Azərbaycan Dövlət Akademik Musiqili Teatrı dünyaşöhrətli bəstəkar İmrə Kalmanın “Silva” tamaşası ilə rusdilli tamaşaçıların görüşünə gələcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu-rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Sevinc Məmmədovadır. Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.
Martın 25-də göstəriləcək səhnə əsərinin süjet xəttinin əsasında maraqlı bir sevgi hekayəsi dayanır. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə qərar verən Edvini özgəsi ilə nişanlamağa hazırlaşırlar. Məhz bundan sonra dinamik hadisələr, gözlənilməz situasiyalar və maraqlı olaylarla zəngin olan operettada iki gəncin sevgi uğrunda mübarizəsi başlayır.