ailədə,  nə də tədris prosesində “idrar” sözü  eşitməyiblər. Ancaq təsadüfən əllərinə keçmiş bir türkdilli kitabda bu sözü görən kimi təkrar etməyə başlayıblar. Yenə söhbət başqa sözdən getsəydi,  fikirləşərdik ki, bu, türk dilinə sevgi ilə əlaqədardır.  Çünki artıq vərdiş etmişik, son vaxtlar hər hansı dilimizə yatmayan bir sözün dilə gətirilməsinə  etiraz ediriksə, böyürdən birisi çıxıb deyir ki, bu əsl türk sözüdür, niyə biz ərəb sözlərini atıb bunu işlətməyək? İdrar sözü haqqında isə bu fikri söyləmək düzgün deyil. Çünki bu söz də elə mənşəyinə görə ərəb dilindəndir, ancaq  əvvəl ərəblərdən Avropa xalqlarının dilinə keçərək, oradan da dolayı yolla türk dilinə gətirilib.

Mən adətən molekulunun kütləsi və ölçüləri böyük olan nuklein turşuları, zülal, nişasta, qlikogen və digər bu kimi birləşmələri irimolekullu, onlara nisbətən min- və hətta milyon dəfələrlə kiçik molekul ölçüsünə və kütləsinə malik olan birləşmələri isə xırdamolekullu birləşmələr adlandırıram.  Bir dəfə təhsilinə görə kimyaçı olan, ancaq uzun müddət nəşriyyat redaktoru işləmiş bir nəfər mənim yazdığım  “irimolekullu və xırdamolekullu birləşmələr”  ifadəsi ilə razılaşmadığını bildirdi və səbəb kimi bu maddələrə rusca “высо­комо­лекулярные и низкомолекуляр­ные вещества” deyildiyini göstərdi.  Lakin nəzərə alınmalıdır ki,  bu maddələrin müqayisəsi zamanı  yüksəklik və aşağılıq anlayışına uyğun gələ biləcək heç bir əlamətə  rast gəlmirik və  yenə ortaya belə bir sual çıxır: “Əgər rus dilində qəbul edilmiş terminlərdə yanlışlıq varsa,  niyə biz onu təkrar etməliyik?”

Tibb ədəbiyyatında “orqanizm” və ya “orqan” sözlərinin də xüsusi yeri vardır.  Beynəlxalq tibb terminologiyasına uyğun olaraq, canlı vücudunun müxtəlif anatomik-funksional vahidləri (ürək, qaraciyər, ağciyər, böyrək, mədə, əzələlər və s.) orqan adlanır və buna  müvafiq olaraq, orqanların vəhdətindən ibarət olan  bütöv vücuda orqanizm deyilir. Terminyaratmada unifikasiya prinsipini əsas tutaraq, qətiyyətlə demək olar ki, orqan və orqanizm sözlərinin     istifadəsində heç bir yanlışlıq yoxdur. Ancaq nə qədər qəribə görünsə də,  ən savadlı tibb alimlərimiz də “orqanizmin üzvləri” ifadəsindən əl çəkə bilmirlər. Halbuki orqanizmin orqanları deyilməli, üzv sözü isə “partiya üzvü, idarə heyətinin üzvü” kimi söz birləmələrinə saxlanılmalıdır.

Ağız boşluğunun selikli qişasında  çox sayda irili-xırdalı vəzilər vardır.  Bu vəzilərin əsas fəaliyyəti ağız boşluğu mayesi – ağız suyu  hazırlamaqdan iba­­rətdir. Onların hər biri haqqında ayrıca məlumat verib oxucunu yormaq istə­mirəm. Təkcə bunu qeyd edirəm ki,  ağız suyu sayəsində qida maddələri islanı­lır,  onların çeynənilib xırdalanmağına şərait yaranır və bərk qida maddələrinin həm ağız boşluğunun, həm də udlağın və qıda borusunun selikli qişalarını zədələmə­sinin qarşısı alınır. Orqanizmdə ona zərər vura biləcək maddələrin  miqdarı artıq olduqda onların bir hissəsi vəzilər vasitəsilə ağız suyunun  tərkibinə daxil  edilir. Bu zaman həmin maddələr udulub həzm sistemində zərər­sizləşdirilə də bilər, tüpürmə yolu ilə xaricə atıla da. Bu baxımdan ağız suyu­nun tüpürmə yolu ilə xarici mühitə atılan hissəsi tüpürcək adlandırıl­malıdır. Bunu başa düşmək çətin deyil ki, türürcək sözünün tüpürmə sözü ilə, ikincinin isə bu akt yerinə yetirilərkən çıxan “tpu” səsi ilə əlaqəsi vardır. Yəni ağız boşluğunda olan mayeni tüpürcək adlandırmaq düzgün deyil, bu maye yalnız tüpürüldükdən sonra  tüpürcək  adlandırıla bilər. Hətta bizim məktəb təhsili görməyən ulu nənə və babalarımız hipersalivasiya (ağız suyu ifrazının artması) zamanı ağızdan  qeyri-iradi olaraq axan mayeyə də tüpütcək demə­yiblər; bu haqda danışanda “ağzının suyu axdı” deyilir. Ancaq müasir dövrdə bəzi tibb mütəxəssislərimizə haqqında bəhs edilən ifadələrin fərqini heç cür qəbul etdirmək olmur və qəribədir ki, ağız suyunun yanlış olaraq  tüpürcək adlandırılmasına  son 50 ilə yaxın müddətdə ölkəmizdə çap edilmiş tibb ter­minləri lüğətlərinin əksəriyyətində rast gəlinir. Halbuki, həmin lüğətləri tərtib edənlərin  yararlandıqları bütün xarici dillərdə haqqında bəhs edilən  sözlərin fərqli qarşılıqları vardır.

Azərbaycanda əli qələm tutan və ya  barmaqları klaviatura  tıqqıldada bi­lən adamların 99%-i  “klinik” və “praktik” sözlərini yazmalı olduqda onların so­nu­na “i” hərfi də  əlavə edirlər.  Hətta Bakı şəhərinini ən böyük xəstəxanasının   adında da belə səhvə  rast gəlirik – “Kliniki Tibbi Mərkəz”. Halbuki, mövcud qaydalara görə sonluğunda “ik” olan  sözlər yalnız 2 məna verdikdə onlardan birini digərindən fərq­ləndirmək üçün  birinə “i” əlavə edilməlidir. Məsələn,  fizik və mexanik sözləri bu sahələrdə çalışan mütəxəssisləri bildirən isimləridir; mexaniki və fiziki sözləri isə  “fizikaya və mexanikaya  aid olan”  mənası verən  sifət­lər­dir.

Bilirəm ki, həmkarlarımdan bəziləri yuxarıda sadaladığım səhvlərdən  ötrü  fikir çəkməyin lüzumsuzluğunu iddia edə bilər. Ancaq nəzərə almaq lazımdır ki, kiçik xətalar üst-üstə yığıldıqda  ürəkbulandırıcı böyük səhvlərə  çevrilir.

Bəzən yazılarında çoxsaylı üslub, orfoqrafiya və termin səhvlərinə  yol verən elmi-tədqiqatçı həkimlərimiz  iddia edirlər ki, filoloq olmadıqlarına  görə  yazılarında yol verdikləri səhvlərə diqqət yetirməyə ehtiyac yoxdur. Belə adamlara cavabım bundan ibarətdir:

–  Əgər siz bir evə qonaq gedərkən qarşınıza bir tərəfində çat olan qabda  çox ləzzətli plov qoyularsa, heç şübhəsiz fikiləşəcəksiniz ki, ya ev sahibəsi  xörək bişirə bilmir və bu plov qonşudan gəlib, ya da düşünəcəksiniz ki, ev sahibi bir qonaq olaraq sizə hörmətsizlik edib. Mən də yazı müəlliflərinin çoxsaylı səhvləri olan işləri çapa təqdim etmələrini bir oxucu kimi belə qiymətləndirirəm.

F.İ. İslamzadə