Yüz ildən artıqdır ki, xalqımız işıqlı Novruz bayramımdan dərhal sonra tariximizin çox acı və kədərli səhifələrini – 1918-ci ilin kütləvi qırğınları – qeyd edir, o faciələrin qurbanı olmuş insanların xatirəsini anır, o ağır günləri yaşamış və bəzən birbaşa iştirakçısı olmuş tanınmış şəxsiyyətlərin mövqelərini araşdırıb qiymətləndirməyə çalışır. Bu mövzunun tədqiqatçılarından biri kimi həmin hadisələrə istər öz zamanında, istərsə də sonralar ziddiyyətli münasibəti ilə seçilən çox maraqlı və müəmmalı bir tarixi şəxs haqqında söhbət açmaq istərdim. 1918-ci il qırğınlarının yalnız sıravi vətəndaşların deyil, siyasi xadimlərin həyatında da dərin izlər buraxdığını, baxacağımız nümunədə hətta qara səhifələr yazdığını göstərməklə, bu “izlərin” həmin şəxsi ömrünün sonlarına qədər necə izlədiyini açıqlamaq söhbətimizin ən pik nöqtəsi olacaq. Haqqında danışacağımız şəxs, artıq sərlövhədən aydın olduğu kimi, Mir Cəfər Bağırovdur.
Mir Cəfər Bağırov 1918-ci il müsəlman əhalisinin kütləvi qırğınları zamanı harada idi ?
Azərbaycanın gələcək “Sahibi”, 20 il (1933-1953) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Mir Cəfər Bağırov Qubada doğulmuşdu, burada oxumuş, işləmiş və karyerasının ilkin addımlarını da bu şəhərdə atmışdı. Odur ki, bir qubalı olmaqla, öz iradəsi iləmi, yaxud yaranmış şəraitin hökmü ilə, hər halda 1918-ci ildə məhz Quba hadisələrinin kifayət qədər tanınmış iştirakçılarından biri kimi çıxış etmişdir. Lakin onun adı, gözlənilənin əksinə olaraq, Qubanın irticaya məruz qalmış və müdafiə olunmuş sakinləri, ya başçıları arasında deyil, işğalçı qüvvələr yanında çəkilir və beləliklə, dərhal öz kiçik vətənində qınaq mənbəyinə çevrilir. Belə ki, həmin hadisələri araşdırmış Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində həm qubalılar, həm də Qubaya ilk daxil olmuş bolşevik dəstəsinin rəhbəri gürcü Gelovani tərəfindən Mir Cəfər Bağırov “bolşevik”, “qubalı qatı bolşevik”, “yerli bolşevik” kimi dəfələrlə xatırlanır.
Təbii ki, bu məqam öz “kadrlarının” keçmişinə çox ciddi yanaşan kommunist hakimiyyətinin diqqətindən yayındırıla bilməzdi və əksinə, onun vurğulanması gənc bolşevikin karyerasına birmənalı müsbət təsir göstərməli idi. Lakin faktın özü – həmyerlilərinin kütləvi qırğınlarında iştirakı, görünür ki, hətta öz zamanında Mir Cəfər Bağırov üçün həssas məsələ olmuşdur. Təsadüfi deyil ki, o, hələ 1923-cü ildə, Az.SSR DİK Dövlət Siyasət İdarəsinin sədri olduğu zaman yazdığı tərcümeyi-halında Quba qırğınları ərəfəsində və həmin günlərdə baş verən hadisələrə toxunmuş, o cümlədən onu talançıların düşərgəsinə gətirib çıxaran səbəbləri bəraətləndirici tonda açıqlamağa çalışmışdır.
Əvvəlcədən vurğulayaq ki, Quba səhifələri Bağırovun tərcümeyi-halının, demək olar ki, ən dolaşıq, bir çox hallarda onun özü tərəfindən dolaşdırılmış hissəsi olmaqla bu tarixi şəxsiyyətin həyatında hətta dövrün ideologiyası baxımından belə “işıqlı”, yaxud “şərəfli” hesab edilə bilməz. Və sözsüz ki, Mir Cəfər Bağırovun özünün söz açdığı bir çox məqamlar həqiqətə, və ya digər sənədlərdən məlum olan hadisələrə uyğun gəlmir, yaxud onlarla ziddiyyət təşkil edirdi. Lakin, onun bolşevik kimi siyasi karyerasının ilk dövrünün özü tərəfindən parlaq boyalarla təsvir edilən və çox zaman həqiqətdən uzaq detallarına varmadan, birmənalı vurğulanmalıdır ki, Quba hadisələri başlananda Mir Cəfər Bağırov artıq bolşeviklərlə birgə idi. Əgər həmin sənəddən, yəni Bağırovun özü tərəfindən yazılan tərcümeyi-halından çıxış edilərsə, Qubada hakimiyyətin, Gelovani başda olmaqla, ələ keçirilməsi cəhdinin təşəbbüskarı da az qala Bağırov olmuşdur.
Burada kiçik bir haşiyə çıxaraq həmin dövr Qubadakı vəziyyətə nəzər salaq. 1917-ci ilin fevralından, yəni Rusiya monarxiyası devriləndən sonra Quba Qəzası qəza komissarı Əli bəy Zizikski, eləcə də yerli icmaların (müsəlman, rus və yəhudi) nüfuzlu nümayəndələrindən ibarət idarəetmə qurumlarının hakimiyyəti altında idi və yalnız Zaqafqaziya hökumətini tanıyırdı. Bakıda hakimiyyəti ələ keçirmiş Bakı Soveti təbii ki, bolşevikləri qəbul etməyən bu qəzadakı vəziyyətdən və onun müxtəlif bölgələrində (Xaçmaz, Dəvəçi, Qusar) çoxsaylı silahlı birləşmələrin olduğundan xəbərdar idi. 1918-ci ilin Mart hadisələrindən dərhal sonra Əli bəy Zizikskinin və dağıstanlı Nəcməddin Qosinskinin silahlı dəstələri hətta Bakının xilası üçün şəhərə yürüş etmiş və Xırdalan ətrafında bolşevik qüvvələri ilə döyüşlər aparırdı. Mir Cəfər Bağırov həmin dövrü nəzərdə tutaraq öz tərcümeyi-halında yazır:
“Mənim qarşımda nə olursa olsun Bakıya çatmaq, Quba qəzasında olan vəziyyəti təfsilatı ilə təsvir etmək və hakimiyyəti ələ keçirmək üçün sanksiya tələb etmək vəzifəsi dururdu, lakin bu vəzifə çox çətin idi və az qalmışdı ki, mən, bunun üçün həyatımla cavab verim. Onda mən, geriyə, Qubaya qayıtmaq və mərkəzin heç bir xəbəri olmadan, hakimiyyəti ələ keçirmək qərarına gəldim. Fikirləşdim ki, sonradan öz yoldaşlarım qarşısında məsuliyyət daşımaq Zizikskiyə və Qosinskiyə Bakıdan geri qayıdarkən Quba qəzasında öz mövqelərini möhkəmlətməyə imkan verməkdən daha yaxşıdır. Mən belə də etdim. Amma, elə həmin gün Bakıya teleqram vurdum və bu hadisə Bakı quberniyasında vətəndaş müharibəsinin ümumi gedişatına kömək etdi. Belə ki, Zizikski Quba qəzasında nəinki möhkəmlənə, hətta orada burnunu belə göstərə bilmədi və Qosinski ilə birlikdə Dağıstana qaçdı, orada yeni qüvvələr toplayaraq Qubaya may hücumuna hazırlaşmağa başladı. Bakı və Qızıl Burun arasında yol açılan kimi mən dərhal Georgiy Sturua, Artak (Stambulyants) və Barski yoldaşların şəxsində Bakı Qızıl qvardiyasının avanqardı ilə əlaqə saxladım və onlara hər şeyi olduğu kimi geniş təsvir etdim və onlar mənə məsləhət gördülər ki, Mərkəzin nümayəndəsi kimi Gelovani adlı bir nəfəri Quba qəzasına aparım”.
Bolşevik Mərkəzin Quba qəzası ilə bağlı siyasəti əvvəldən fərqli idi. Qəzada çox saylı hərbi dəstələr, xüsusilə döyüşkən ləzgi əhalisinin tam silahlı olması, Dağıstanın yaxınlığı bir tərəfdən, Bakı və Şamaxıdan fərqli olaraq Qubada azsaylı erməni əhalisinin bolşevik-erməni hərbi qüvvələrinə dəstək vermək qüdrətində olmadığı və, ümumən qəzanın poli-etnik tərkibi digər tərəfdən, Bakı Sovetini bu qəzanın sovetləşdilməsinin başqa yollarını axtarmağa sövq edirdi. Odur ki, Bakı XK Soveti qubalıları sülh yolu ilə ələ almağa qərar verir və bu məqsəd – bolşeviklərin hakimiyyətini könüllü tanımaq təklif-ultimatumunu çatdırmaq üçün Bakı bolşeviklərinin siyasi dairələrində tamamilə təsadüfi adam olan Gelovani adlı bir şəxs seçilir. 30 yaşlı, gürcü knyaz nəslindən, sosial-demokrat-menşevik, Moskva tibb institutunun keçmiş tələbəsi, siyasi məhbus kimi sürgündən azad olduqdan sonra Bakıya qohumlarının yanına gəlmiş və burada ilişib qalmış David Gelovani gürcü Caparidze vasitəsilə yenicə “milis müvəkkili” vəzifəsinə təyin edilmişdi və az sonra Xaçmaz dəmir yolu ilə hərəkət edən 2 minlik əsgər eşelonunun başında Qubaya göndərilir.
Qubalılar, sözsüz ki, Bakı və Şamaxıda baş verən qırğınlardan xəbərdar idilər. Bakıda erməni, o cümlədən yerli ermənilərin vəhşiliklərindən xilas olmuş bir çox qubalı ailələr Qubaya qayıtmış və çox mətləbləri yerlilərinə anlatmışdılar. Həmin hadisələrin Qubada təkrarının qarşısını almaq üçün burada hətta yerli erməni əhalisini “zərərsizləşdirmək”, digər tərəfdən də onların təhlükəsizliyini təmin etmək (erməni evlərinə hücumlar başlamışdı) məqsədilə bir qədər əcaib tədbirlər də görülmüşdü: erməni əhalisinin böyük hissəsi şəhər həbsxanasında yerləşdirilmişdi və qubalılar bu “məhbusları” yaxşıca yedirdir, qonşuları onlara baş çəkir, evlərindən və əmlaklarından muğayat olurdular. Aprelin əvvəllərində, kiçik hərbi qüvvə və köməkçisi M.C.Bağırov ilə Qubaya gələn Gelovani məhz bu şəraitlə üzləşir, şəhər əhalisinin kifayət qədər dinc rəftarı qarşısında erməniləri həbsxanadan buraxdırır, ultimatumunu təqdim edir və onun qəbulu üçün qubalılara 2 saat vaxt verir.
Bakı və Şamaxı hadisələrindən qorxmuş və “imtina edildiyi halda şəhər yerlə-yeksan ediləcək” hədəsi ilə düşünməyə cəmi 2 saat icazəsi olan qubalıların beynəlmiləl nümayəndə heyəti (müsəlman, rus, yəhudi), bununla belə Gelavani ilə danışıqlara girir, “bolşevik nəzəriyyəsini” öyrənmək və onun “özləri üçün nə qədər münasib olduğunu aydınlaşdırmaq” üçün izafə vaxt istəyir. Əvvəlcə bu xahişi anlaşıqlı qarşılayan Gelavaninin 2 gündən sonra hövsələsi tükənir, yerli sakinlərin bolşevik hakimiyyətini könüllü tanımasını gözləmədən 180 nəfər silahlı əsgərlə bir də şəhərə girib ultimatumunu təkrar edir. Qubalıların şahidliyinə görə, bu tələb-ultimatum elan edildiyi zaman, “Quba müsəlmanı, qatı bolşevik” Mir Cəfər Bağırov da Gelovani və “iki yəhudi” ilə birlikdə öz həmyerlilərinin qarşısında dayanmışdı.
Bu dəfə hansı cavab veriləcəyi şübhə doğurmur: ultimatum qəbul olunur və qubalılar düz 8 gün Sovet hakimiyyəti altında yaşayırlar. Bakı qəzetləri dərhal Quba şəhər meydanında təntənəli surətdə Sovet hakimiyyətinin elan olunduğunu və “zəhmətkeşlərin bu hadisəni böyük ruh yüksəkliyi ilə qarşıladığını” qeyd edirlər. Gelavani Qəza komissarı, M.C.Bağırov onun müavini təyin olunurlar. Bağırovun öz şəhadətinə görə, o, Gelovani ilə birlikdə Quba şəhərində və yaxın kəndlərdə inqilab komitələri-revkomlar təşkil edir, “normal qayda-qanun yaradır”, qəza idarələrini ələ keçirir, yerli Qızıl Qvardiya yaratmağa başlayır, Oqanezovun başçılıq etdiyi hərbi dəstələri qəzaya çağırtdırır.
Gelavani-Bağırovun başçılığı ilə Sovet hakimiyyətinin Qubada hələ nə qədər davam edə biləcəyini söyləmək mümkün deyil, çünki tarixən yaranmış ənənəyə uyğun olaraq, yenə də dağlılar – bu hakimiyyəti tanımayan ətraf kəndlərin ləzgi əhalisi hadisələrə müdaxilə edir. 9-cu gün şəhərə silahlı hücum başlanır, Xaçmazdan gələn və yalnız ermənilərdən ibarət 150 nəfərlik “qırmızı” qüvvələrlə üç günlük şiddətli döyüşlərdən sonra ləzgi dəstələri bolşeviklərin “ilk komandasını” Qubadan qovub çıxarır və beləliklə Quba qəzasında Sovet hakimiyyətinin qurulması tədbirlərinə son qoyur. Mir Cəfər Bağırov da Gelavani ilə birlikdə Qubanı tərk edir.
Lakin burada bir məqama diqqət yetirilməlidir. Yekdilliklə şəhərə “qonşu kəndlərdən ləzgilərin” girdiyini göstərən qubalılardan fərqli olaraq, M.C.Bağırov “Qubaya hücumun” təşkilatçısı kimi konkret şəxsin – məhz Əli bəy Zizikskinin adını çəkir. O, həm də 3 günlük döyüş ərzində həlak olanların sayı haqqında məlumat verir: “200-ə yaxın öldürülmüş döyüşçü və təxminən 1500-ə qədər doğranmış və çapılmış tamamilə günahsız dinc əhali (müsəlman, rus, erməni, yəhudi və sair)”. Bu rəqəmlər Quba şəhər başçısı Əli Abbas bəy Əlibəyovun göstərdiyi rəqəmlərdən çox fərqlənir: 200 nəfər ləzgi, 70 nəfər dinc əhali.
Şübhəsiz ki, M.C.Bağırov bundan sonra daha şəhərdə qala bilməzdi, həm də yalnız bu 8 günlük bolşevik hakimiyyətinə görə yox. Əgər onun tərcümeyi-halından çıxış edilərsə, 1917-ci ildən başlayaraq, ruhanilər də daxil olmaqla, Qubanın yerli elitası, guya ki, inqilabi fəaliyyətinə və bolşeviklərlə əlaqəsinə görə, ona elə də “hörmət etmirdilər”: “Məni kəndlilərin qarşısında Bakı ermənilərinin casusu, din və millət satqını kimi təsvir edərək, mənə qarşı vicdansızcasına təbliğat aparılırdı. İş o yerə çatmışdı ki, Qubanın ən nüfuzlu iki dini lideri Əbdül Rəhim Əfəndi və Hacı Molla Baba Axundov məni güllələmək əmri vermişdilər”.
Əgər bu sözlər həqiqətə uyğun idisə, Quba qəzasının dini rəhbərləri Bağırovu hələ çox əvvəl və başqa səbəbdən – I dünya müharibəsi “cəbhəsindən qayıtmış yəhudilərdən, qismən ruslardan, və bir neçə cinayətkar müsəlman ünsürlərdən” ibarət quldur dəstəsinin başında olmaqla, törətdiyi əməllərə görə “lənətləyə” bilərdilər. Bu dəstə ən əvvəl “keçmiş qəza siyasət idarəsinin cəbbəxanasını dağıdıb və bu yolla silah əldə edərək”, “imkan olan yerdə bəyləri və onların tərəfdarlarını öldürməklə” məşğul idi. M.C.Bağırov öz tərcümeyi-halında bu quldur dəstəsini “Quba qəzasının əksinqilabi elementləri ilə” mübarizə aparan “uçağan dəstəsi” adlandırırdı. Lakin, 1956-cı ildə M.C.Bağırovun məhkəməsi zamanı bu dəstə ilə bağlı əhvalat da ortaya çıxmışdı. İstintaq materialları ilə “sübuta yetirilirdi ki, Bağırovun bir sıra sənədlərdə partizan dəstəsi adlandırdığı “uçağan” dəstənin inqilabi fəaliyyətə heç bir aidiyyatı yox idi, əsl quldur dəstəsi idi. Bu bandit qrupuna Bağırov başçılıq edirdi”. M.C.Bağırov özü məhkəmədə həm cəbbəxanaya hücum faktını, həm də dəstə tərəfindən bəylərin və onların tərəfdarlarının öldürülməsi ittihamını rədd edirdi.
İstintaq materialları ilə M.C.Bağırovun bolşeviklərin partiyasına 1917-ci ildə daxil olması faktı da təkzib edilirdi. Əksinə, göstərilirdi ki, 1917-ci ilin fevral ayından sonra M.C.Bağırov Quba şəhərinin ikinci (yəhudi) hissəsinin milis komissarı təyin olunmuş və bu təyinat Quba qəzası administrasiyasının rəhbəri – qəza komissarı Əli bəy Zizikski tərəfindən edilmişdir. 1917-ci ilin may ayından noyabr ayınadək isə o, qəza komissarının, yəni elə həmin Ə.b.Zizikskinin köməkçisi işləmişdir.
Fevral inqilabının elə ilk günlərindən gənc xalq müəlliminin Qubanın yəhudilər yaşayan hissəsinin komissarı vəzifəsinə, yəni Quba qəzasının rəhbərləri sırasına irəli çəkilməsi, sözsüz ki, Ə.b.Zizikskinin Bağırova etimadlı münasibəti ilə izah olunurdu. Və bu dövrdə heç bir bolşevizmdən söhbət gedə bilməzdi. Görünür ki, məhz 1917-1918-ci illərin kəsiyində – Zizikski bolşevizm və Bakı Sovetinin antimilli rejimi ilə mübarizə mövqeyinə keçdikdə, M.C.Bağırov isə “Bakı Sovetinin timsalında mərkəzi hakimiyyətin nümayəndəsi rolunu öz üzərinə götürdüyü” andan onların yolları ayrılır.
Buradan aydın olur ki, 1918-ci ilin aprel ayının ortalarında Zizikskinin dəstələri tərəfindən Quba alındıqdan sonra Quba İnqilab Komitəsi sədrinin köməkçisi M.C.Bağırov nə üçün şəhərdə qala bilməzdi.
Lakin hadisələrin sonrakı inkişafı M.C.Bağırovu yalnız bolşeviklərlə deyil, bu hökumətin qırmızı bayrağı altında çıxış edən daşnak-erməni millətçilərilə bir dəstəyə salacaq və yəqin ki, məhz bu zaman onun tərcümeyi-halında ən ləkəli səhifələr yazılacaq…
Ardı var…