Sivil cəmiyyət adlandırdığımız ictimai birliyin tarixi çox qədimdir. Çox qədim zamanlarda insanlar da heyvanlar kimi vəhşi təbiətdə yaşayır, danışa bilmir və nə tapırdılarsa onunla qidalanırdılar.
Daha sonra insan od əldə etməyi və əmək alətləri hazırlamağı, ov etməyi öyrəndi. Artıq o, gil qablar hazırlayır, həmin qablarda yemək bişirir və qəbilə şəklində yaşayırdı. İnkişafının barbarlıq adlanan növbəti mərhələsində insanlar artıq əkib-becərməyi və heyvanları əhliləşdirməyi öyrəndilər. Mis və dəmir kimi metallar əldə etdilər. Bu metallardan hazırlanmış əmək və ov alətləri daha möhkəm və davamlı idi.
Qayalar üzərində rəsmlərin çəkilməsi barbarlıq dövrünün sonu, yazının kəşfi isə sivilizasiyanın başlanğıcı hesab olunur. Çünki bu kəşf nəticəsində insan hər hansı fikri, hadisəni, düşüncəni qeydə alaraq gələcək nəsillərə ötürə bilirdi. Bu, təxminən 5-6 min il əvvəl baş verib.
Yenə illər, on illər, yüz illər keçdi. İnsanlar kənd təsərrüfatı və istehsal sahəsini inkişaf etdirərək artıq kəndlər və şəhərlər salmağa başladılar. İdarəçilik sistemi, ticarət, qanunlar, hətta miqrasiya yarandı.
Ən qədim sivilizasiyalar Misir və Babil sivilizasiyalarıdır. Misirlilər təxminən 4500 il əvvəl yazını kəşf ediblər. Onların özünəməxsus idarəçilik sistemi, riyazi hesablama qaydaları və təqvimi vardı.
Daha sonra Dəclə və Fərat çayları arasında yerləşən ərazidə Şumer, 4000 il əvvəl isə Krit adasında yeni sivilizasiyalar yarandı.
portal.azertag.az