- Dil

Sima CƏFƏROVA. Gör nə günə qalmişiq!

VII-VIII -ci sinifdə ikən adını və müəllifini unutduğum bir kitab oxumuşdum. O zaman heç “kriminal” sözünü bilmirdim Sonralar bildim ki, əsər kriminal mövzuda yazılıbmış. Əsərdə gənc bir qız Sovet kəşfiyyatına “işləyir”. Məhz bu səbəbdən də romanın müsbət qəhrəmanı kimi xarakterizə edilir. Kitabın ilk səhifəsindəcə sumkasından çıxartdığı güzgüyə baxmaq bəhanəsi ilə güzgüdə arxadan təqib olunub olunmamasını yoxlamaq bu qızı mənə sevdirdi. Ala gözzlü, sarışın saçlı, güləş sifətli bu gənc qəhrəmanı sevdim.Amma sonda məlum olanda ki , bu qız öz xalqına məxsus məlumatları Sovet kəşfiyyatına ötürürmüş… Yazıçı onu nə qədər məhəbbətlə təsvir etsə də, nümunəvi qəhrəman kimi təqdim etsə də, mənim sevgim daşlara çırpıldı. Onu sevdiyimə görə özümü xəyanətkar kimi hiss elədim və bu gün də nə o qızı,nə də uğursuz da olsa ona olan sevgimə görə özümü bağışlaya bilmirəm, ona görə də bir xəyanətdən xəbər tutan kimi bu əsər yadıma düşür. O qızın xalqına xəyanəti 64 ildir mənimlə yolculuq edır.

Bu gün ədəbi dilimizlə bağli, ümumiyyətlə dillə bağlı bəzi məsələlərə diqqət yetirdikdə yenə o xəyanət zehnimdə təzədən önə keçir. Fikirləşirəm ki, televiziya ekranlarından səslənən bayaği və öz dilimizdə olan sözlərin əvəzinə başqa dillərdən gətirib nitqimizə pərçim etməyə çalışdıqları sözlərə göz yumanlar varsa, qəzet və jurnal səhifələrində quruluşu anlaşılmayan cümlələrə əhəmiyyət erilmirsə, tərcümə ədəbiyyatı orijinal mətnin ölümünə fərman yazırsa, orta məktəb kitablarında sistemli şəkildə dil qanun-qaydaları əvəzinə şagirdlərə ləhcələşmə öyrədilirsə və bu da qəbul imtahan testlərində özünə geniş mövqe tapırsa, bütün bunların zərbəsi yüzilliklərdən formalaşıb günümüzə gəlmiş ən ulu sərvətimiz olan ədəbi dilimizi məhvə sürükləyirsə səbəbkarların o qızdan fərqi varmı!?

Mən deyərdim ki, var. O fərq var ki, o qız bir xalqın sərvətindən, məhz sərvətindən oğurlayırdı. Burada isə xəyanətkarlar o sərvəti gəmirib kökündən ayirmağa, içini çeynəyib yox etməyə səy göstərirlər. Bu sərvət ədəbi dilimizdir.

“Bir xlqı məhv etmək istəyirsənsə onun dilini əlindən al.” Çox möhtəşəm deyimdir eləmi! Axı kökü çox-çox qədimlərdən su içən bu dil xalqımızın ən böyük milli mədəniyyət sərvətidir. Bu sərvət məhv olarsa, qədimliyimiz məhv olar. Biz xalq olmarıq.

Haşiyə: Müəllimim prof. Ə.Dəmirçizadə Simpoziumdan qayıtmışdı. Səhər-səhər birinci dərsi bizim kursa idi. Sakit addımlarla otağa daxil oldu. Üzündə çox nadir hallarda olan, bəlkə də, heç vaxt sezilməyən bir gərginlik vardı. Tribunaya çatdı, əsəbi dönüb ortada dayandı, sakit, lakin gərgin səslə dedi: “Erməni professorun haqlı iradı qarşısında dinə bilmədim. Heç 500 il tarixi olmayan (tarixi əsəbilikdən deyirdi) bir dilin müdafiəçisi deyir ki, dilimiz yaranandan biz cümlənin sonunda qoşa nöqtə qoyuruq, dəyişmirik ki, gələcək nəsilləri çaşdırmayaq. Siz isə hələ bir əlifba üzərində qərarlaşa bilmirsiniz!”

Bəli, yaranışımızdan bəri hər nöqtəni qorumalı ikən, az qala hər qərinəyə bir əlifba dəyişikliyi düşürsə, bu gün müstəqillik dövründə niyə dilimizin müdafiəçisi olmaq əvəzinə ona qənim kəsilməliyik. Elə mən orta məktəbdə oxuyanda bir kiril əlifbasının üzərində üç dəyişikliyin şahidi olmuşam:
я,е,ю—йа, йэ,йу – ja,je,jy – bu gün y və a, e, u. (1951 – 1963-cü illər)

Bu gün Latın qrafikalı əlifba. Çox təqdirəlayiqdir ki, Türkdilli xalqlar bu qrafikadan istifadə edir, hətta bir çox dünya xalqları da Latın əsaslı qrafikadan istifadə edirlər. Amma hər bir xalq öz dilinin xüsusiyyətlərini qorumaqla. Bu gün biz ədəbi dilimizi, dilimizin leksikasını, əlifbasını qoruya bilmiriksə, onda vətəndaş deyilik.

Əslində söhbətimiz ədəbi dilimizin qorunmasıhdan, onun leksikasına yersiz müdaxilələrin qarşısının alınmasına duyduğumuz ehtiyacdan gedir. Bu gün ortaq dil yaradılması, dilimizdə yüzilliklələ işlənib ümumxalq işlək sözlərinə çevrilmiş leksemlərin türk köklü dillərdən alınan sözlərlə (müəllim – öyrətmən) əvəz edilməsi meylləri çoxalmışdır. Bu ən yüngül formada dilə yamaq vurmaqdır. Bəzi “mütəxəssislər” isə bunu ortaq dil yaratmaqla əlaqələndirirlər. Biz Avropa ilə ortaq dilmi yaradırıq? Amma ünsiyyət vasitəsi tapırıq. Türk xalqları ilə anlaşmaq istəyənTürkiyə türkcəsindən istifadə etsin. Hətta bu gün uluslararası simpoziumlarda da bu özünü doğruldur. Ortaq dil adlanan bir məfhum mərhum akademik Tofiq Hacıyevin dediyi kimi, “Donkixotluqdur”. Akademik haqlı olaraq bu məsələdən danışarkən qeyd edir ki, “Ümumi türk dili yaradıla bilməz. Kimsə ana dilindən əl çəkib, təzə dil yaratmaz… Ana dili Tanrı gücündə varlıqdir.”

Bu günlərdə Gülyaz Əliyevanın vətəndaş şairimiz B.Vahabzadədən paylaşdığı şerin ilk sətirləri
Niyə mənim anam ”madər”
Atam “pədər”- olsun?
Bu dolaşıq ticarətdə
Niyə mənim doğmalarım
Özgələrin torpağında hədər olsun? –
bu bir müəllimin paylaşımı deyil, ədəbi dilə son dövrlərdə olan yersiz və ciddi müdaxilələrə ziyalı etirazıdır. Bu etirazlar müdaxiləçilərə, hörmətli Vasif Sadıqlının çox zamanında təklif etdiyi terminlə desək linqvistik kollaborasionistlərə (dilə kollektuv şəkildə xəyanət edənlər) qarşı durmağa yönəldilən bir çağırışdır. Ana dilimizdə var olan sözləri kənardan, lap elə ən yaxın qohum dil olan Türkiyə türkcəsindən alınma sözlərlə əvəz etməyə, dilimizə yamaq vurmağa qarşı çıxan bir çağırışdır bu. Zaman-zaman ədiblərimiz, mütəfəkkirlərimiz, elm adamlarımız dilin təmizliyi, saflığı, kökünə bağlılığı uğrunda gecələrini, gündüzlərini əsirgəməyiblər. İnkişafın gedişi ilə əlaqədar ədəbi dildən çıxan (arxaikləşən) sözlərə,yeni yaranmasına ehtiyac duyulan sözlərin ekvivalentinin mənbəyinin əvvəlcə öz dilimizdə axtarışına çox ehtiyatla yanaşar,bu sahədə yüngül, asan yolla getməzdilər. Ona görə də bu gün ədəbi dilimiz hamar, ahəngdar və gözəldir, varlığına uyğun, həsəd aparılası qrammatik qanunauyğunluğa malik qrammatikası var. Bu dil o dildir ki bu dildə kökü çox qədimlərə dayanan dastanlar, nağıllar yaradılmışdır. O dildir ki Həsənoğlu qəlbinin döyüntülərini səsləndirmiş, Nəsimi irfanı bu dillə səmalara ucalmış, Füzuli məhəbbəti səmavi bir eşqə çevrilmişdir. Bəli bu dil Xətai qılıncini qələmə çevirib gözəlliklər vəsf etmişdir. Bu dillə Seyid Əzim ilhamı Füzuli zirvəsinə yüksələ bilmişdir. Bu dillə böyük Sabir :” Niyə böylə bərəldirsən,  a qare, gözünü, Yoxsa bu ayinədə əyri görürsən özünü!?” deyərək bütün cahanın eyblərini qamçılamağı bacarmışdır.

Bəli, mənim sevdiyim bu ana dilində Mirzə Cəlıl təhdidlərə təzyiqlərə baxmayaraq Şərqdə çox özülləri titrədə bilən, mövzuları bu gün də aktual olan “Molla Nəsrəddin” jurnalı kimi möhtəşəm bir mətbu orqanı yaratmış, yaşatmışdır. Bu dildə Böyük Şəhriyarın şerləri keçilməyən sərhədləri tapdalayaraq Bütöv Azərbaycan xofu yaratdı. Bu dil o dildir ki, anamız həzin səslə “Qarabağ şikəstəsi” sədaları ilə bizi uyudurdular. Bu dil bax onda qanımıza hopan dildir. Ona xəyanət etməyə haqqımız yoxdur, o, ANA DİLİMİZDİR! “Azərbaycan dili çox qədim bir xalqın dilidir, bu dilin ahəngində, quruluşunda, bu dildi fikir ifadə olunmasındsa məsuliyyət var,zənginlik var. Bu dildə danışan insan, sən düşün ki min il,bəlkə də milyon il öncətorpağa baxıb ona sevgisini, alnının tərini,qəlbini, ruhunu verən, sonunda canını verən, ona nəğmələr qoşanzəhmətkeşlərin dilində danışırsan.Övladına laylalar. Nazlamalar, oxşamalar qoşan ananın, Tomirisin, Dədə Qorqudun, Beyrəyin ,Xətainin və daha kimlərin dilində danışırsan. Bu qədimliyi, zənginliyi daşımaq, təbii ki, asan deyil,amma bu dil bizimdir, bizə məxsusdur, bununla fəxr etməliyik, qürur duymalıyıq.” Mehparə xaım Rəhimqızının ürək yanğısı ilə, iftixar və vətəndaş qüruru ilə şərhlərdə yazdığı bu cümlələrdə böyük bir həqiqət var. Bəli, ədəbi dilimizin saflığına zərbə vurmağa onu ləhcə səviyyəsinə endirməyə çalışanların bu dildə öz fikirlərini saf, təmiz, səlis ifadə etməyə gücü, söz ehtiyatı  və deyərdim ki, ali məqam kürsülərində olsalar belə, savadı çatmır.

“Dövlət dilinin normalarını pozanlar min manatadək cərimə ediləcək” – belə bir qanun imzalanıb. Həm də zamanında deməyəcəm, bir qədər də əvvəl olmalıydı, təcavüz ayaq açmağa başlayanda, yeriyib hər  tərəfdə adi hal alandan sonra yox. Amma yenədə tərpənməyənləri tərpətmək üçün kifayətdir, bəlkə də. Amma məni maraqlandıran məsələnin başqa tərəfidir: Aya, yuxarıda cüzi də olsa vəsf etdiyim bu dili, bu seriyyət dilini, onun gözəlliyini, onun ahəngdarlığını, onun ecazkarlığını bizə cərimə iləmi sevdirmək lazım imiş!? GÖR NƏ GÜNƏ QALMIŞIQ!!!!