Gülyaz ƏLİYEVA
Hardasa külək əsir, hardasa ağacın son yarpaqlarını atıb-tutur, çığırda-çığırda, budağın göz yaşlarına baxmadan qoparıb aparır amansız payız küləyi qəddarcasına. …Hardasa bu payız sonbaharın aldadıcı günəşinə inanıb bir yasəmən çiçəkləyib. Sonbaharda açılan çiçəklər daha ətirli olur, deyirlər. Son dəfə Ağdamda qapımızın düz ağzında payız fəslində açılan yasəmınimiz kimi… Gözəlliyi göz önümdə, ətri hələ də burnumdadır (səhəri bir qar yağdı ki, qar altında qalan yasəmən elə ağacdaca donub buz heykələ döndü, donmuş yasəmən heykəlinə!). Payız günəşinin aldadıcı ilıq şəfəqləri altında hardasa bir ümid göyərir, bir inam boy atır. Payızda xəzan yarpaqları altından günəşə boylanıb göyərən üstü parlaq mirvarili şehdən şəfəq saçan yumşaq, göy otlar kimi. Sabah yağacaq qardan, qopacaq tufandan xəbərsiz… Hardasa payız günəşinin zərrin şəfəqləri altında parlayan bir çayın sahilində, dağ döşündə, saçlarını külək darayıb kürəyinə dağıtmış bir qız əlində payız çiçəklərindən çələng hörə-hörə həzin səslə oxuyur, pərdədən-pərdəyə adlayır:
Arpa çayı aşdı-daşdı,
Sel Saranı aldı qaşdı.
Ala gözlü, qələm qaşdı,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı…
Gedin deyin Xan Çobana,
Gəlməsin bu il Muğana,
Muğan batdı nahaq qana,
Apardı sellər Saranı ….
Hardasa bütün kainat bu mahnıya qulaq kəsilib, onu dinləyir… Quşlar da, ağac da son yarpaqlar da, yollar da, şəfəq də, üfüq də, yer də, göy də bu mahnının sehrinə düşüb, ona nəfəsçəkmədən qulaq asır… Mahnı qanadlanaraq ərşə, buludlara qədər qalxır. Hardasa bu mahnını eşidən buludlar yaman qaralıb, qaş-qabaq sallayıb, yaman dolub, bir şirin dilə bənddir. Bir dilə bənddir ki, nəyisə bəhanə edib şivən qoparsın, göz yaşlarını axıdıb yüngülləşsin, ürəyini boşaltsin! Hardasa bərk tufan qopub, hardasa leysan yağış yağır, hardasa da bu buludla birlikdə bir qadın ağlayır! Onun da göz buludları qaralıb, ürəyi dolub. Hardasa bir inam yaralanıb, hardasa bir ümid can verir. Hardasa, lap uzaqlarda, hardasa, lap yaxınlarda…
Hardasa!…
Hardasa, yenə yenə güllü yaz gələcək, yenə otlar göyərəcək, yasəmən də elə baharda çiçəkləyəcək, dodaqlarda təbəssüm görünəcək, çöhrələri gülüş bəzəyəcək. Yenə nəğmə səslənəcək, inam, ümid tumurcuqlayacaq və al şəfəqli günəş yenidən doğacaq! …Hardasa lap uzaqlarda, hardasa lap yaxınlarda!
Hardasa yeni bir nəğmə oxunacaq!…Simurq quşunun nəğməsi!