- Müsahibə

Sima Cəfərova – ”Ömür deyilən 80-in içi”

Tanıyanlar onu təkcə bir dilçi, ziyalı kimi deyil, mükəmməl, qorxmaz, sözünü üzə deməkdən çəkinməyən, insanlara olan xoş münasibəti ilə seçilən, qonaqpərvər, mərd qadın kimi xarakterizə edirlər. Ailələri, uşaqlığı, gəncliyi haqqında silsilə yazılarından xəbərdar olmuşuq. Xatirələrindən bilirik: Sima xanımın atası rayonun sayılıb-seçilən ziyalısı, rəhbər işçilərindən olsa da, o heç vaxt bundan sui-istifadə etməyib. Nəyə nail olubsa, öz inadı, zəhməti, əziyyəti bahasına əldə edib. Bəzi məsələlərə aydınlıq gətirmək üçün özünü “sorğu-sual” etmək qərarına gəldik.

– Bizim tanıdığımız Sima xanım uşaqlıqdan, gənclikdən bu günə qədər qüruru, saflığı ilə ürəkləri fəth edə-edə gəlib 80-i haqlayıb. Bəlkə, ötən günlərə ekskurs edək? Bu müsbət enerjinin, istiqanlılığın ciddi mənbəyi, ilham pərisi olmalıdır axı?

– Ailəmiz böyük idi: 12 qardaş-bacı, xala, dayı, əmioğlu, atamın xalanəvələri… Beləcə bu başından ortasına əl çatmayan bir süfrə ətrafında böyümüşəm, atamın sevgisi, əfvi, lütfü o süfrə arxasında hamıya bərabər paylanardı. O ədalət, o istilik, o saflıq oldu mənim həyatımın ilham mənbəyi. Zəhməti də o süfrədə öyrəndim, qüruru da.

-Sima xanım, valideynlərinizin hansı ənənələrini ailənizdə bu gün də qoruyub saxlayırsınız, eləcə də övladlarınıza nələri öyüd, nəsihət edirsiniz?

–        Nəsihət etməkdən heç xoşum gəlməz, söz çox zaman havaya uçur. Öyüd, nəsihət əvəzinə mənim övladım olduqlarını unutmamaları üçün əlimdən gələni edirəm. Atam kimi. Bizim ailədə böyüyə böyük kimi ehtiram olunurdu, uşaqı da böyük kimi sayırdılar. Bu ənənəni anamın yadigar mücövhəri kimi qorumağa, göstərməyə çalışmışam. Yaxşı demirəm, pis də demirəm, qoy elə mənim kimi olsunlar, qalanını da həyatdan əxz edərlər. Sadəcə, bu qədər.

Ailədə şəxsi nümunəyə daha çox istinad edilirdi. Mən də bu yolu seçdim hər addımda. Bu, insanın özünün də kamilləşməsinə təkan verir.

     –      Futbolu sevdiyinizi, vaxtilə “Neftçi” nin azarkeşi olduğunuzu bilirəm. Görüşlərimizdən birində bakılı Anatoli Banişevskiyə xəstə olduğu zaman -1990-cı illərin çətin günlərində, özünüzün işsiz qaldığınız,  qohum-qardaşın kömək etdiyi bir zamanda aybaay yardım göndərməyinizdən danışmışdınız. Maraqlıdır, bunu necə izah edərdiniz, futbola məhəbbətin təzahürü, yoxsa insanlıq, ya da qeyri millətin Azərbaycan sevgisinə qarşılıq?

–        Futbolu çox sevirdim, komandaların güçünə dair fitri təxəyyülüm vardı. Hətta tələbə vaxtı müəllimim Azər Hüseynov xüsusi bir inamla sabah oynanılacaq oyunun hesabını soruşardı, ehtimalım, demək olar ki, həmişə düz çıxırdı.O ki qaldı Anatoli Banişevskiyə… Onu mən qeyri millət kimi fikirləşmədim heç, mənim üçün “Neftçi”nin ulduzu idi. Bir futbolçu olaraq mənim “Pelem” idi, bəlkə, daha üstün. Axı vətənimi təmsil edirdi. Bütün müvəffəqiyyətləri ayağının hesabına qazanmış bir tanınmışın ayaqlarının tutulmasını qəlbim götürmürdü. Gücüm 25 rubla çatırdı. Əlbəttə, burada futbol sevgisinin də rolu var idi.

-Sima xanım, 80 yaşınızda necə hisslər keçirirsiniz? Özünüzü xoşbəxt hesab edirsinizmi?

–        Nəyi nəzərdə tutursunuz? Yaşla xoşbəxtlik duyğusu arasında əlaqə görmürəm. Hər yaşın xoşbəxt anları olur. Ömür sıx fəsillərdən ibarətdir. Xoşbəxt anlar o saysız-hesabsız fəsillərin baharıdır. Bəzən bir qurbağa qurultusu ilə də xoşbəxt an yaşamaq olur. “Mən ömrümü xoşbəxt yaşamışam” deyənlər heç ömür yaşamayıblar. O ki qaldı səksənə… Mən 80-in əsarətini, yəni ağırlığını, çiynimə qoyduğu yükü hiss etməmişəm, nə də illəri arzulamamışam. Allah verən ömürdü, bütün nüansları ilə mənimkidir, razıyam ömrümdən.

–        Həyatınızda “kaş ki” dediklərinizdən biri?

–        “Kaş ki” peşimançılığın səsidir. Tanış deyil o səs mənə (gülümsəyir). Ömür deyilən o səksənin içində yaxşı da olub, pis də, çətin də olub, asan da, bütöv də olub, yarımçıq da – amma peşmanlıq olmayıb. Düşünmüşəm: elm dalınca da getsəm, həyatımda tamlıq olardı. Amma hər olmayanın bir səbəbi var, o səbəb peşmançılıqdan uzaq saxlayıb. Bu yarımçıqlığı FADMM üzvü olmaq aradan qaldırıb. Böyük bir kəşf etməsəm də, özümü elm adamlarınin əhatəsində hiss etmişəm, biliyimi, fikirlərimi, ehtimallarımı bölüşmüşəm. Bundan sonrakı fəaliyyətimdə də FADMM-–in əhəmiyyətli yeri olacağına əminəm.

– “Üzü yoxuşa ömür”də hamar, yoxsa daş-kəsəkli yollar çox oldu?

–        Doğrudur, deyirlər, enişsiz yoxuş olmur. Zənn edirəm ki, mən həyatımın enişini də yoxuş kimi yaşamışam.  “Üzü yoxuşa ömür” adında bütün həyatımı ehtiva edə bilir, amma içində hər şeyi əhatə etmək olmur axı…Həm də oxuyana dərd yükləmək istəməzdim. Bu yoxuşda ayağım sürüşməyib, amma addımımın zərbindən ayağımın altındakı daş qaçıb və mənə elə heyrətə baxıb ki, dayanmağa məcbur olmuşam. Hər dayanmaq da bir başlaanğıcın qapısıdır. Üzü yoxuşa doğru gedən ömrün zirvəyə də çatması olar, yəqin.

-Sonuncu sualım. Bu illər ərzində müxtəlif yerlərdə  işlədiniz: müəllim, məktəb rəhbəri, partiya, sovet işçisi, qəzet əməkdaşı, kitabxana müdiri, FADMM-ın baş məsləhətçisi. Ən çox hansı işi sevdiniz və fəxr etdiyiniz uğurunuz nə oldu?

–        Geri nəzər salanda işlədiyim yerlərin və iş sahələrinin hər birinin öz özəlliyi var. İş də ömrün bir xəttidir, bu xətdə fərqlilik axtarmaq asan deyil. Bütün sahələrdə sevə-sevə işləməyi bacarmışam. Ən çox razı qaldığım, fəxarətini duyduğum iş müəlltmlikdir. 40-50 il əvvəlin yaşlaşmış şagirdlərini görəndə, şagirdlərimin xoş sorağını eşidəndə, hətta bəzən övladlarının dilindən adımı eşidəndə yaşadığım hissləri sözlə ifadə edə bilmirəm. Məktəbdə məşğul olduğum çətin tərbiyə olunanların sağlam ailə qurmalaı mənə daha çox qürur verub

–        Sima xanım, sizinlə müsahibə çox maraqlı və qürurvericidir. Sizə sağlam ömür, xoşbəxt illər diləyirəm. İstəyirəm, mənə ömrün yoxuşunda ucalan  böyük ana məsləhəti, ana duası verəsiniz.

– Şillerin sevdiyim, bəlkə də həyatımın devizi kimi dəyərləndirdiyim bir kəlamı var: ”Bağişlamaq və unutmaq yaxşı adamların intiqamıdır”. Yaxşı sakit, zövqverici intiqamdır amma. Həmişə özün ol, özün kimi yaşa, qərəzdən uzaq ol ki, xata-bəladan da uzaq olasan.

–        Təşəkkürlər!

–        Sizə təşəkkür edirəm ki, istirahət vaxtınızı mənə ayırmısınız. Çox sağ olun!

Söhbətləşdi: Vüsalə MƏMMƏDLİ