Gülyaz ƏLİYEVA
Bilmirəm, niyə səhər yuxudan durandan ürəyimə Qarabağ havası düşüb? Könlüm niyə Qarabağdan keçir, burnuma yağışdan sonrakı nəm torpaq qoxusu gəlir? Dağlardan əsən yellər sanki saçlarımı dağıdır, mənə nəsə çatdırır. Bir namə gətirir əsir ellərdən! Qantəpər, kəklikotu ətirli badi-səba! Mənə nə deyirsən, dərdin nədir sənin?! Niyə zərif tüldən duman geymiş Şuşa dağlarının surəti gözümdə əks olunub bu gün?! “Gözüm aydın, gözümə surəti-canan görünür…”. Amma Allaha şükr edə bilmirəm, göz önünə gələn bu surəti-canana görə… Əksinə, başımdan tüstülər, dumanlar qalxır düşündükcə …
Niyəsə ürəyim bərk dolub? Niyəsə qulağıma uzaqlardan, əsrin o tayındanmı, ahım çatmayan dağların o üzündənmi, şiş qayalardanmı, ya Qaladakı qaladanmı bir yanıqlı səs gəlir – Qədir Rüstəmovun oxuduğu “Sona bülbüllər”in ürəkparçalayacı səsi… Elə hey çalınır beynimdə, hey oxunur:
Su atdım yara dəydi,
Sona bülbüllər,
Əlim divara dıydi,
Saçı sünbüllər …
Nə vaxtdır əlimiz divara dəyir elə, atdığımız su da bizi aydınlığa çıxarmır heç! Aydınlıq qatılaşır elə, ildən-ilə, gündən-günə…
Yenə səs gəlir: “Elə yar, yar deyirlər, heç məni demirlər…”
Bəs hanı bu yar?! “Yar, yar” deməklə iş bitmişmi hesab olunur? Bəs bu yarı əldə eləmək, onun yolunda əzablara dözmək, əldə edənə qədər bəs deməmək, uğrunda çarpışmaq, vuruşmaq?!
Ay sona bülbüllər! Dəryada gəmimiz qaldı, biçilməmiş zəmimiz qaldı… Dili ağzında yansın əğyarın! Ay sona bülbüllər!
Qədirin ahı Tanrıya qədər ucaldı! Bu səs ucaldıqca mənə elə gəldi ki, bunu oxuyan Qədir deyil. Elə Şuşanın özüdür! Nalə çəkir, haray qoparır! Üz tutub sona bülbüllərə! Şuşanın səsidir yanıqlı-yanıqlı oxuyan: “Elə yar, yar deyirlər, heç məni demirlər, ay sona bülbüllər!”
Dağların o üzündə, o tayda bir cənnət diyarımız qaldı, – deyəkmi, ay sona bülbüllır! Saçı sünbüllü yarımız qaldı! – deyəkmi, ay sona bülbüllər! Yox! Yox, bunu deməyə, ümidimi üzməyə, inamımı qırmağa dilim gəlmir, ay sona bülbüllər!
Evlər köndələn yar, sona bülbüllər,
Bizə gül göndırən yar, sona bülbüllər.
Dilin ağzında dönsün, sona bülbüllər…
Bizdən üz döndərən yarmı,
Yardan üz döndərən bizmi, sona bülbüllər?!…
Ay sona bülbüllər!…