“Bir rəsmin dedikləri” rubrikasının budəfəki qonağı sənətşünas Vəfa Şəmilovadır. Vəfa xanımla Leonardo Da Vinçinin “Sonuncu şam yeməyi” əsəri haqqında danışmışıq.
***
– Əsərin təhlilinə keçmədən öncə rəssam haqqında qısa məlumat verərdiniz?
– Da Vinçi Avropa intibah dövründə yaşamış ən məşhur rəssamlardan biri kimi tanınır. O, sadəcə rəssam deyil, həm də mühəndis, filosof, anatomiyaçı, riyaziyyatçı, şair, musiqiçi kimi peşələrlə məşğul olmuşdu. Da Vinçinin ən tanınmış işləri “Mona Liza”, bəhs edəcəyimiz “Sonuncu şam yeməyi”, “Müjdə” “Dionis” kimi əsərləri olub. Özünəməxsus aforizmləri də olan Da Vinçi intibah dövründən bəri ən mükəmməl şəxsiyyətlərdən biri sayılır.
– “Sonuncu şam yeməyi” əsərinin yaranma tarixçəsi haqqında nə deyə bilərsiniz?
– “Sonuncu şam yeməyi” əsəri Sfroza ailəsi tərəfindən Santa Mariya della Qrasiya monastırının yemək otağının arxa divarının bəzənməsi üçün sifariş verilib. Da Vinçi məşhur freskanı yaradarkən böyük çətinliklə üzləşir. O, İsa peyğəmbərin obrazında Xeyiri, İudanın obrazında isə Şəri yaratmalı idi və əsərdə İsaya xəyanət edilməli idi.
Əsərlə bağlı uzun illər səsələndirilən əsas fikirlərdən biri budur ki, Leonardo İsa və İuda obrazlarını yaratmaq üçün eyni adamın simasından istifadə edib. Lakin belə bir əhvalat da tez-tez dilə gətirilir ki, İsa obrazını yaratmaq üçün Leonardo məsum, gənc görünüşlü, təxminən 19 yaşında olan fırınçı oğlanın simasından istifadə edib. Bir neçə il keçdikdən sonra isə Leonardo inadkar, sərt və günahkar görünüşlü bir insanla qarşılaşmış və İudanın obrazını yaratmaq üçün də bu insanın surətindən istifadə etmişdi. Ancaq Leonardo da Vinçinin hər iki obrazı yaratmaq üçün eyni insanın surətindən istifadə etdiyini isbat edəcək hansısa dəlil və tarixi mənbələrdə bununla bağlı qeydlər yoxdur.
– Əsər haqqında xeyli maraqlı əhvalatın olduğu deyilir. Onlardan bizə danışa bilərsinizmi?
– Rəsm haqqında yarandığı dövrdən bəri yüzlərcə əfsanələr, əhvalatlar, sirli məqamlar müzakirə olunur. Onlardan biri də İsanın sağ tərəfində kimin təsvir olunduğu idi. Hesab edilirdi ki, İsanın yanında oturan qadın onun həyat yoldaşı Mariya Maqdalenadır (Maria Magdalane). Bir digər gizli məqam isə İsadan sağda İudanın arxasından çıxan bıçaq tutmuş əldir. İlk baxışda həmin əlin Müqəddəs Pyotra aid olması görüntüsü yaransa da, əsərə diqqətlə baxdıqda heç də belə olmadığı ortaya çıxır. Çünki Pyotrun bir əlinin Həvari İoannın çiynində, digər əlinin isə həmin o bıçaq tutmuş naməlum əlin biləyində olması aydın görünür. Bəzi tədqiqatçılar əlin Həvari İoanna aid olmasını söyləsə də, bu, əsərdə uyğunsuzluq yaratdığı üçün mümkün ola bilməzdi. İoannın əlinin İudanın arxasından çıxaraq görünməsi üçün normal insan əlindən iki dəfə uzun olması lazım idi. İnsan anatomiyasına dərindən bələd olan Da Vinçinin əsərdə belə kobud səhv etməsi inandırıcı görünmür. Əsərdə, həmçinin, Mariya Maqdalenin çiyninə qoyulmuş bir əl də çox müzakirə olunur. Da Vinçi əli sanki bıçaq kimi təsvir etmişdi. Əlin quruluşu, barmaqların uzun və nazik olması ilk baxışdan onu bıçağa bənzətməyə imkan verir. Müqəddəs Pyotr sanki biləyini Mariyanın çiyninə dayayıb, əlini isə bıçaq kimi qadının boğazına dirəyib.
Bu detalı Da Vinçinin bir işarəsi sayan tədqiqatçılar burada rəssamın Mariya Maqdaleneya qarşı Pyotr tərəfindən təşkil edilmiş sui-qəsdə işarə edildiyini bildirirlər. Lakin bu fikir din xadimləri tərəfindən qəbul edilmir, katolik kilsəsinin banisi sayılan Müqəddəs Pyotrun hər hansı bir sui-qəsddə əlinin olması inkar olunur.
– Əsərlə bağlı ən mürəkkəb məsələlərdən biri də Leonardonun Müqəddəs Kuzəni təsvir edib-etməməsidir.
– Bəzi yazılarda İsanın sağ əlində həmin kuzənin olması yazılsa da, əsərdə belə bir kuzəyə rast gəlinmir. Digər bir məsələ isə, müqəddəs təsvirlərə görə, masanın üstündə yalnız bir kuzə – Müqəddəs Kuzə olmalı olduğu halda, Da Vinçi masada çoxlu kuzələr təsvir etmişdi. Hazırda əsər orijinal görünüşünü itirdiyi üçün həmin kuzələr dəqiqliklə seçilmir.
İtalyan musiqiçi Covanni Maria Pala deyir ki, bu əsərdə Leonardo masanın üzərindəki əlləri və çörək dilimlərini not kimi qəbul edir. Yəni sağdan sola oxunduğunda ortaya Leonardoya aid olan bir musiqi çıxır. Başqa bir nəzəriyyə isə Vatikan araşdırmaçısı olan Sabina Sfroza Qalitziaya aiddir. O, belə hesab edir ki, Leonardo bu əsərdə riyazi və astroloji bir sirri insanlara çatdırmağa çalışır. Qeyd edək ki, Sabina həmin sirrin məhz dünyanın, bəşəriyyətin sonundan bəhs etməsini nəzərdə tutmuşdu.
– Əsər hazırda harda saxlanılır?
– Əsərin orijinal nüsxəsi Milanda Santa Mariya delle Qrasiya kilsəsindədir. Əsərin XVI əsrə aid yağlı boya ilə kətan üzərində işlənmiş bir nüsxəsi Belçikanın Antverpen şəhərindəki Tongerlo abbatlığında saxlanılır. Romantik mozaika rəssamı Giasomo Raffaelli əsərin daha bir nüsxəsini Vyanadakı Minoritenkirche kilsəsində hazırlayıb. 1955-ci ildə Salvador Dali əsərin daha bir nüsxəsini işləyib. Həmin nüsxə isə Vaşinqtondakı Milli Qalereyada saxlanılır.
– Əsərin rəng koloriti haqqında nə deyə bilərsiniz?
– Əsərdə bəzən istidən soyuğa, bəzən də soyuqdan istiyə çevrilən rənglər görə bilərik. Ən açıq tonlar isə həvarilərin geyimləri və İsanın tam mərkəzdə olduğunu bizə daha yaxşı çatdıran arxa pəncərələrdir. Əsərin orijinal nüsxəsində rəng koloriti aydın görünsə də, Tinterettonun eyniadlı əsəri qaranlıq və kölgəli hesab edilir. Bir məqamı da unutmayaq ki, əsər günümüzə kimi ilk günkü halı ilə gəlib çatmayıb. Bunun səbəblərindən biri rəssamın freskanı işləməzdən əvvəl divarın səthini yonaraq hamarlaşdırması, sonra isə gesso və mastika ilə üzləyib, tempera ilə səthi sərtləşdirməsi idi. Əsər məhz bu səbəbdən bir neçə il sonra artıq xarab olmağa başlamışdı. Digər səbəblər isə rəsmin yarandığı gündən bəri zədələrə və daha sonra yanlış restavrasiyalara məruz qalması idi. Nəticədə biz əsərin rəng koloritini tam dəqiqliklə, ilk gündə olduğu halı ilə görə bilmirik.
– Əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?
– Rəssam kompozisyanı aydın şəkildə ifadə edib. Onun İsanı tam mərkəzdə göstərməsi, pəncərələrin simmetrik quruluşu, həvarilərin üçlü qruplarda əyləşməsi və s. buna nümunə göstərilə bilər. Əsərin işıqlı, aydın görüntüsü kompozisiyanı tam şəkildə görməyimizə kömək edir. Lakin orijinal nüsxəni tam bu şəkildə görmək üçün insan boyundan bir az daha hündür olmaq lazımdır. Rəssam öz əsərində işıq və hərəkətə fokuslanaraq rəsmə dramatik həyat bəxş edib.
– Sizcə, bu rəsm bizə nə deyir?
– Da Vinçi bu əsərdə öz unikal bacarığını göstərib. Əsərdə İsanın xəyanət barədə xəbərini alan həvarilərin üzündəki təəccüb xüsusilə vurğulanıb, nəzərə çarpacaq şəkildə təqdim edilib. Rəssam hər bir simanı dəqiqliklə işlədikdən sonra əsərin mərkəzində ən önəmli fiqur olan İsanı təsvir edib. İsanın üzündə qəmli ifadə var, həm də o, danışırmış kimi görünür və başını bir qədər sola əymiş vəziyyətdədir. Fikrimcə, Da Vinçi bu əsərində izləyiciyə insanlığın, bəşəriyyətin içərisində həm şər, həm xeyir qüvvələrinin olduğunu deməyə çalışır. İsanın həvarilərin xəyanətinə uğraması insanların hər zaman arxadan vurula biləcəyi ehtimalını göz önünə gətirir.
Aytac SAHƏD
525.az