- Dil

Şıxəli Qurbanov küçəsinin dil mənzərəsi

Dil xalqın dəyəri, millətin varlığının əsas göstəricisidir. Bu dəyərə dəyər vermək, onu qiymətləndirmək və qorumaq vəzifəsi də xalqın öz üzərinə düşür. Ötən əsrin əvvəllərində Firidun bəy Köçərli  “Molla Nəsrəddin” jurnalında yazırdı: “Ana dili millətin mənəvi diriliyidir… Ananın südü bədənin mayası olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını sevdiyi kimi, ana dilini də sevməlidir”. Görkəmli rus yazıçısı və pedaqoqu A. Uşinski dil haqqında fikirlərini çox gözəl ifadə edib: “Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar, ancaq dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər-əlamət qalmaz”. 

“Molla Nəsrəddin”çi  şairlırimizdən olan  Əli Nəzmi də Mirzə Cəlil kimi doğma dilimizi korlayanlara qarşı üsyan edirdi. Şeirlərindən birində öz dilimiz var ikən başqa dillərdən istifadə etməyin əleyhinə olduğunu deyir və başqa dillərdən istifadə edənlərə qarşı etirazını bildirirdi: Dil var ikən gəlin lisan deməyək, Döndərib farscaya zəban deməyək, Hər kəsin var ikən dili, ağızı, Ağıza and içək, dəhan deməyək… “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi Bakıda və ölkənin digər ərazilərində ticarət, ictimai iaşə və digər xidmət obyektlərinin dövlət dili haqqında qanuna necə əməl edilməsini yoxlamaq üçün monitorinqlərini davam etdirir. Növbəti monitorinq Bakının Şıxəli Qurbanov küçəsindən keçirilib. Təəssüf ki, bu küçə də “imtahandan” müsbət nəticə əldə edə bilməyib. Çünki ərazidəki obyektlərin ad və reklam lövhələrinin əksəriyyətində ya ana dilimizdə bir kəlmə də yoxdur, ya da ədəbi dil normaları pozulub. Onları sizin də diqqətinizə çatdırmaq istəyirik:

1.NUSH Cake House 2.Telefon Təmiri. Alışı və Satışı Proqram Təminatı Aksesuarlar  (Bu yazını ana dilində görəndə sevinsək də, dil qaydasının kobud şəkildə  pozulduğunu  görəndə sevinc də yox oldu . “Telefon” sözündən başqa, digər sözlər kiçik hərflə yazılmalı, aralarında vergül işarələri qoyulmalı idi). 3.İnwool (?) 4.Muslim shop 5.Business lunch Yemək + Qarnir + Salat 6.İSTANBUL CAFE & RESTAURANT KEBAB 7. ALİ USTA RESTAURANT 8. YOL ÜSTÜ FAST FOOD 9. ELİDA PARFUM 10. Occhi optic 11.LADY 5 XL. Yaxşı ki, bunun ardınca ana dilimizdə yazılmış “Böyük ölçüdə qadın geyimləri” sözləri də gözümüzə dəydi. 12. BORANI RESTAURANT. Boranı boranıdır, bəs restaurant nədir 13. Bahar STORE . 14.PAPATYA Yeni Kolleksiya 15. Pink 16.Nizami mall 17. MAGNOLİA’S SECRETGül SaLONU – burada isə adın bir hissəsi öz dilimizdə yazılsa da, yazılış bərbaddır: “salonu” sözünün yazılışında bir hərf kiçik, digərləri böyük hərflə yazılıb 18. BRAND SHOE 19. SERVIS LINK 20. SHImAnO 21. molekul apteklər şəbəkəsi – burada isə birinci sözün də baş hərfi kiçiklə yazılıb 22. GO men 23. WENTTO ELECTRONİC 24. 3MONO CAKE 25. İPHONE STORE 26. GREYA COLLECTION 27.BRAWO MENS STYLE 28.Grandmart Ancaq xarici dildə yazılmış müxtəlif sözlər: coffee milk espresso cappuccino beverage hot və s. 29. Fresh AZCAKE – buradakı, yəqin ki, “Azərbaycan” sözünün qısaldılmış şəklidir və Azərbaycan keksi, şirniyyatı mənası ifadə edilib. Böyük irəliləyişdir.. 30. FRAGRANTİCA BAKU 31. Lilly Lingerie – dilimizdən əsər-əlamət yoxdur 32. AFİQ Optik Mütəxəssis 33.KEBAB HOUSE 34. D & P perfumu 35. PASHA GAME CENTER

Bunlar şəhərin yalnız bir küçəsində aparılan yoxlamanın nəticəsidir. Bəlkə, bizim xəbərimiz yoxdur, bəlkə, biz öz Vətənimizdə qonağıq?! Bəlkə, Bakı bizim deyil? Hətta uşaqları belə maraqlandıran və onların mənə verdiyi bir sualı mən də sizə vermək istəyirəm: görəsən, bura Azərbaycandır, yoxsa hansısa xarici ölkə?

Qeyd: “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR Qanununa əsasən (maddə  7.1.), Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Monitorinq bir daha göstərdi ki, Azərbaycan dilinin dövlət dili kimi maneəsiz inkişafı ilə bağlı üzərinə konkret öhdəliklər düşən strukturlar öz vəzifəsini yaxşı icra etmir. 

Pərvanə O-nurlu