- Köşə

Sizif öləndə gülürdü

Sizifə yazığınız gəlməsin. O, ən şanslı məhkum idi. Əməyə məhkum edilmişdi Sizif. Təbii ki, onun əməyi faydasız idi, amma tanrılar Sizifi ölümə də məhkum edə bilərdilər. Ölüm cəzası, əslinə qalarsa, çox yüngül bir cəzadır. Hər birimizin ölümə ehtiyacı var. Bir növ iztirablardan qurtuluş yoludur ölüm. Hətta, bəzən bəzi insanlar üçün ölüm mükafatdır.

Sizif tanrılar haqqında çox şey bilirdi. Qəbul etmək lazımdır ki, insanlığın ən böyük ərdəmi, eyni zamanda ən böyük “günah”ı bilməkdir. Qatillər insanları öldürdüyü üçün deyil, onları necə öldürə biləcəklərini bildikləri üçün günahkardırlar. Eyni zamanda, həkimlər də xəstələri necə müalicə edə biləcəklərini bildikləri üçün ali şəxslərdir. Anlamaq lazımdır ki, Sizif bilməyinin cəzasını çəkirdi, bilməməli olduğunu bilməyinin cəzasını.

Açıq danışaq. Mən Sizifi qısqanıram. Ömrünün böyük bir qismini çox mənalı şəkildə yaşayıb. Sizif axmaq deyildi. O bilirdi ki, heç vaxt qayanı təpənin başına çıxara bilməyəcək, amma yenə də təslim olmurdu. Əslində, həyat da belədir. Heç vaxt xoşbəxt olmayacağıq. Keçici zövqlər körpə uşaq kimi bizi bir-birinin qucağına atır. Düzü, məsələ xoşbəxt olmamaq deyil. Problem “xoşbəxtlik” deyilən bir şeyin olmamasıdır. “Xoşbəxtlik” deyə anlandırdığımız şey keçici zövqlərin öz arasında vəhdət yaratmasıdır. Sizifin zövq aldığı şey keçici deyildi, çünki onun həyatının mənası buna bağlı idi. Möcüzə gözləyirdi Sizif, bəlkə də. Bəli, əsas əldə etdiyimiz deyil, istəyimizə çatmaq üçün verdiyimiz mübarizə, tökdüyümüz qan, tər və göz yaşıdır. Həyatda xoşbəxtlik axtarışında olarkən etdiyimiz kimi.

Bunları ona görə yazıram ki, bu gecə yuxumda Sizifi gördüm. Dağdan yıxılmışdı və qayanın altında qalmışdı. Son nəfəsində o mənim qollarımda idi. Eşidin ay camaat, yaşamağa, həyat üçün mübarizə aparmağa dəyər. Sizif öləndə gülürdü.

Turqut Nəhmətli, 9-cu sinif şagirdi