- Köşə

Sklerozun xatirələri

 

Bir köhnə tanışım var, kolleqadı. Ötən ay metroda rast-laşdıq. Yaxşı uşaqdı, sadəcə, adı yadımdan çıxıb. Bircə onu bilirəm ki, adı təbiət mənşəlidir. Əgər gül mənşəlidirsə, ya Lalədir, ya Süsən, ya Qərənfildi, ya Nərgiz, ya da uzağı Kövkəb və ya Yasəmən. Fauna mənşəlidirsə, ya Ceyrandı, ya Sona və ya Kəklik, yox əgər astronomik mənşəlidirsə, ya Aygündü, ya Ülkər, ya Zöhrə, ya da Ütarid… Yox, Ütarid ola bilməz…. Nə fərqi var? Xülasə. Xoş-beş-on beş. Bir qədər söhbətləşdik.

Sonra söz qurtardı. Qız başladı jaketinin ətəyindəki saçağı dartışdırmağa. Ərklə əlinin üstünə vurdum ki, yekə qızsan, ayıbdı, camaat baxır. Yadımdan çıxıb, ya mən onun əlinin üstü-nə vurdum, ya da mən onun jaketinin ətəyindəki saçağı dartış-dırırdım, o, mənim əlimin üstünə vurdu. Hər nəsə. Vaqonda üzbəüzdə bir qoca kişi ilə qoca arvad qəzəblə bizə baxırdı. İmanımı yandıra bilmərəm, ya onlar qəzəblə bizə baxırdı, ya da biz onlara qəzəblə baxırdıq. Xülasə, qatar tunelin ortasında dayandı və motoru söndürdülər. Aralığa bir sükut çökdü. Vaxtı öldürmək üçün buna şeir dedim:

Alma çiçəkləri yadındadımı,
Çiyninə əyilən budaqlar necə?

Yox, bu mənim şeirim deyil və demədim, vaxt da özü öldü… Qatar onun stansiyasına çatdı və vidalaşıb getdi.

O gün Ay Üzlüm (mən onu həmişə nəvazişlə belə adlandırıram) zəng eləmişdi. Yadımdan çıxıb, hansı rayon-dandı. Ya şimal zonasındandı – hər dəfə rayona gedəndə mənə Qızıləhmədi alması gətirir, deyir ki, bu, dünyanın ən yaxşı almasıdı. Ya da Cənub zonasındandı – hər dəfə rayondan ləvəngi gətirir. Ya da Aran zonasındandı və oradan ekzotik nəsə gətirir. Ya da Naxçıvandandı – hər dəfə mənə duz gətirir, deyir başına dola, ocağa at – bu duz bəd nəzərin qənimidi.

Əlqərəz, başladıq telefonla bayramlaşmağa. Dünyanın ən gözəl arzularını “bahəm”lə barter elədik. Sonra mən bayram öncəsi gördüyüm yuxunu ona danışdım. Dedim, o gecə qara qayğulu vaqiə görmüşəm. Killerlər üstümə cumur gördüm, bıcağı sinəmə saplayırlar gördüm, qanım şəlalə kimi fışqırır gördüm… Bıçağı yan-yana, paralel şəkildə vurduqlarını deyəndə Ağıl Dəryam (mən onu həmişə nəvazişlə belə adlan-dırıram) dedi ki, bu, yaxşıdı, 2017-ci ildə işlərin rəvan və simmetrik gedəcək. Qan qovuşuqdu dedi. “Killer gədənin biri bıçağı asimmetrik vurdu”, – deyəndə sözümü kəsib killeri qarğadı: “Görüm onun əli quruyaydı, yaramaz oğlu yaramaz, gözü qarov idi?”. Sonra mənə irad tutub dedi ki, artıq yuxu-ların da siyasiləşib, özünü qoru, filan. Yuxuda yazdığım şeiri oxudum. xoşuna gəldi və Şirin Dillim (mən onu həmişə nəvazişlə belə adlandırıram) təklif etdi ki, şeirləşək və aldı görək, o, nə dedi:

Bəsdi qürurlandığın millət üçün yanmısan,
Dəxli nədi saf olub, hər kəsi saf sanmısan?
Hər sözə aldanmısan, hər kəsə aldanmısan,
Xainə aldanmısan, nakəsə aldanmısan,
Sən bu qürurun ilə Rüstəmi-dastanmısan?
Cındırıva bax da gör: sən də bir insanmısan?…

Ay ləli yar, ləli yar, ləli,
Sən dəlisən, dəlisən, dəli…

Aldım görək, mən nə dedim:

Kim bulara can deyir, bağları, bostanı var,
Bilgədə seyrangahı, Qaxda gülüstanı var,
Novxanıda bağ evi – dəryaya eyvanı var,
Cərgə ilə palması; timsahı, ceyranı var,
Hər şəhərdə bir dənə sərvi-xuramanı var,
Sexləri, obyektləri, marketü dükkanı var…

Ay ləli yar, ləli yar, ləli,
Sən dəlisən, dəlisən, dəli…

Aldı görək, o, nə dedi:

Hər şeyə nöqsan demək səndə keçib vərdişə,
Təkbaşına bir nəfər neyləyəcək gərdişə?
Şeytana mömin demək ən dividendli peşə,
Dəxi dolanmaq üçün olmayacaq əndişə,
Zənbili at maşina, ət-balıq al biş-düşə,
“Mersedes”i qoy evə, “Nissan”ı sür Qəçrəşə…
“Fanta”ları qoy suya, tikələri çək şişə…

Ay ləli yar, ləli yar, ləli,
Sən dəlisən, dəlisən, dəli…

Aldım görək, mən nə dedim:

Petrolu burdan gedir, ət-yağı burdan gəlir,
İkrası burdan gedir, daylağı burdan gəlir,
İstəyi şeytanidir, təşviqi gordan gəlir,
Hökmü inəklər verir, qanunu “vor”dan gəlir,
Messi yenə qol vurub, top yenə tordan gəlir,
Nəğmə düşüb könlümə, cilvə majordan gəlir,
Ağzını aç-yum, yetər, səs monitordan gəlir,
“Məclisi-üns” üzvüyəm, ilhamım ORDAN gəlir…

Ay ləli yar, ləli yar, ləli,
Sən dəlisən, dəlisən, dəli…

Ahu gözlüm (mən onu həmişə nəvazişlə belə adlan-dırıram) təslim oldu və sözünü mənim kimi mahnıyla bitirib xudahafizləşdi:

Pəncərəni bağlama, ay ləli, qurbanın olum,
Mən gedirəm, ağlama, ləli yar, ləli…

Nöş ağlayıram? Genə rayonlarına gedir. Hansına? Bilmirəm. Qızıləhmədi alması gətirsə, demək, şimaldandı, yox, ləvəngi gətirsə, cənubdandı, əgər qaşqaldaq gətirsə, aranlıdı… Yaxşı uşaqdı, göz dəyməsin, gedim şəklinin başına duz çevirim…

P.S. Həmkarımdı yazdım, amma unutmuşam nə iş sahibi olduğumuzu. Bircə onu bilirəm ki, əgər mən müxbirəmsə, o, müxbirədi, müəlliməmsə, müəllimədi, sürücüyəmsə, süranədi…