- Dil

Sintaktik bütövlərin qrammatik semantikası

Qəzənfər KAZIMOV, professor

Sintaktik bütövləri təşkil edən cümlələr arasında aşağıdakı mə`na əlaqələri özünü göstərir:

    • Birləşdirmə əlaqəsi;
    • Səbəb-nəticə əlaqəsi;
    • Aydınlaşdırma əlaqəsi;
    • Qarşılaşdırma əlaqəsi;
    • Bölüşdürmə əlaqəsi.

Bu əlaqələr eynilə tabesiz mürəkkəb cümlələrin komponentləri arasında olduğu kimidir.

B i r l ə ş d i r m ə əlaqəsi özünü iki şəkildə göstərir:

a) Mətnin komponentləri zaman eyniliyi əsasında birləşir. Bu cür mətnlərin komponentlərində öz ifadəsini tapan hadisələr vahid zaman kəsiyində baş verir. Məsələn:

Üç gün idi ki, yağış başlamışdı. Bütün göy üzü bulud idi. Amma o buludların səddi-sərhəddini ayırmaq mümkün deyildi. Boz buludlar lap aşağı enmişdi. Narın, kor yağış kəsmək bilmirdi. Yayın quraqlığından çat-çat olub ayrılmış Muğan torpaqları sudan doymurdu. Su dənəvərlənmiş torpaqları elə isladırdı ki, yollar, çöllər keçilməz olmuşdu. Yağış isə kəsmirdi ki, kəsmirdi. (F.Kərimzadə)

Bu sintaktik bütövdə əhatə olunan bütün hadisələr eyni vaxtda – mətnin əvvəlində qeyd edilən üç gün ərzində baş verir. Hətta üçüncü cümlədəki amma sözü də ziddiyyət yarada bilmir: bütün göy üzü buluddursa, təbii ki, onun səddi-sərhəddi bilinməz.

Bu cür mətnlər adətən statik xarakterdə olur.

b) Mətnin komponentləri zaman ardıcıllığı üzrə birləşir. Bu xüsusiyyət daha çox dinamik mətnlərə aiddir. Dinamik mətnlər ardıcıllıq əlaqəsi üzrə qurulur və oxucunu yeni-yeni hadisələrlə tanış edir. Məsələn:

Lələ atdan düşdü, çəkib həyətdəki dirəyə bağladı. Yuxudan hələ də oyanmamış İsmayılı örtüyə bürünmüş vəziyyətdə evə apardı, yerdəki döşəyin üstündə uzadıb üstünü örtəndən sonra qazı Əhməd əyilib işığı İsmayılın sifətinə tutan kimi onu tanıdı. (F.Kərimzadə)

Müşahidə olunan mə`na əlaqələrindən biri də s ə b ə b – n ə t i c ə əlaqəsidir. Komponentlərin biri və ya bir qismi səbəbi, biri və ya bir qismi nəticəni bildirir. Məsələn:

Neçə vaxt idi ki, Qarabağa yağış düşmürdü. Düzənlərin otu qurumuşdu, heyvanlar, atlar otlamağa bir şey tapmırdı. (F.Kərimzadə)

Səbəb-nəticə əlaqəsinə yaxın məqamda bə`zən sintaktik bütövlərin komponentləri arasında a y d ı n l a ş d ı r m a əlaqəsi müşahidə olunur. Bu cür mətnlərin əvvəlində ümumiləşdirici bir cümlə işlənir, sonra gələn cümlələr onun aydınlaşdırılmasına, təfərrüatına səbəb olur. Məsələn:

Anam heç vaxt evdən yaman günlüyü üzməzdi. Bizdən gizli, ərindən ötrü yağ da saxlardı, ərik də. Doşab da qənaət edərdi, bal da. Qənd ehtiyatı da görərdi, xına da. Odun da yandırardı, kömür də. (Ə.Vəliyev)

Bu misalda birinci cümlədən sonrakı nöqtəni qoşa nöqtə ilə, sonrakı nöqtələri nöqtəli vergüllə əvəz etmək olar. Göründüyü kimi, aydınlaşdıran hissə sadalama üsulu ilə qurulmuşdur.

Bə`zən mikrotema ziddiyyətli və ya müqayisəli qarşılaşdırma üzərində qurulur. Bu cür hallarda sintaktik bütöv adətən iki qütbə ayrılır. Məsələn:

Onların məndən iki-üç yaş böyük bir oğlu vardı, özü də ağıldan kəm idi. Onunla oynamaq üçün mən tez-tez onlara qaçardım. Ancaq oğlan mənimlə oynamayıb, qıyıq gözlərilə eyzən boşluğa baxaraq öz-özünə anlaşılmaz sözlər danışardı. (İ.Əfəndiyev)

Belə mətnlərdə müqayisəli və ya ziddiyyətli qarşılaşdırma qarışıq şəkildə ola bilir. Məsələn:

Mina aparmış yerləri tikdilər. Ölməyib sağ qaldım. Evimə qayıtdım. Arvad öldüyümü zənn edib başqasına ərə getmişdi. Mən onu qınamadım. Ancaq üç dəfə üz-üzə gəldik, halımı soruşmadı. Qoltuq ağacına dayanıb yeridiyimi gördüsə də, halıma acımadı. (Ə.Vəliyev)

Mikromətnlərin b ö l ü ş d ü r m ə əlaqəsi əasında qurulduğu hallar da çoxdur. Adətən, bu cür mətnlər bağlayıcıların iştirakı ilə formalaşır. Məsələn:

Bə`zən olur ağacların, yarpaqların söhbətindən

Dinləyirsən asta gələn quldurların səsini sən.

Bə`zən olur bütün gecə yatmayırsan sən bir anlıq

(İşdə, hünər meydanında yaranmışdır qəhrəmanlıq).

Gah da olur ovçu kimi qar üstündə iz alırsan,

Kəsib karvan yollarını nişanını düz alırsan. (S.Vurğun)

Göründüyü kimi, mikromətnin qurulmasında, hadisələrin bölüşdürülməsində bə`zən və gah bağlayıcılarının rolu böyükdür.

Burası da nəzərə alınmalıdır ki, bu cür nisbətən “təmiz” zaman, ardıcıllıq, səbəb-nəticə, aydınlaşdırma, qarşılaşdırma, bölüşdürmə mə’naları ilə yanaşı, qarışıq mə`nalı sintaktik bütövlərə də rast gəlmək mümkündür. Çox zaman səbəb-nəticə və qarşılaşdırma, ardıcıllıq və səbəb-nəticə, qarşılaşdırma və zaman əlaqələri birlikdə özünü göstərir. Bir neçə əlaqənin bir mətndə birləşdiyi hallar da mövcuddur. Məsələn:

Uzun Həsən qalxıb alaçığın dirəyindən asılmış qılıncı götürdü. Dəstəyi ovcunda itdi. Əlini qına atdı. Qılıncı siyirmək istədi. Amma tiyə qından çıxmadı. Bir də güc elədi, yenə çıxmadı. Bu qılıncın tiyəsi yox idi. (F.Kərimzadə)

Bu mətn ardıcıllıq, qarşılaşdırma və səbəb-nəticə əlaqələri əsasında qurulmuşdur.

Şahmar tələsirdi. Nəhayət, vaxt gəlib çatdı, hər şey qaydaya düşdü. Gün qızdı. Qoyunlar kürnəc bağladı. Şahmarın ürəyi bərk döyündü, əlləri əsdi, qəlbi çırpındı. Bunların hamısına baxmayaraq, o, qoyunu sağandan sonra xəncəri qınından çıxarıb hazır saxladı. (Ə.Vəliyev)

Bu mətnin ilk cümlələrində ardıcıllıq, ortada zaman, axırda qarşılaşdırma mə`naları vardır.