- Köşə

Sima CƏFƏROVA. Bir qış – bəmbəyaz qar yağıb

Bir qiş – bəmbəyaz qar yağıb şəhid qanının hərarətindən torpağın köksündən qalxan görünməz alovu səngitməyincə, bir yaz – göz yaşından olan yağışları ilə şəhid qanını torpaqlardan yumayınca, bir yay – öz isti günəşi ilə o yuyulmuş qanı tanrı dərgahına buxarlandırmayınca, bir payız küləyi – o yuyulmuş torpağı sovurub düşmənin gözünü kor etməyincə -yəni şəhidlərimizin ili çıxana qədər mənə təbrik yazmayın, dostlar.

Onda çox sevindik. Xalqımız üçün elə bil bayram oldu. Heç Qarabağı görməyən gənclik hərbi komissarlıqlara axışdı. Könüllü gedənlərin sevinci müharibəyə oğul yola salan analara sirayət etdi.
Onda hərbi komissarlıqların qarşısındakı canlanmanı, şadyanalığı görən səfirlik nümayəndələri heyrətə gəldilər. Müharibə başlandığı üçün sevinən xalq… Oğlunu bəlkə də geri dönə bilməyəcəyi səfərə yola salan xalq müharibə başlandığına sevinir. İlahi, vətən sevgisinin gücünə bax!
Sülhsevər, humanist bir xalq müharibə sevinci ilə bas qaldırıb, boy cəkmişdi.
Evlərdə bozbaş bişirən qadınlar qulağına dayadıqları telefonda daha qeybət etmirdilər, müharibə sevinci yaşayırdılar. Atalar “Ya Qarabağ, ya ölüm” hayqırırdılar.
Bəli, onda biz qələbə üstündə köklənmişdik, kiminsə Şuşada muğam sədasında çay təklifinə, kiminsə Cıdır düzündə rəqs etməsinə, kiminsə qoyduğu “nöqtə”yə dözməyib ölümü belə gözaltı etmişdik. “Əsarətin zənciri bərkidikcə, qəzəb çoxalar” demişlər. Qarabağ həsrəti, yurd acısı çoxlarının fikirləşdiyi kimi illər ötdükcə azalmadı, sönməyən qəzəbə çevrilib övladlarla yenidən doğuldu. Qeyrətə çevrilib anaların bətnində körpələrin qanına axdı, qan yaddaşına hopdu. Bax ona görə Qarabağı görməyən gənclik “Qarabağ Azərbaycandır!” deyə döyüşə qalxdı.
Döyüşə qalxdı! İkicə söz! Amma bu iki sözün arxasında belində əsgər yükü, əlində silah dağa dırmanmaq, sürüşüb dərəyə düşmək, yenə dırmanmaq var. Bu iki sözün arxasında öz həyatı bahasına yaralı və ya şəhid yoldaşını özü ilə dartıb aparmaq var. Bir yaralı əsgər deyir ki, ölümdən yayınmağa çalışırdıq ki, yoldaşımıza yük olmayaq. Bu iki sözün arxasında bir daha evə qayıtmamaq, ailəsini, sevdiklərini görməmək var. Bu iki sözün arxasında düşmən gülləsinə tuş gəlmək var. Nəhayət, bu iki sözün arxasında Vətən torpağının azadlığı var, hər kəsə güc verən, hər kəsi pələngə döndərən, kər kəsin cəsarətini birə on artıran VƏTƏN sevgisi, VƏTƏN azadlığı var.
Qurbansız əldə edilə bilməyən azadlıq!
Bax, müharibəyə yollanan o şüvərək, yaraşıqlı oğlan yolda taksini saxlatdırıb şıdırğı oynayanda da, döyüşə gedəndə şirin gülüşü ilə nur çiləyən komandir maşında sevdiyimiz bir mahnını oxuyib “dastana dönəndə” də, bir başqası “anamın gözü görmür, qulağı eşitmir, şəhid olsam bilməyəcək” deyəndə də onlar yollarını dərk edib gedirdilər. Elə 2783 rəqəmi də oradan yarandı. O cəsurluqdan, o milli özəllikdən, o Vətən sevgisindən, o qeyrət, qürur zəminindən!
44 günlük müharibənin “başlandı” sevincindən daha ülvi olan QƏLƏBƏ sevincini bizə yaşadan Azərbaycan əsgəri, Azərbaycan ordusu, Azərbaycan oğulları oldu. Onların başının üstündə Ali Baş Komandan, arxasında Azərbaycan qadını –ANA dayandı. O ana ki, döyüşdə olan övladı üçün təskinlik verənlərə “Deyirik, Qarabağı alaq, torpağımıza dönək! Sənin oğlun getməsin, mənim oğlum getməsin, kim döyüşsün, kim alsın!? Orda şəhidlik də var, qazilik də. Hər ikisi şərəfdir!” deyib dəyanət göstərirdi.
Alqış belə analara!
Bəli, biz sevinc içində kədər yaşadıq!
44 gündən əbədi xatirə qalan 2783 rəqəminin acısını on milyonluq bir cəmiyyət yaşayır. Amma 44 günün bəxş etdiyi sevinci bu cəmiyyətlə yanaşı torpaq, su, hava, hətta payız yarpaqları belə yaşayır. Elə bil o yarpaqlar deyir:
“Azadlığa qovuşmuşuq,
Rəhmət olsun şəhidlərə.
Xəbər verin dost ellərə,
Qonaq gəlsən bu yerlərə.”
QARABAĞ AZƏRBAYCANDIR!