- Manşet, Mədəniyyət

Şirin Məlikova: Azərbaycanda ən incə geyimlər Qarabağda olub

2021-ci il avqustun 30-u ölkəmizin ictimai həyatında bir sıra mühüm və əlamətdar hadisələrlə yadda qalacaq. Bu duyğusal, qəlbimizi riqqətə gətirən, uzun illərin ayrılığından sonra xalqımızın mədəni tarixinə qızıl hərflərlə yazılan günlər, bənzərsiz hadisələrdir. Biz tariximizin ən şərəfli dövrünü yaşayırıq. Biz yenidən Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın ürəyi, Vətənimizin ayrılmaz hissəsi, canı, hər birimiz üçün azadlıq rəmzi olan Şuşaya qayıtdıq. 28 il biz bu torpağın həsrətində qaldıq. Azərbaycan xalqının ruhu, döyünən qəlbi, buludlar qoynunda cənnətin bir guşəsini xatırladan, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırılan Şuşa öz qoynunu doğmalarına açıb, sanki gələn qonaqları bağrına basırdı!

Bildiyimiz kimi, Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandalları 600-ə yaxın tarixi memarlıq abidəsini, xalqımızın tarixi-mədəni irsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini və s. yerlə-yeksan etmişlər. Amma müzəffər Ordumuzun Ali Baş Komandanı Prezident İlham Əliyevin “Xarıbülbül” festivalının açılış mərasimində qeyd etdiyi kimi: “Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikovanın “Azərbaycanda ən incə geyimlər Qarabağda olub” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.

Zəfər günündən az vaxt keçməsinə baxmayaraq, artıq Şuşa sürətlə dirçəlir, yenidən öz gözəlliyinə qovuşur. Şuşanın dirçəlməsi üçün dövlətimiz tərəfindən, Heydər Əliyev Fondu tərəfindən əməli addımlar atılır.

Cıdır düzündə Qarabağın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Xarıbülbül” festivalı, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə ucaldılmış böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günləri keçirildi. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, Bülbülün evi bərpa olundu, yenidən muzeyi yaradıldı, “Qarabağ” oteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı.

Vaqif Poeziya Günləri çərçivəsində avqustun 30-da Şuşadakı Yaradıcılıq Mərkəzində “Yaddaş. Fotoqrafik tarix”, Rəsm Qalereyasında “Qarabağ – Azərbaycan mədəniyyətinin incisidir” və Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” adlı sərgilərin açılışı oldu. Bütün bunlar bu müqəddəs torpaqların əsl yiyəsinin, sahibinin kim olduğunu bir daha bütün dünyaya bəyan edir.

“Bu münasibətlə mən bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bildiyimiz kimi, Şuşa ölkəmizə, xalqımıza mədəniyyətin müxtəlif sahələrində görkəmli sənətkarlar bəxş etmişdir. Bu mənada Qarabağ ümumiyyətlə bütün dünyada ən məşhur xalçaçılıq mərkəzlərindən biri kimi tanınır. Xalça sənəti xalqımızın yaradıcılıq irsinin ən parlaq nümunəsidir. O, xalqımızın estetik dünyagörüşünün formalaşmasında, məişətinin təşkilində mühüm rol oynamışdır. Azərbaycan mədəniyyətində xalça sadəcə bir ev bəzək elementi və ya hər hansı bayram və mərasimlərin bir hissəsi deyildi; o, özündə bir-birini əvəz edən tarixi dövr və üslubların çoxsaylı mədəni laylarını cəmləşdirərək bədii zövqün və mentalitetin özünəməxsusluğunu əks etdirir. Azərbaycan xalqı həyatını xalçasız təsəvvür etmir və onunla bağlı bir çox ənənələr bizim günümüzə qədər qorunub saxlanılmışdır. Xalça üzərində dünyaya göz açır, ilk addımlarımızı atır, xalçaların əhatəsində yaşayır və xalça üzərində insan son mənzilə yola salınırdı.

Məhz buna görə də dünyada ilk xalça muzeyinin Azərbaycanda yaradılması qanunauyğun idi. Yarandığı gündən etibarən muzey dünyanın ən zəngin Azərbaycan xalçaları kolleksiyasına malik mədəniyyət ocağıdır.

Onun yaradılması, fondunun komplektləşdirilməsi və dünya muzeyləri ilə beynəlxalq əlaqələrin qurulmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xüsusi rolu olmuşdur. Ulu Öndərin sərəncamları əsasında muzey kolleksiyasının zənginləşdirilməsi məqsədilə hər il dövlət büdcəsindən əsaslı vəsaitlər ayrılmışdır.

Bu gün də həmin mütərəqqi siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilərək həyata keçirilir.

Muzeyimizin Bakının simvollarından birinə çevrilmiş binasının tikintisi, xalça və kəlağayı sənətlərinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi həm dövlətimizin, həm Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyət sahəsində uğurlu fəaliyyətinin nəticəsidir. Son illər Fond tərəfindən dünya miqyaslı nadir sənət əsərlərinin, o cümlədən XVII əsr Qarabağ saray xalçalarını alaraq muzeyə bağışlanması da mühüm mədəni əhəmiyyətə malik hadisədir.

Qeyd edim ki, məhz Qarabağda toxunan xalçalar dünyada yüksək qiymətləndirilir və bu günə qədər hərraclarda ən çox satılan, özəl və muzey kolleksiyalarını bəzəyən toplanan nümunələrdir. Azərbaycan mədəniyyətinin dünyada elçiləri olan Qarabağ xalçaları bu gün ən iri muzeylərin ekspozisiyalarını bəzəyir.

Bu gün insanların qayıtması ilə yanaşı, Qarabağ xalçatoxuma ənənələrinin qayıtması – mədəniyyətimizin burada dirçəlməsi deməkdir. Bu faktor ölkəmiz üçün böyük tarixi əhəmiyyətə malikdir.

Bir qədər də “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” adlı sərgimiz haqqında danışmaq istərdim. Sərginin adı bizim üçün çox simvolikdir.

Heydər Əliyev Fondu tərəfindən bərpa və təmir olunaraq yaradılan Xalçaçılıq Qalereyasında Fondun təşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyinin təqdim etdiyi sərgidəki eksponatların əksəriyyəti vaxtilə Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında nümayiş olunmuşdur. Filial 1987-ci ildən

Mehmandarovların imarətində fəaliyyət göstərmiş, 1992-ci ildə Şuşanın işğalından bir neçə ay öncə buradakı eksponatlar xilas olunaraq təxliyə olunmuş və bu günə qədər Bakıdakı muzeydə sərgilənirdilər. Bu səbəbdən biz məhz bu günü, yəni eksponatların tarixi vətəninə qayıtmasını illərlə intizarla gözləmişik.

Sərgidə Qarabağın ən gözəl xalçaçılıq ənənələrini parlaq şəkildə əks etdirən nümunələr nümayiş olunur. Bu həm füsunkar gözəlliyi, mükəmməl kompozisiyası, rəngarəng koloriti və iri ölçüləri ilə məşhur olan əsrarəngiz saray xalçaları, həm də maldarlıqla məşğul olan tayfaların dünyagörüşünü özündə əks etdirən dərin semantikaya malik autentik xalçalar, həm də şəhər mədəniyyətini özündə əks etdirən süjetli xalçalar nümayiş olunur. Onlara vərni, zili kimi mükəmməl xovsuz xalçalar, “Çələbi”, “Ləmpə”, “Malıbəyli”, “Qasımuşağı”, “Əyan məclisi” və s. kimi məşhur xovlu xalçalar aiddir. İri ölçüsü, mükəmməl kompozisiya quruluşu və əlvan koloriti ilə “Ləmpə” dəst xalı-gəbəsi Şuşa ab-havasını, cah-cəlalını özündə yaşadan, xüsusi maraq doğuran eksponatlardandır. Təqdim etdiyimiz və ümumilikdə 35 eksponatdan ibarət sərgidə xovlu və xovsuz xalçalarla yanaşı, o dövrdə insanların məişətində mühüm yer tutan xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri də nümayiş olunur. Sərgilənən Qarabağ tipli hər iki milli geyim dəsti öz zərifliyi və incəliyi ilə seçilir. Ümumiyyətlə, Azərbaycanda ən incə geyimlər Qarabağda olub.

Nümayiş olunan qoşa tikmə panno təkəlduz texnikasında məxmər üzərində ipək saplarla işlənilib. Beləliklə, “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi qədim torpağın ruhunu, əsrlərlə burada yaşayıb-yaradan insanların həyat və məişətini, estetik zövqünü, sənətkarların bədii dünyagörüşünü duymağa, həmin tarixi dövrlərə səyahət etməyə imkan yaradır.