Söz— tarixdir, mədəniyyətdir, abidədir, birlikdir, sədaqətdir, eşqdir, ədəbiyyatdır, ünvandır, ürək sərinlədən bir bulaqdır.
Söz həsrətimizin ifadəçisidir. Söz xatirələrimizin yaddaşıdır. Söz yoxdursa, insanın nə əvvəlindən xəbəri olar, nə gələcəyini stimullaşdıra bilər. İnsan, varlıq sözlə ifadə olunur. İnsan öz tarixini daşlar üzərinə sözlə yazdı.
İnsan keçmişini bilmək, öz yaşam tərzini öyrənmək üçün sözdən yapışır, qədim daşlar üzərində qalmış sözləri araşdırmağa çalışır.
Söz ədəbiyyatdır, ədəbiyyat kamillikdir. Bu kamilliyi dürüst araşdıra bilməsək, tariximizi dürüstləşdirə bilmərik. Bu kamillikdə layla var, içi göz yaşı ilə dolu ağılar var, həzin səsli bayatılar var, bəşəri və dünyəvi eşqi özündə ehtiva etdiyinə görə əsrlərin nehrindən keçib günümüzə gələ bilən bədii əsərlər var. Füzuli söz qanadlarında göylərə ucaldı. Söz Füzulini torpağa dönüb yox olmağa qoymadı, elə ucalıqda saxladı ki, nə tufan, nə sazaq, nə alov, nə yağış onu yaddaşlardan silə bilmədi. Füzuli sözlə ucaldı, ucala bildikcə… Bir məhəbbətin işığında ucaldı, o məhəbbəti xəlq eləyənə doğru. Nəsiminin fəziləti sözlə başladı, sözlə bütün müsəlman aləmində əks-səda verdi. Bu söz dünyasının mahiyyəti zamanımızda da araşdırılmaqdadır, yəni sözün dünyasını açmaq elə də asan iş deyil, onu da sözlə açmaq gərəkdir. Şah İsmayıl da qəlbini sözlə açır, Tanrı da qəlbləri sözlə dinləyir.
Mirzə Fətəli Əlifba uğrunda mübarizəyə sözlə başladı, dahi Sabir dünyanı söz atəşi ilə islah etmək, millətin gözünü açmaq istədi, Mirzə Cəlil həmin sözlə danışdı, susmadı ki, millətinin həyatını saflaşdırsın. C.Cabbarlı dilin saflığını qorumaq üçün yeni sözlər yaratmağa çağırış etdi, S.Vurğun o sözlərdən bəhrələnib Vətən çöllərini fəth etdi, sözdən ecazkar xəritə yaratdı, məhəbbəti, sevgini lirik bir çəmənə çevirdi.
Söz – ünvandır. Qoruyub saxlaya bildiyimiz dil millətimizin, xalqımızın, dövlətimizin ünvanıdır. Bu ünvanın saflığını qorumaq, onu əbədiləşdirib gələcək nəsillərə ötürmək bu gün hər bir Azərbaycanlının borcudur. Əsarət altına alınmış Qarabağı bu gün biz azad etməsəydik də, gələcək nəsillər öz əzəli torpağını əsarətdə buraxmayıb azad edərdi. Amma… Amma dilimiz əsrətdə qalsa heç bir nəsil onu yenidən bərpa edə bilməz. Gəlin onu məhz bu gün qoruyaq. O gələcəyə ötürmək üçün bizə verilmiş əmanətdir. Xalq deyimində belə söz var: “Əmanətə xəyanət olmaz”.
Söz — bu gün şəhid generalı yola salarkən qəlbini ovutduğun varlıqdır. Bütün sosial şəbəkələrdə minlərlə insan qəlbini söz bulağı ilə sərinlətdi.
Bu dağlar, ulu dağlar,
Çeşməli, sulu dağlar
Bir igid, şəhid olmuş
Göy kişnər, bulud ağlar.—bəli ulu, çeşməli, sulu dağlar uğrunda fəda olan o şəhidin anası yanında yoxsa, onu el ağlayırsa, bu göyün, yerin lərzəyə gəlməsi ilə ifadə olunur. Sözdür onu ifadə edən, söz!
Söz – həsrətlərin tüğyanıdır. Uşaqlığımda mənim öz dünyam var idi. Analı dünyam. O dünyanın böyük bir hissəsini anamın həsrəti təşkil edirdi. Ana həsrəti yox, anamın həsrəti. Anam Qarabağ qızı idi, öz dünyasında Qarabağ həsrəti yaşadırdı. Bu həsrət hər gün anam yemək bişirəndə, ev təmizləyəndə, ümumiyyətlə bir evdar qadının evdə görə biləcəyi bütün işlərlə məşğul olanda “Qarabağ şikəstəsi”nə, ya da “Qarabağın maralı”(sonralar o mahnının adını dəyişdirib “Azərbaycan maralı” qoydular) mahnısına çevrilib, evimizə yayılırdı. Anamın titrək, zərif, bir qədər də ürək əsdirən hüzünlü səsi vardı. Bir az böyüyəndən sonra bu səsi Fatma xanımın, Sara xanımın, Şövkət Ələkbərovanın səsi ilə müqayisə edirdim. Onların heç birində tam anamın səsi yox idi, Amma onlardan anamda nə isə var idi. Anam cəmi 16 il Qarabağda yaşamışdı, amma bütün ömrü boyu Qarabağlı oldu. Çünki içindəki həsrət bunu bəyan edirdi.Siz heç gözünün içinə baxa-baxa ananızın atanıza xəyanət etdiyini düşünə bilmisinizmi?! Sizə qəribə gəlir? Mən uşaqlığımın böyük bir hissəsini bu duyğunun zindanında yaşamışam. Axı, anamın həsrətli səsi atam evdə olmayanda evdəki boşluqları doldururdu. Hətta bəzən anamla atamın hamının diqqətində olan mehribanlığına əsəbləşmişəm, bəlkə də saxtakarlıq kimi baxmışam. Anamın Gədəbəydə oturub Qarabağ həsrəti çəkməsi mənə xəyanət kimi görünürdü. Xan qızı Ağabəyim ağaya haqq qazandırırdım. O, vətənini sevdiyini gizlətmirdi. Elə bilirdim anam xəlvətcə oxuyur. Gizlədir duyğularını. Bax anam o həsrətinin həsrətini sözlə ifadə edirdi. İllər ötdü …. anladım ki, anamın Qarabağ həsrətinə atam da şərik imiş… Onu da mənə söz anlatdı. Bu həsrətin birliyində sevgi deyilən, məhəbbət deyilən, etibar, sədaqət deyilən sözlər varmış.
İsgəndər Novruzlunun sözləri bir mahnı dalğalarında anamın həsrət tufanının tüğyanına çevrilmişdi.
Ay qız, gəzmə aralı,
Könlüm səndən yaralı,
Gözlərinə heyranam,
Qarabağın maralı.
Sən bulaq üstə gələndə,
Qıyqacı baxıb güləndə,
Aldın səbri-qərarımı,
Qarabağın maralı.
Mən qurbanam gözlərə,
Şirin-şirin sözlərə,
Bir qonaq gəl bizlərə,
Qarabağın maralı.
O günə qurban kəsərəm,
Gəlməsən səndən küsərəm,
Gəzərəm səndən aralı,
Qarabağın maralı.
Turşsu olsun yaylağımız,
Gözəl Şuşa oylağımız,
Sən olaydın qonağımız,
Qarabağın maralı.
Çıxaq Qırxqız yaylağına,
Ceyran-cüyür oylağına
Enək İsa bulağına,
Qarabağın maralı.
– sözün ecazına bax sən! Eşq də, sədaqət də, həsrət də, umu-küsü də, barışıq da bu sözlərdə öz əksini tapıb, bir aşiqin sevdasına ortaq olub.
Nə böyük kəramət ki, dilin varlığının kökündə söz dayanır.
Dil fərdləri toplayıb cəmiyyəti yaradan amildir. Buna görə də dildə cəmiyyətin bütün istiqamətləri üzrə ifadə mümkünlüyü mövcuddur. Belə olmazsa ünsiyyət yarımçıqlığı hökm sürər. Bütün ictimai-siyasi anlaşmalar, bədii tərənnümlər, ideoloji aktlar, ailə-məişət münasibətləri, təsərrüfat aydınlaşmaları, rəsmi və qeyri-rəsmi aparılan yazılı və şifahi danışıqlar, müharibə dəhşətləri, sülh müqavilələri və s. dilin öz çiyinlərində daşıdığı vəzifə borcudur ki, dil bu yükün də öhdəsindən sözlər vasitəsi ilə gəlir.
Dildən danışanda ilkin olaraq anamızın laylası yada düşür. Çünki bu laylalarla ana dilimiz qanımıza hopur. Sonra həvəslə gözləyirik körpənin dil açmağını. Danışmaq Tanrının bəxş etdiyi vergidir, amma hansı dildə danışmaq anamızın laylası ilə varlığımıza yayılandır. Bəli, bəli yayılandır. Bu layla təkcə qanımıza hopmur, sümüyümüzə işləyir, bədənimizə, əzələlərimizə yayılır, sinirlərimizi əsir edir, beynimizə pozulmaz naxışlar vurur. Mən elə bilirəm uşaq
“Lay-lay beşiyim lay-lay,
Evim-eşiyim lay-lay
Sən yat şirin yuxu tap
Çəkim keşiyin lay-lay.”
– sədaları altında rahatlıq tapırsa , uyuyursa, həm də ona burada keşik çəkmək borcu aşılanır. Ana-bacı keşiyi çəkmək, vətən qorumaq borcu bu laylaları yaradan sözlərlə yazılır onun beyninə.
Sözün saflığı dilin kəramətidir. Gəlin dilimizin kəramətinə xələl gətirməmək üçün sözlərimizi qoruyaq! Reklamlarımızda, elanlarımızda, şəhərimizi bəzəyən ticarət, iaşə, müəssisə adlarında dilimizin saflığı qeyrətimizin saflığıdır. Bu saflığı qoruyaq! Dil millətin daxili dünyasıdır. Ailə saflığıdır bir millətin daxili aləminin saflığı. Gəlin ailəmizin saflığını qoruyaq!