Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunan “Sonuncu” sənədli filmi bir sıra beynəlxalq festivallarda ölkəmizi təmsil edəcək.
“Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC–a bildirilib ki, hazırda MDB ölkələrinin kinematoqrafçıları arasında 6-cı “Eurasia.Doc” festivalı keçirilir. “Sonuncu” sənədli filmi festivalın əsas beynəlxalq müsabiqə proqramının “Avrasiya qitəsi” tematik bölməsində iştirak edir.
“Sonuncu”nun növbəti müsabiqəsi oktyabrın 1-dən 10-dək Meksikada keçiriləcək “BlackCanvas” Beynəlxalq Müasir Film Festivalıdır. Film, festivalın beynəlxalq müsabiqə proqramında iştirak edir. “Sonuncu” filminin növbəti müsabiqəsi Polşada olacaq. Oktyabrın 19-dan 24-dək Polşanın Poznan şəhərində 25-ci Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək. “Sonuncu” festivalın uzun metrajlı müsabiqə proqramında yarışacaq 13 filmdən biridir.
Qeyd edək ki, filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.
Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir.