Rey Bredberi
– Nə edərdim? Zarafat edirsən, ya…
– Yox, düzünü de.
– Bilmirəm. Bu barədə düşünməmişəm. – qadın qəhvədanın qulpunu ərinə tərəf çevirdi və fincanları nəlbəkilərə qoydu. Kişi özünə qəhvə süzdü. İki balaca qız uşağı qonaq otağının yaşıl neft lampası ilə işıqlanan küncündə kublardan bina yığırdılar. Təzəcə qaynamış qəhvənin yüngül, təmiz qoxusu axşamın havasına qarışmışdı.
– Düşünməyə başlasan, yaxşıdır, – dedi kişi.
– Ciddisən? Kişi başını yellədi.
– Müharibə? Bəlkə, hidrogen, ya atom bombası?
– Yox.
– Baktereoloji silah?
– Heç biri, – kişi asta-asta qəhvəsini qarışdırırdı, gözlərini fincanın içindəki qaranlığa zilləmişdi.
– Belə deyək də, kitabımız bağlanır.
– Heç nə başa düşmürəm.
– Elə mən də. Sadəcə ürəyimə damıb. Bəzən dəhşətə gəlirəm. Bəzən də heç qorxmuram, əksinə sakit oluram.
– O, qızlarına və onların lampa işığında bərq vuran sarı saçlarına baxıb pıçıldadı,
– İndiyə qədər sənə deməmişdim. Bu dörd gecə əvvəl baş verib.
– Nə?
– Yuxu. Yuxuda hər şeyin bitdiyini görmüşdüm və bir səs sonumuzun gəldiyini təkrarlayırdı. Səsi xatırlamıram, ancaq onu eşidirdim. O deyirdi ki, Yer üzündəki həyat bitəcək. Oyananda bu yuxuya fikir vermədim və işə yollandım. Ancaq bu hiss bütün günü məni izlədi. Günorta Sten Uillisin fikirli-fikirli pəncərədən baxdığını görüb soruşdum:
“Nə yaman fikrə getmisən, Sten?” və o cavab verdi:
“Dünən gecə bir yuxu görmüşəm”.
O, danışmamış nə baş verdiyini anladım. Gördüyü yuxunun məzmununu ona danışa bilərdim. Ancaq Sten danışdı, mən qulaq asdım.
– Eyni yuxu idi?
– Bəli. Stenə dedim ki, mən də eyni yuxunu görmüşəm. O, təəccüblənmədi. Hətta bir az rahatlaşdı. Sonra biz maraq üçün o biri ofisləri gəzməyə başladıq. Bunu planlaşdırmamışdıq. Bir-birimizə “gedək, gəzək” deməmişdik. Biz sadəcə addımlayırdıq. Bütün ofislərdə gözünü masasına və ya əllərinə zilləmiş, yaxud pəncərədən baxan və ətrafda baş verənlərə fikir verməyən adamlar görürdük. Bəziləri ilə danışdım. Sten də bir-ikisini dindirdi.
– Hamısı o, yuxunu görmüşdülər?
– Hamısı. Heç nə ilə fərqlənməyən eyni yuxu.
– Bu yuxuya inanırsan?
– Bəli. İndiyə qədər heç nədən belə əmin olmamışam.
– Bəs, o an nə vaxt yetişəcək? Dünyanın sonunu deyirəm.
– Bizim üçün bu gecə, sonra dünyanın digər yerlərində başlayacaq. Axı dünya fırlanır. Hər şeyin tamamilə bitməsi üçün iyirmi dörd saat lazım olacaq. Bir müddət qəhvələrinə əl vurmadan oturdular. Sonra onu yavaş-yavaş qarışdırıb bir-birilərinə baxa-baxa içdilər.
– Biz buna layiq idik?
– Bu layiq olub-olmamaq məsələsi deyil. Sadəcə alınmadı. Baxıram, heç bu barədə mübahisə etmədin. Niyə?
– Məncə, mənim səbəbim var, – dedi qadın.
— Ofisdəkilərin səbəbi kimi? Qadın başını yellədi.
– Mən heç nə demək istəmirdim. Bu dünən gecə baş verdi. Məhəllədəki qadınlar öz aralarında bu barədə danışırdılar. – o, axşam qəzetini götürdü və kişiyə uzatdı,
– Qəzetdə bu barədə heç nə yazılmayıb.
– Hamının bildiyi şeyi yazmağın nə mənası var? – kişi qəzeti götürdü və stula söykənib qızlara baxdı,
– Qorxursan?
– Yox. Heç uşaqlara görə də qorxmuram. Həmişə elə bilmişəm ki, ölümdən qorxacam. Ancaq qorxmuram.
– Alimlərin tez-tez haqqında danışdığı özünü qoruma instinkti hardadır bəs?
– Bilmirəm. Məntiq olan yerdə bir o qədər də həyəcanlanmırsan. Bu isə məntiqlidir. Necə yaşadığımızı nəzərə alsaq, bu məntiqli sondur.
– Biz o qədər də pis adamlar olmamışıq, elə deyil?
– Yox, ancaq həddən artıq yaxşı adamlar da deyilik. Məncə, məsələ də elə bundadır. Biz özümüz olmaqdan başqa bir fövqəladə iş görməmişik, bu vaxt isə dünyadakı insanların əksəriyyəti dəhşətli işlər törədiblər. Qızlar gülüşdülər. Çünki əllərini yellədəndə qurduqları binanı yıxmışdılar.
– Həmişə düşünmüşəm ki, belə bir anda insanlar küçələrə tökülüb qışqıracaqlar.
– Məncə, yox. Həqiqəti qışqıra-qışqıra demək olmur…
– Bilirsən, mən səndən və qızlardan başqa heç nədən ötrü darıxmayacağam. Mən heç vaxt şəhərləri, maşınları, fabrikləri və işi sevməmişəm. Sizin üçünüzdən başqa heç nəyi. Ailəmdən başqa heç nədən ötrü darıxmayacağam. Bəlkə, bir az hava dəyişikliyi, isti havada bir bardaq soyuq su və yatmağın verdiyi zövqdən ötrü. Belə xırda şeylər, düz sözümdü. Biz burada oturub bu barədə necə danışa bilirik?!
– Çünki əlimizdən başqa heç nə gəlmir.
– Əlbəttə, bu baş verəcəksə, qəbul etməliyik. Yəqin ki, bu dünya tarixində yeganə gündür ki, hər kəs gecə ərzində nə edəcəyini dəqiq bilir.
– Maraqlıdır, görəsən, digərləri qalan üç-dörd saat ərzində nə edəcək?
– Tamaşaya gedə bilərlər, radioya qulaq asa, televizora baxa bilərlər, kart oynayarlar, uşaqlarını yatızdırıb, özləri də yatarlar. Həmişəki kimi.
– Məncə, bununla fəxr etmək olar, hər şey həmişəki kimidir.
– Biz o qədər də pis adamlar deyilik. Onlar bir müddət sakit oturdular, sonra kişi özünə bir qədər qəhvə tökdü.
– Səncə, niyə bu gecə?
– Ona görə.
– Niyə bundan əvvəlki on, yüz, beş yüz il ərzindəki hər hansı bir gecə yox, məhz bu gecə?
– Bəlkə indiyə qədər heç vaxt 1951-ci il fevralın 30-u olmayıb. Bəlkə bu tarix indiyə qədər gəlmiş-keçmiş tarixlərdən daha böyük əhəmiyyət kəsb edir və bəlkə, bu il dünyadakı hər şey olduğu kimidir deyə son yetişib.
– Bu gecə okeanın hər iki tərəfində uçuşa hazır qırıcılar var və onlar bir də heç vaxt yerə enməyəcəklər.
– Bəlkə də, bu səbəbin bir hissəsidir.
– Yaxşı, – dedi kişi,
– Neyləyək? Qabları yuyaq?
Onlar ehtiyatla qabları yudular və xüsusi səliqə ilə düzdülər. Doqquzun yarısı qızları yataqlarına uzadıb öpdülər və yataqlarının başındakı kiçik lampaları yandırdılar və qapını yarımaralı qoydular.
– Maraqlıdır, – kişi otaqdan çıxıb arxaya baxdı və bir anlıq dayandı.
– Nə?
– Görəsən, qapını tam bağlayıb, yoxsa çağırsalar, eşitmək üçün bir balaca aralı qoyum?
– Bəlkə uşaqlar da bilirlər, bəlkə kimsə yanlarında deyib?
– Əlbəttə yox. Bilsələr, soruşardılar. Onlar oturub qəzet oxudular, söhbət etdilər, radioda musiqi dinlədilər və saat on birin yarısını, on biri, on ikinin yarısını göstərəndə də birlikdə buxarının qarşısında oturub közərən ocağa baxdılar. Onlar düşünürdülər ki, dünyadakı digər insanlar bu axşamı özlərinəməxsus şəkildə keçirirlər.
– Yaxşı, – dedi nəhayət kişi və həyat yoldaşını öpdü.
– Biz bir-birimiz üçün istənilən halda yaxşı olmuşuq.
– Ağlamaq istəyirsən? – soruşdu kişi.
– Məncə yox. Onlar evi başdan-ayağa gəzib işıqları söndürdülər, qapıları bağladılar və yataq otağına getdilər. Paltarlarını soyunub gecənin soyuq qaranlığında çılpaq qalmışdılar. Qadın yatağın üstündən örtüyü götürdü və həmişəki kimi səliqə ilə stulun üstünə qoydu.
– Döşəkağı elə sərin, təmiz və qəşəngdir ki, – dedi qadın.
– Yorğunam.
– İkimiz də. Yatağa girib uzandılar.
– Bir dəqiqə gözlə, – dedi qadın. Kişi onun ayağa qalxıb getdiyini və açılan qapı səsini eşitdi. Bir qədər sonra qadın qayıtdı.
– Mətbəxdə suyu açıq qoymuşdum, – dedi, – kranı bağladım. Bu o qədər əyləncəli idi ki, kişini gülmək tutdu. Qadın da onunla birlikdə güldü. O da elədiyinin məzəli olduğunu bilirdi. Onlar gülməyi kəsdilər və soyuq yataqlarında əl-ələ, baş-başa uzandılar.
– Gecən xeyrə, – dedi kişi bir az sonra.
– Gecən xeyrə, – dedi qadın və sakitcə əlavə etdi, – əzizim.
Tərcümə etdi: İlahə Əkbər
kayzen,az