Qəzənfər KAZIMOV, professor
Əsas tərəfin nitq hissələri ilə ifadəsinə görə söz birləşmələrinin təsnifi dilçilikdə ən`ənəvi hal almışdır. Bu cür öyrənmə üsulu söz birləşmələrinin həm morfoloji, həm də sintaktik xüsusiyyətlərini əhatə edir.
Əsas tərəfin – tabe edən sözün nitq hissələri ilə ifadəsinə görə söz birləşmələri üç növə ayrılır:
- İsmi birləşmələr;
- Fe”li birləşmələr;
- Zərf birləşmələri.
İsmi birləşmələr
Əsas tərəfi adlardan (isim, sifət, say və əvəzliklərdən) ibarət olan birləşmələrə i s m i birləşmələr deyilir.
İsmi birləşmələrin bir qismi substantiv, bir qismi atributiv model əsasında qurulur. Ona görə də ismi birləşmələri iki qrupa ayırmaq olar:
a) ismi birləşmələrin əksər modellərində əsas tərəf (baş söz, tabe edən tərəf) isimlərdən və ya isimləşmiş nitq hissələrindən (sifət, say və əvəzliklərdən) ibarət olur; məs.: daş divar, şüşə qab, yaşıl çəmən, uca çinar, iki il, xeyli adam, dağlarda döyüş, ellərə yaraşıq, uzaqdan məktublar, vətəndaşlıq borcu, çiçəyin ətri. axan su, çağlayan bulaq; almanın qırmızısı, meyvənin yetişmişi, uşaqların bir neçəsi, cərgələrdən ikincisi və s.
Əsas tərəfi isimlər və ya isimləşmiş nitq hissələri ilə ifadə olunan bu cür birləşmələr s u b s t a n t i v birləşmələr adlanır.
Substantiv birləşmələrin asılı tərəfi isim, sifət, say, əvəzlik, fe”li sifət və zərflə ifadə olunur.
b) ismi birləşmə modellərinin bir qismində əsas tərəf sifətlərlə (sadə və ya -lı,-li,-lu,-lü; -ıq,-ik,-uq,-ük və s. şəkilçili düzəltmə sifətlərlə) ifadə olunur. Yuxarıdakı birləşmələrdən fərqli olaraq, bu cür birləşmələr a t r i b u t i v birləşmələr adlandırılır. Məsələn: durna gözlü, gözləri bağlı, qapısı örtülu, ağzı açıq, qolları kəsik, hamıya mə`lum, dağlardan uca və s. Bu cür birləşmələr cümlə daxilində adverbiallaşa da bilir.
Tərəfləri arasında sintaktik əlaqə üsullarına (tabelilik əlaqələrinə) görə ismi birləşmələri aşağıdakı növlərə ayırmaq olar:
1. Yanaşma əlaqəli ismi birləşmələr. İsmi birləşmələrin bu modelində asılı tərəf əsas tərəfə yanaşır, ondan asılı vəziyyətə düşür və müxtəlif şəkilçilər qəbul etmə, dəyişikliyə uğrama imkanlarından tamamilə məhrum olur. Lakin əsas tərəf hal və mənsubiyyət şəkilçiləri qəbul edərək dəyişə bilir və cümlədəki müvafiq sözlərlə əlaqəyə girir. Məsələn, Onlar şehli otları ayaqlaya-ayaqlaya yollarına davam etdilər (İ.Əfəndiyev) – cümləsində yanaşma əlaqəli şehli otları birləşməsi işlənmişdir. Birləşmənin başlanğıc forması `şehli ot`dur; şehli sözü asılı tərəf, ot sözü əsas tərəfdir. Həmin birləşmə daxilində şehli sözünə hal və mənsubiyyət şəkilçiləri artırmaq olmaz. Lakin göründüyü kimi, əsas tərəf (ot sözü) cəm şəkilçisi ilə yanaşı, tə`sirlik halın şəkilçisini də qəbul etmişdir. Hal şəkilçisi birləşmənin əsas tərəfini idarə yolu ilə ayaqlaya-ayaqlaya fe`li bağlaması ilə əlaqələndirmişdir.
Yanaşma əlaqəli birləşmələrdə isim, sifət, say, əvəzlik və fe`li sifətlər isimlərə (və ya isimləşmiş sözlərə) birbaşa yanaşır; məs.: taxta qapı, rəngli şüşə, iki kitab, həmin mənzərə, əsən külək, oxuyan gözəl, döyüşən igid; qoşmaların iştirakı ilə yanaşma halları da vardır: Sabir kimi şair, Əhməd kimi müəllim.
Qeyd edilən birləşmələrin asılı tərəfi cümlə daxilində tə”yin, əsas tərəfi mübtəda, tamamlıq, xəbər və s. olur; məs.:
Mərmər abidələr, tökmə heykəllər
Bəzəkdir hər böyük, kiçik şəhərə! (S. Vurğun)
Bu misralarda mərmər, tökmə, böyük, kiçik sözləri tə’yin, abidələr, heykəllər – mübtəda, şəhərə – tamamlıqdır.
Yanaşma əlaqəli birləşmələrin bir qismində əsas tərəf sifətlərdən ibarət olur: durna gözlü, dağ gövdəli, yaşıl yaylaqlı, uca çinarlı və s. Qoşmalı birləşmələrin bir qismində də əsas tərəf sifətlə ifadə olunur; məs.: dost kimi əziz, düşmən kimi amansız, çiçək kimi təzə və s. Bu cür ismi birləşmələr cümlənin bir mürəkkəb üzvü olur; məs.: Durna gözlü bulaqlardan su içmişik- cümləsində durna gözlü birləşməsi tə’yindir.
M ə ‘ l u m a t ü ç ü n. Əvvəlki dərs vəsaiti və dərsliklərimizdə yanaşma əlaqəli birləşmələrin birinci qrupu (daş divar, yaxşı adam tipli birləşmələr) “I növ tə`yini söz birləşmələri” adı altında verilmişdir. Birləşmələrin bir qrupundan (Sabir kimi şair) “Qoşmalı birləşmələr”, bir qrupundan (durna gözlü) “Tə`yini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr” adı altında danışılmışdır.
2. Uzlaşma əlaqəli ismi birləşmələr. Bu qrupa daxil olan birləşmələrin asılı tərəfi sifətlərdən (əksərən düzəltmə sifətlərdən), əsas tərəfi isə III şəxs mənsubiyyət şəkilçili isimlərdən ibarət olur və birləşmə atributiv xarakter daşıyır: ağzı bağlı, gözləri yaşlı, üstü örtülü, qapısı açıq, cibi boş, gövdəsi dolu, ürəyi kədərli və s. Bu cür ismi birləşmələrin tərəfləri birlikdə cümlənin bir mürəkkəb üzvь olur; məs.: Yolunu gözləyir gözləri yaşlı – cümləsində gözləri yaşlı tərz zərfliyidir.
Uzlaşma əlaqəli ismi birləşmələr cümlənin ixtisarı əsasında yaranmışdır. Əgər etimoloji əsasını bərpa etsək, məsələn, ağzı açıq birləşməsi Qabın ağzı açıqdır şəklində təsəvvür olunur ki, burada qabın ağzı mübtəda, açıqdır xəbərdir və tərəflər arasında uzlaşma vardır.
3. İdarə əlaqəli ismi birləşmələr. İsmi birləşmələrin bu qrupunda əsas tərəf asılı tərəfi üç halda – yönlük, yerlik və çıxışlıq hallarında tələb edir. Əsas tərəf isimlə, sifətlə, saylarla ifadə olunur: vətənə məhəbbət, insana hörmət, ellərə yaraşıq, adama e`tibar, gözlərdə qığılcım, daxilində alov, keçmişdən xatirə, uzaqdan xəbər, kənddən məktub, hamıdan gözəl, dağlardan uca, qiymətdən ə`la, beşdə dörd, onda beş və s. Bu cür birləşmələrin də tərəfləri birlikdə bir üzv olur; məs.: Səfər əlində süpürgə otağa daxil olur (N.Vəzirov) – cümləsində idarə əlaqəli birləşmə (əlində süpürgə) tərz zərfliyi vəzifəsindədir.
Mə’lumat üçün. Uzlaşma əlaqəli birləşmələrlə yanaşı, idarə əlaqəli birləşmələr də əvvəlki dərs vəsaiti və dərsliklərdə “Tə`yini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr” adı altında verilmişdir. Bu cür birləşmələri onların cümlə şəklində işlənən omoformaları ilə qarışdırmaq olmaz; məs.: Gözlərdə intiqam, qılınclarda qan – Buludlar kişnədi, göylər ağladı (S. Vurğun) – cümləsində gözlərdə intiqam, qılınclarda qan birləşmələri tərz zərfliyi vəzifəsindədir. Gözlərdə intiqam alov saçırdı – cümləsində intiqam sözü mübtəda, gözlərdə sözü nisbi məkan bildirən qeyri-müstəqim obyektdir. Qeyd edilən birləşmələr birləşmə səciyyəsini adətən müəyyən dərəcə məcazilik nəticəsində qazanır.
4. Qarşılıqlı tabelilik əlaqəsində olan ismi birləşmələr. Yuxarıdakı birləşmə növlərindən fərqli olaraq, bu cür birləşmələrin tərəfləri qarşılıqlı tabelilik əsasında əlaqələnir. Tabelilik üsullarına görə bunları iki tipə ayırmaq olar:
a) I tip: yanaşma və uzlaşma əlaqəli ismi birləşmələr. Bu qrupa daxil olan ismi birləşmələrin birinci tərəfi qeyri-müəyyən yiyəlik halda olur və ikinci tərəfə yanaşır. Eyni zamanda birinci tərəf III şəxsdə olduğundan ikinci tərəf III şəxsin mənsubiyyət şəkilçisini qəbul edərək birinci tərəflə uzlaşır. Beləliklə, birinci tərəf ikinciyə yanaşma, ikinci tərəf birinciyə uzlaşma yolu ilə tabe olur. Şərti olaraq bu cür birləşmələrdə əsas tərəf ikinci tərəf hesab olunur:
yanaşma yanaşma
dağ çiçəyi bulaq suyu
uzlaşma uzlaşma
Yanaşma və uzlaşma əlaqəli birləşmələrin tərəfləri arasına söz daxil ola bilmir. Hər iki tərəf isimlə, həm də hər cür isimlə deyil, başlıca olaraq, ümumi isimlərlə ifadə olunur; məs.: kitab vərəqi, qapı cəftəsi, tut yarpağı, ev havası, şəhər meydanı, dünya xəritəsi, ay işığı və s. Başqa nitq hissələri yanaşma-uzlaşma əlaqəli birləşmələrin tərəfləri kimi işləndikdə isimləşir: yaxşılar yaxşısı, gözəllər gözəli, ellər gözəli, “beş” arzusu. Az da olsa. tərəflər məsdərlə də ifadə olunur: oxumaq həvəsi, tələbə oxumağı, uşaq ağlamağı. Tərəflər birlikdə cümlədə bir mürəkkəb üzv (mübtəda, xəbər, tamamlıq, tə`yin, zərflik) olur; məs,: Sonra şair dodaqları öpdü ana əlindən. (S.Vurğun) İndi hünər vaxtı, qeyrət dəmidir. (S.Vurğun) Tərəflər yerini dəyişdikdə də birləşmə vahid cümlə üzvü funksiyasını saxlayır; məs.:Hə, nə təhərsən, ay qız, ab-havası xoşuna gəlirmi bizim çöl yerinin? (B.Bayramov)
Yanaşma-uzlaşma əlaqəli birləşmələrin birinci tərəfi ümumilik və qeyri-müəyyənlik bildirir. Birləşmənin mə`nasını müəyyənləşdirmək, konkretləşdirmək üçün birinci tərəfə yiyəlik halın şəkilçisini artırmaq lazımdır: kafedra müdiri – kafedranın müdiri, məktəb direktoru – məktəbin direktoru, ceyran yerişi – ceyranın yerişi və s.
b) II tip: Qarşılıqlı tabelilik əlaqəsində olan birləşmələrin ikinci modelində birinci tərəf yiyəlik hal şəkilçili, ikinci tərəf mənsubiyyət şəkilçili olur; birinci tərəf ikinciyə idarə, ikinci tərəf birinciyə uzlaşma yolu ilə tabe olur. Şərti olaraq, bu cür birləşmələrin əsas tərəfi mənsubiyyət şəkilçili ikinci tərəf hesab olunur:
uzlaşma uzlaşma
dünyanın əvvəli insanın ağlı
idarə idarə
Uzlaşma və idarə əlaqəli (II tip) birləşmələrin tabe edən tərəfi hallana bilən və ya isimləşərək hallanan bütün əsas nitq hissələri ilə – isim, sifət, say, əvəzlik, məsdər, fe”li sifət və zərflərlə ifadə olunur:
göyün ulduzu (isim + isim)
almanın qırmızısı (isim + sifət)
uşaqların üçü (isim + say)
adamların hamısı (isim + əvəzlik)
natiqin danışmağı (isim + məsdər)
tələbənin oxuyanı (isim + fe”li sifət)
evin yuxarısı (isim + zərf)
Eyni xüsusiyyət (adi halda və ya isimləşərək ifadə olunma) yiyəlik halda olan birinci tərəfə də aiddir:
işin başlanğıcı (isim + isim)
qırmızının yaxşısı (sifət + sifət)
beşincilərin hamısı (say + əvəzlik)
onun nəyi (əvəzlik + əvəzlik)
oxuyanın səsi (fe`li sifət + isim)
işləməyin faydası (məsdər + isim)
indinin söhbəti (zərf + isim)
Uzlaşma-idarə əlaqəli birləşmələrin tərəfləri birlikdə cümlənin bir mürəkkəb üzvü olur; məs.: Bu ellərin dastanını sən dinlədin zaman-zaman, Çinarların kölgəsində dastan dedin babalardan (S.Vurğun) – misralarında ellərin dastanını vasitəsiz tamamlıq, çinarların kölgəsində yer zərfliyidir. Bu modeldə tərəflər arasına müxtəlif sözlər və birləşmələr daxil ola bilir. Həmin sözlər və birləşmələr mə`na müstəqilliyinə malik olduqda birləşmənin ikinci tərəfinə aid tə”yin vəzifəsində çıxış edir; məs.: Çox sevirəm ana yurdun axıb gedən çaylarını (S.Vurğun) – cümləsində ana yurdun çaylarını vasitəsiz tamamlıq, axıb gedən tə”yindir; Açılmamış bir kitab var onun dolmuş ьrəyində (S.Vurğun) – misra-cümləsində onun ürəyində birləşməsinin ikinci tərəfinə aid dolmuş fe`li sifəti də tə`yindir.
Yanaşma-uzlaşma əlaqəli birləşmələrdən fərqli olaraq, ismi birləşmələrin bu qrupunda birinci tərəf müəyyənlik, konkretlik bildirir: ağac budağı – ağacın budağı, inək südü – inəyin südü, ilan sümüyü – ilanın sümüyü, dəvə kini – dəvənin kini, maral buynuzu – maralın buynuzu və s.
İsmi birləşmələr üçün xarakterik mə’na əlaqəsi atributiv əlaqədir. Bu əlaqə özünü bütün yanaşma əlaqəli ismi birləşmələrdə göstərir; məs.: şüşə qab, duzlu xörək, beşinci mərtəbə, bu cür məhsul və s. Birləşmələrin bir qismində birinci tərəf ikinci tərəfi tə’yin edir; məs.: durna gözlü, daş divarlı, qızıl açarlı; bir qismində (uzlaşma əlaqəli birləşmələrdə) ikinci tərəf birinci tərəfi tə’yin edir; məs.: gözləri bağlı, qapısı açıq, üstü örtülü və s. Bunlar müstəqil deyil, daxili tə’yinlərdir, ona görə də bu son birləşmə növlərinin hər ikisində tərəflər birlikdə üzv olur.
Qarşılıqlı tabelilik əlaqəsində olan ismi birləşmələrin hər iki tipində birinci tərəf ikinci tərəfin daxili tə’yini kimi çıxış edir; məs.: sinif müəllimi, baş yaylığı, ət baltası; dağın döngəsi, bulağın suyu, çəmənin ətri və s. Lakin bu cür birləşmələrdə atributiv əlaqə səciyyə e’tibarilə fərqlidir: yanaşma-uzlaşma əlaqəli birləşmələrin tərəfləri arasında qeyri-müəyyənlik, ümumilik, uzlaşma-idarə əlaqəli birləşmələrdə müəyyənlik, konkretlik mə’naları əsasdır. Bu hal 1 tip birləşmələrin birinci tərəfinin qeyri-müəyyən yiyəlik halda, II tip birləşmələrin birinci tərəfinin müəyyən yiyəlik halda olması ilə bağlıdır: ev adamı – evin adamı, uşaq geyimi – uşağın geyimi, meşə keşikçisi – meşənin keşikçisi və s.
İdarə əlaqəli (asılı tərəfi yönlük, yerlik və çıxışlıq hallarında olan) birləşmələrin bir qismində obyekt əlaqəsi (insana hörmət, dilində nəğmə, dağdan ağır), bir qismində relyativ əlaqə (kəndlərə gediş, çöllərdə turac, yuxarılardan cavab) vardır.
Mə`lumat üçün. Bu vaxta qədər ali və orta məktəb dərsliklərində I tip birləşmələr “II növ tə`yini söz birləşmələri”, II tip birləşmələr “III növ tə`yini söz birləşmələri” adı altında verilmişdir.
Azərbaycan dilçiliyində “söz birləşmələri” dedikdə, uzun müddət ismi birləşmələr nəzərdə tutulmuşdur. Bunu 60-cı illərə qədər dilimizin sintaktik quruluşundan bəhs edən bütün əsərlərdə görmək olar. “Azərbaycan dilinin qrammatikası”nda18 yalnız tə”yini söz birləşmələrindən bəhs olunmuş, “Müasir Azərbaycan dili. Sintaksis19 kitabında da eyni müəllif (M.Hüseynzadə) tərəfindən yalnız tə”yini söz birləşmələri nəzərdən keçirilmişdir. Bu əsərin bir neçə il sonra nəşr olunmuş ikinci kitabında20 fe”li birləşmələrdən “tərkiblər” adı altında danışılmış, tərkiblərin sintaktik vəzifələrinə, tərkib və budaq cümlə məsələlərinə daha çox yer verilmişdir (Ə.Abdullayev, Y.Seyidov). Z.X.Tağızadə “Müasir Azərbaycan dilinin sintaksisi”21 kitabında “Söz birləşmələri” adı altında ismi birləşmələrin bir sıra elmi-nəzəri məsələlərinə toxunmuş və tə”yini söz birləşmələrindən bəhs etmişdir; fe”li birləşmələrdən yığcam şəkildə “Cümlənin genişlənmiş üzvləri”22 bölməsində danışmışdır. İsmi və fe”li birləşmələr haqqında birgə mə’lumata ilk dəfə olaraq “Müasir Azərbaycan dilində söz birləşmələri”23 adlı məcmuədə rast gəlirik.
Söz birləşmələrinin ilk sistemli elmi tədqiqi Y.M.Seyidovun “Azərbaycan ədəbi dilində söz birləşmələri”24 kitabı ilə başlayır. Buradakı sistem eynilə “Müasir Azərbaycan dili. Sintaksis”25 dərsliyində də saxlanmışdır.
Y. Seyidov rus və Azərbaycan dilçiliyində, türkologiyada söz birləşmələrinin tədqiqi məsələlərini diqqətlə nəzərdən keçirmiş, mövcud tədqiq və araşdırmalara, Azərbaycan dilinin verdiyi faktlara əsasən söz birləşmələrini ismi birləşmələr, fe”li birləşmələr və zərf birləşmələri kimi üç qrupa ayırmış, bunların xüsusən əvvəlki ikisindən geniş bəhs etmişdir. Zərf birləşmələrinin kəmiyyətcə az və ismi birləşmələrə yaxın olduğu göstərilmişdir.
“Söz birləşməsi” terminindən bizim dilçilikdə ilk dəfə M.Şirəliyev və M.Hüseynzadə istifadə etmişlər.26 Bu termindən əvvəl uzun müddət “izafət”, “izafət tərkibi” terminləri işlədilmişdir. İzafət ərəb və fars dillərinə məxsus xüsusi hal olduğundan sovet dövründə əvvəlcə “yiyəlik birləşmələri” termini ilə əvəz edilmiş, nəhayət, 1940-cı illərin ortalarında birləşmələrin bir qisminin birinci tərəfinin az-çox tə”yinetmə xüsusiyyəti nəzərə alınaraq ismi birləşmələrin izafət adı ilə tanınan növləri “tə”yini söz birləşmələri” adlandırılmışdır.
Uzun müddət – Y.M.Seyidovun “Azərbaycan ədəbi dilində söz birləşmələri” kitabına qədər “ismi birləşmələr” dedikdə, başlıca olaraq, “tə`yini söz birləşmələri” adı ilə qeyd edilən birləşmələr nəzərdə tutulmuşdur. Bu kitabda ilk dəfə olaraq, ismi birləşmələrin əhatə dairəsinin geniş olduğu konkret faktlarla göstərilmiş, ismi birləşmələr “tə`yini söz birləşmələri” və “tə`yini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr” kimi iki qrupa ayrılmışdır. Kitabda ikinci qrup birləşmələr haqqında mə’lumat dilimizin strukturunu öyrənmək baxımından yeni və əhəmiyyətlidir
Qeyd etməliyik ki, “tə`yini söz birləşmələri” (“birinci növ tə`yini söz birləşmələri”, “ikinci növ tə`yini söz birləşmələri”,”üçüncü növ tə`yini söz birləşmələri”) və “tə`yini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr” terminləri həm həcminə, həm də anlayışı dəqiq ifadə edə bilmə imkanlarına görə o qədər də uğurlu deyildir. “Tə”yini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr” başlığının məntiqi-qrammatik çatışmazlığı göstərir ki, birləşmələrin çoxişlənən bir qisminə ad verib, qalanını həmin birləşmələrə (adı olanlara) daxil olmayan birləşmələr kimi “ümumiləşdirmək” birləşmələrin sistem şəklində tədqiqinin ilk mərhələsinə aid ola bilərdi. Müəyyən ən`ənəyə malik olsa da, bunlar artıq vaxtını keçirmiş terminlərdir, birinci növ müstəsna olmaqla, birinci tərəflərin müstəqil tə”yin kimi çıxış edə bilməmələrinə görə də müvəffəqiyyətsizdir. Bunlara əsasən, ilk dəfə olaraq, söz birləşmələrini sintaktik əlaqələr üzrə təsnif etməyi lazım bildik.27.
İsmi birləşmələrin praktik şəkildə dildə çox işlənən və buna görə də daha əvvəllər tədqiqata cəlb edilən növləri “tə`yini söz birləşmələri” adı altında öyrənilən birləşmələrdir. 50-ci illərdə bunların I, II və III növ tə`yini söz birləşmələri kimi üç növü ilə yanaşı, “təktərəfli tə`yini söz birləşmələri”, “mürəkkəb tə`yini söz birləşmələri” kimi iki növündən də danışılmışdır.28 Söz birləşməsi ən azı iki mьstəqil sözün mə`na və qrammatik cəhətdən birləşməsi yolu ilə əmələ gəlir və minimum götürülən həmin iki sözdən birinin ixtisarı birləşmənin ixtisarı deməkdir.29 Ona görə də “təktərəfli” birləşmələrdən danışmaq mə`nasızdır. Birləşmələr ümumən quruluşca sadə və mürəkkəb olduğundan mürəkkəb birləşmələri ismi birləşmələrin xüsusi bir növü kimi ayırmaq da faydasızdır.
Yanaşma-uzlaşma əlaqəli (I tip) birləşmələrin (məktəb binası) tərəfləri arasında əlaqə daha möhkəmdir. Bu hal belə birləşmələrin mürəkkəb söz yaradıcılığı üçün bazaya çevrilməsinə səbəb olmuşdur. Ayaqqabı, əmioğlu, əlyazması, kəklikotu kimi saysız mürəkkəb sözlər ismi birləşmələrin həmin modeli əsasında əmələ gəlmişdir. Bu cür əlamətlər göstərir ki, belə birləşmələri parçalamaq, tərəflərini müstəqil cümlə üzvləri kimi izah etmək olmaz. Lakin uzlaşma-idarə əlaqəli (II tip) birləşmələrdə (məktəbin binası) vəziyyət tamamilə başqa cürdür. Bu cür birləşmələrin tərəfləri aralana bilir və tərəflər arasına müxtəlif sözlər, birləşmələr daxil olur. Birləşmənin əvvəlində işlənən tə”yinedici sözlər birinci tərəfə, tərəfləri arasında işlənən sözlər ikinci tərəfə aid olur təzə məktəbin binası – məktəbin təzə binası; təzə fabrikin direktoru – fabrikin təzə direktoru. Bu cəhətlər nəzərə alınaraq, birləşmənin əvvəlində və tərəfləri arasında işlədilən bu cür sözlər müstəqil tə`yin kimi təhlil edilir. Bu növ birləşmələrin tərəfləri sərbəst olduğundan bu model mürəkkəb söz yaradıcılığı imkanlarından məhrumdur. Bütün bunlar göstərir ki, belə birləşmələrin tərəflərini ayırmaq və birinci tərəfi tə’yin kimi izah etmək (tə’yinin tə`rifini dəyişməklə) mümkündür. Ə.Z.Abdullayev bir vaxtlar buna təşəbbüs etsə də,30 Azərbaycan dilçiliyində bu cür birləşmələrin tərəfləri ən`ənəvi olaraq birlikdə bir mürəkkəb üzv kimi təhlil edilir.
Bə`zi dilçilərin fikrinə görə, yanaşma-uzlaşma əlaqəli birləşmələri (dağ havası, dəniz suyu) iki növə ayırmaq lazımdır. Çünki, həmin fikrə əsasən, belə birləşmələrin bir qismi uzlaşma-idarə əlaqəli birləşməyə çevrilir (dağın havası, dənizin suyu), lakin bir qismini, məsələn, dağ çayı, yaz səhəri, bayram xonçası, yay tə`tili, rəsm dəftəri, yol qeydləri kimi birləşmələri çevirmək olmur.31 A. Ə. Aslanov qeyd etdiyimiz I və II tip birləşmələrdən “İsmi söz birləşmələri” adı altında bəhs edərək yazır: “Üçüncü növ ismi söz birləşmələrin bir qismində müəyyənlik və qeyri-müəyyənlik mə’nası ilə əlaqədar olaraq bə`zi hallarda birləşmənin birinci tərəfindəki yiyəlik hal şəkilçisi düşür. Birləşmə zahirən ikinci növ ismi birləşməyə bənzəsə də, əslində, bu, üçüncü növ ismi birləşmədir”.32 Bu fikrə əsasən də müəllif kolxozun idarəsi və kolxoz idarəsi birləşmələrinə fərq qoymur və hər iki birləşməni üçüncü növ ismi söz birləşməsi hesab edir.33 Belə olduqda, müəllifin ikinci növ ismi birləşmə kimi izah etdiyi ana südü, sovxoz işçiləri, məktəb binası… birləşmələrini kolxoz idarəsi birləşməsindən nə ilə fərqləndirdiyi mə`lum olmur. S.Cəfərov da qeyri-müəyyən yiyəlik halda olan sözlərdə yiyəlik hal əlamətinin düşmüş olduğunu göstərir: “Yiyəlik halda olan isimlər əşyanı müəyyən deyil, ümumi şəkildə bildirdikdə onun hal şəkilçisi düşür; məsələn: dəniz suyu, məktəb direktoru”. Qeyd etməliyik ki, şəkilçili və şəkilçisiz modellər dildə çox qədimdən mövcud olan modellərdir. Yiyəlik hal şəkilçisiz model isə daha qədimdir. Ona görə də I tipin 2-cidən mexaniki olaraq şəkilçi düşümü ilə yarandığını düşünmək və bu cəhətə əsasən şəkilçisiz modelin iki tipə ayrılması düzgün deyildir.
Yuxarıda aydın oldu ki, ismi birləşmələrin bu növləri yanaşma-uzlaşma və uzlaşma-idarə quruluş modellərinə əsaslanır. “Tə`yini söz birləşmələri” termini bunların mahiyyətindən doğmur. Bir model o birinə çevrilir və ya çevrilmir, buna əsaslanaraq eyni modeli müxtəlif cür adlandırmaq olmaz. Cəmləməklə, tərəflər arasına söz daxil etməklə “çevrilə bilməyən” birləşmələri də çevirmək olur. Məsələn, bə`zi dilçilərin qeyri-müəyyən yiyəlik halda olan birinci tərəfə yiyəlik hal şəkilçisi əlavə etməyin qeyri-mümkün olduğunu iddia etdikləri misallara baxaq (misallar yuxarıda verilmişdir): Bizim bu dağların gur çayları var. Bu yazın səhərləri çox dumanlıdır. Bu bayramın xonçası o qədər də ürəkaçan olmadı. Bu yayın tə`tilini də mə`nalı keçirməliyik. Sənin çəkdiyin bu rəsmlərin dəftəri də gözəldir. Bu yolun qeydləri də özü kimi uzun oldu və s. Başqa modelə çevirmək üçün bu və ya digər birləşmənin necə yarandığını da bilmək lazımdır. Nəzərə almaq lazımdır ki, müxtəlif söz birləşməsi modelləri vardır və danışan şəxs məqsədindən, bilik və savad dərəcəsindən asılı olaraq bu və ya digər modeldən istifadə edir: dəmir yol da deyir, dəmir yolu da; kənd təsərrüfatı da deyir, kəndin təsərrüfatı da. Ümumən, modellər arasında yaxınlıq olduğu üçün bir modeldən o birinə doğru inkişaf mümkündür: ipək xalça – ipək xalçası (“Dədə Qorqud”da “ipək xəliçəsi”) və: Bu ipəyin xalçası gözəl görünür. Eləcə də: daş divar – daş divarı – daşın divarı, taxta döşəmə – taxta döşəməsi – taxtanın döşəməsi və s.
İsmi birləşmələrin tərəfləri arasında tabelilik əlaqəsinin növü məsələsinə dair müxtəlif mülahizələr vardır.
Substantiv birləşmələrin bir qisminin (yaşıl yamac, uca çinar) tərəfləri arasında yanaşma əlaqəsinin olduğuna, demək olar ki, heç kəsdə şübhə yoxdur. Yalnız F.Zeynalov belə birləşmələrin birinci tərəfinin qeyri-müəyyən yiyəlik halda olduğunu qeyd etmişdir: “Hər iki tərəfi isimdən ibarət olan I növ tə”yini söz birləşmələrinin birinci tərəfi şəkilçisiz – qeyri-müəyyən yiyəlik halda olan söz hesab edilməlidir; məs.: dəmir yol”.34 Bu cür birləşmələrdə birinci tərəfin qeyri-müəyyən yiyəlik halda olduğunu iddia etmək üçün əsas yoxdur. Lakin bu cür mülahizə tərəflər arasında əlaqə məsələsinə münasibətdə də şübhə doğura bilir, çünki qeyri-müəyyən yiyəlik halda olan sözün sonrakı sözlə yanaşma və ya idarə əlaqəsində olması barədə fərqli mülahizələr vardır.
Əvvəlki ədəbiyyatda “üçüncü növ tə”yini söz birləşməsi” adlandırılan birləşmələrin (göyün ulduzu, dünyanın xəritəsi) tərəfləri arasında sintaktik əlaqələr məsələsində o qədər də rə”y müxtəlifliyi nəzərə çarpmır. Ə.Dəmirçizadə35, M.Hüseynzadə36, A.Aslanov37 bu cür birləşmələrin tərəfləri arasında əsas əlaqənin uzlaşma olduğunu qeyd etmişlər. Onlar birləşmənin birinci tərəfindəki yiyəlik hal şəkilçisinə o qədər də diqqət yetirməmiş, ikinci tərəfdəki mənsubiyyət şəkilçisinə üstünlük verərək uzlaşma əlaqəsini əsas götürmüşlər, lakin bə”zi qeydlər göstərir ki, belə birləşmələrdə birinci növbədə uzlaşmadan danışsalar da, həmin modeldə idarə əlaqəsinin varlığına da e”tiraz etməmişlər. Belə ki, məsələn, M.Hüseynzadə tə”yini söz birləşmələrinə dair geniş tədqiqat əsərində “üçüncü növ tə”yini söz birləşmələrinin tərəfləri arasında əsas sintaktik əlaqə uzlaşma əlaqəsidir”38 deyərkən “əsas” sözünü təsadüfi işlətməmişdir. Müəllifin digər əlaqə üsulunu – idarəni də nəzərdə tutduğu aydın olur. Onun M.Şirəliyevlə birlikdə uzun illərdən bəri nəşr etdirdiyi məktəb qrammatikasındakı:”Üçüncü növ tə”yini söz birləşmələri uzlaşma və idarə əlaqələri vasitəsilə düzəlir. Burada uzlaşma və idarə əlaqəsi yiyəlik hal və mənsubiyyət şəkilçiləri vasitəsilə yaradılır”39 sözləri də bu fikri təsdiq edir.
Azərbaycan dili qrammatik quruluşunun bu cəhətindən bəhs edən alimlərin əksəriyyəti – N.K.Dmitriyev.40 Ə.Abdullayev41, R.Xəlilov42, H.Mirzəzadə43, Y.Seyidov44 və başqaları bu cür birləşmələrin tərəfləri arasında uzlaşma ilə yanaşı, idarə əlaqəsinin olduğunu da qeyd etmişlər.
Bu fikir əksəriyyət tərəfindən qəbul edilmiş düzgün fikirdir. Çünki isim, əvəzlik və məsdərlə yanaşı, isimləşə bilən başqa nitq hissələri də yiyəlik halın şəkilçisini qəbul edərək belə birləşmələrin birinci tərəfi kimi çıxış edir (maralın buynuzu, qırmızının tündü, sənin nəyin, oxumağın faydası, ağıllının məsləhəti, oxuyanların bə`ziləri, beləsinin sözləri və s. ); birinci tərəfin yiyəlik halda olması, yə`ni buradakı hal şəkilçisi sözün idarə olunduğunu göstərir. Eyni zamanda belə birləşmələrin ikinci tərəfi birinci tərəfdən asılı olaraq hər üç şəxsin mənsubiyyət şəkilçilərini qəbul edə bilir; məsələn: mənim arzum, sənin arzun, onun arzusu, bizim arzumuz, sizin arzunuz, onların arzuları. Əgər birinci tərəfdəki hal şəkilçisi ikinci tərəfdəki mənsubiyyət şəkilçili sözün tələbi ilə işlənirsə, hazırkı nəzəriyyəyə görə, ikinci tərəfdəki mənsubiyyət şəkilçisi də birinci tərəfin hansı şəxsdə olmasından asılıdır. Ona görə də belə birləşmələrin tərəfləri arasında tabelilik əlaqəsi qarşılıqlı şəkildədir: idarə əlaqəsinə görə birinci tərəf ikinciyə, uzlaşma əlaqəsinə görə ikinci tərəf birinciyə tabedir.
Mübtəda ilə xəbər arasında sintaktik əlaqədən danışılarkən, bir qayda olaraq, xəbərin mübtədaya tabe olduğu, mübtəda ilə uzlaşdığı qeyd edilir. Sahib şəxslə mənsub əşya arasında əlaqə də buna müvafiq şəkildə izah edilir və mənsubiyyət şəkilçili tərəfin asılı tərəf olduğu göstərilir. Lakin mə`lum olduğu kimi, cümlədə xəbərin rolu böyükdür və bir çox hallarda, xəbərdən fərqli olaraq, mübtədaya ehtiyac olmaması ilə yanaşı, mübtədanın xəbər vasitəsilə müəyyənləşdirilməsi də mümkündür: Oxumuşam – Mən oxumuşam. Yatmışdın – Sən yatmışdın və s. Bu şəkildə, mənsubiyyət şəkilçilərinin köməyi ilə sahib şəxsi də müəyyənləşdirmək olur: dağlarımız – bizim dağlarımız, kəndiniz – sizin kəndiniz və s. Bu cəhəti nəzərə alaraq, mübtədanın xəbərdən, eyni zamanda sahib şəxs bildirən tərəfin mənsubiyyət şəkilçili tərəfdən asılı olduğunu ağlabatan şəkildə qeyd edənlər də vardır. Bundan əlavə, bə`zi rus dilçilik ədəbiyyatında mübtəda ilə xəbər arasında birtərəfli tabelilik əlaqəsinin (uzlaşmanın) deyil, qarşılıqlı əlaqə üsulunun – k o o r d i n a s i y a n ı n olduğu göstərilir . Mübtəda – xəbər əlaqəsinə bu cür baxış üçün türk dillərinin cümlə quruluşu daha çox əsas verir. Əlaqələrin bu cür müəyyənləşdirilməsi söz birləşmələrinin tərəfləri arasında sintaktik əlaqələrə də yenidən baxılmasına səbəb ola bilər.
Həm uzlaşma, həm də idarə əlaqəsi tərəflərin aralanmasına, tərəflər arasına müxtəlif sözlərin daxil olmasına imkan verir. Bu hal uzlaşma-idarə əlaqəli birləşmələrdə də özünü göstərir; məs.: Lakin arvadın son zamanlar dəqiq surətdə hər gün özünə sığal verməsi Yavəri şübhəyə saldı (M. İbrahimov) – cümləsindəki son zamanlar dəqiq surətdə hər gün sözlərini arvadın sığal verməsi birləşməsindən kənara da çıxarmaq olar: Lakin son zamanlar dəqiq surətdə hər gün arvadın özünə sığal verməsi Yavəri şübhəyə saldı. Belə söz və birləşmələrin müstəqil üzv olduğuna şübhə yoxdur. Ola bilər ki, bu cür sözlər birləşmənin bilavasitə ikinci tərəfinə aid olsun: Bakının sayrışan ulduzlarından, Çadrasız, boyasız şən qızlarından… Salam gətirmişəm hüzuruna mən. (S Vurğun) – misralarında fərqləndirilən sözlər birləşmənin ikinci tərəfinə aid tə`yin hesab olunur. Hətta bə`zən bu cür sözlər tə`yinin tə`yini kimi çıxış edir; məs.: Qırxıncı gün şahın 20 yaşlı cəsur oğlu Maliktac şəhərə daxil oldu (İ.Əfəndiyev) – cümləsində şahın oğlu birləşməsi mübtədanın (Maliktac) tə`yinidir, həmin birləşmənin tərəfləri arasında işlənmiş 20 yaşlı cəsur sözləri isə birləşmə şəklində ifadə olunmuş tə`yinin ikinci tərəfinə aid tə`yindir.
Yanaşma-uzlaşma əlaqəli birləşmələrin (dağ havası, bulaq suyu) tərəfləri arasında sintaktik əlaqələr məsələsində fikir ayrılığı daha çoxdur. Ə.Dəmirçizadə bu qrup birləşmələrin tərəfləri arasında da uzlaşma olduğunu qeyd etmişdir.45 N.K.Dmitriyev yanaşma və idarə əlaqələrini əsas götürmüşdür: “Azərbaycan dilində (və başqa türk dillərində) hər hansı ismi tə`yin yalnız yanaşma prinsipi üzrə deyil, həm də idarə prinsipi üzrə qurulur. Məsələn, adi yanaşma prinsipi üzrə qurulan dəmir qapı ilə dəniz suyu, dənizin suyu kimi birləşmələri müqayisə edin”.46
M.Şirəliyev və M.Hüseynzadə də eyni fikirdə olmuşlar.47 Ə. Abdullayev dəniz suyu tipli birləşmələrin tərəfləri arasında idarə və uzlaşma əlaqələrini qəbul etmişdir.48 Y.Seyidov bunlardan fərqli olaraq, qeyd edilən birləşmə modelinin yanaşma və uzlaşma əlaqələri ilə qurulduğunun isbatına çalışmışdır.49 N.Məmmədov isə yer üzü tipli birləşmələrin “qeyri-müəyyən idarə əlaqəsi” ilə qurulduğunu göstərmişdir: ”Bu birləşmələrin (yer üzü, yerin üzü) hər ikisində idarə əlaqəsi vardır. Deməli, yerin üzü, Azərbaycanın kəndlisi birləşmələrində müəyyənlik bildirən idarə əlaqəsi varsa, yer üzü, Azərbaycan kəndlisi tipli birləşmələrdə qeyri-müəyyən idarə əlaqəsi vardır”.50 I və II tip (dəniz suyu, dənizin suyu) ismi birləşmələrin tərəfləri arasında sintaktik əlaqələrin tədqiqinə xüsusi məqalə həsr etmiş R.Xəlilov isə dəniz suyu tipli birləşmələrin tərəfləri arasında tabelilik əlaqələrinin üçünün də olduğunu qeyd etmişdir: “İkinci və üçüncü növ tə`yini söz birləşmələri dilimizdəki başqa söz birləşmələrindən fərqli olaraq, qarşılıqlı tabelilik prinsipi əsasında qurulur. Belə ki ikinci növ tə”yini söz birləşməsi uzlaşma, idarə və yanaşma əlaqələri ilə düzəlirsə, üçüncü növ tə`yini söz birləşməsi uzlaşma və idarə əlaqəsi ilə düzələn söz birləşməsidir”.51 Bunu da qeyd etmək olar ki, R.Xəlilov dəniz suyu tipli birləşmələrin tərəfləri arasında uzlaşma və yanaşma əlaqələri haqqında ətraflı mə`lumat vermiş, tərəflər arasında idarə əlaqəsinin özünü necə göstərdiyindən danışmamışdır.
Bu xülasədən aydın olur ki, Ə.Dəmirçizadə, Ə.Abdullayev, Y. Seyidov, R.Xəlilov dəniz suyu tipli birləşmələrin komponentlərini əlaqələndirən üsullardan biri kimi u z l a ş m a n ı əsas götürmüşlər. Azərbaycan dilində uzlaşma tabe tərəfin tabeedən tərəflə şəxsə və kəmiyyətə görə uyğunlaşması şəklində baş verir. Bu baxımdan yanaşdıqda dəniz suyu tipli birləşmələrdə uzlaşmanın tələblərinə müvafiq cəhətlər vardır. Ayaq səsi, ceyran yerişi, ev heyvanı, baş darağı, pəncərə şüşəsi, elm adamı, tələbə geyimi… birləşmələrinin birinci tərəfi üçüncü şəxsdə olduğu üçün ikinci tərəf üçüncü şəxsə aid mənsubiyyət şəkilçisi qəbul edərək həmin tərəflə uzlaşmışdır. Doğrudur, belə birləşmələrin tərəfləri arasında kəmiyyət uyğunluğunun dəqiq göstəricisi olmur; məsələn: evlər müdiri birləşməsinin birinci tərəfi cəm, ikinci tərəfi tək olduğu halda, məktəb direktorları birləşməsində əksinə vəziyyət vardır. Lakin hər iki tərəfi kəmiyyətcə tək olan ailə başçısı, məktəb işçisi, dərs otağı kimi birləşmələrlə yanaşı, həmkarlar ittifaqları, atalar sözləri kimi hər iki tərəfi cəm olan birləşmələr də vardır. Mə`lumdur ki, belə birləşmələrin birinci tərəfi həmişə ümumilik bildirir. Ona görə də anlayışdan asılı olaraq, birinci tərəf həm tək, həm də cəm mə`nada başa düşülə bilər. Məsələn, məktəb direktoru birləşməsində direktor sözü kəmiyyətcə tək olduğu üçün məktəb sözü də kəmiyyətcə təklik bildirir; məktəb direktorları birləşməsində isə ikinci tərəfin cəm olması heç bir qrammatik dəyişikliyə uğramadan birinci tərəfin də qeyri-müəyyən çoxluq ifadə etməsinə səbəb olur. Buna görə də yarış bayrağı, hesabat mə`ruzəsi, ölüm halı, qılınc yarası, istirahət parkı kimi külli miqdarda birləşmələrdə ikinci tərəfi lazım gəldikdə cəmləmək də olar. Birinci tərəf ümumilik bildirməklə yanaşı, ikinci tərəfin tələbindən asılı olaraq, cəm şəkilçisi də qəbul edə bilir. İkinci tərəf toplu isimlərlə ifadə olunduqda bu hal daha çox müşahidə edilir: durna qatarı – durnalar qatarı, ceyran sürüsü – ceyranlar sürüsü, qadın məclisi – qadınlar məclisi, topçu polku – topçular polku və s. Birinci tərəf tək, ikinci tərəf cəm olduqda qeyri-müəyyən yiyəlik halda olan birinci tərəfin kəmiyyətcə tək və ya cəm mə`nada anlaşılması danışanın məqsədindən asılı olur. Məsələn, məktəb işçiləri birləşməsində məktəb sözü mətndən asılı olaraq bir və ya çox məktəb kimi başa düşülə bilər. Bu hal göstərir ki, belə birləşmələrin tərəfləri arasında kəmiyyət uzlaşması qrammatik yolla – kəmiyyət şəkilçisi vasitəsilə sabit şəkildə öz ifadəsini tapa bilmir, tərəflər arasında kəmiyyət uyğunluğu ümumilik və qeyri-müəyyənlik mə`naları əsasında tə`min edilmiş olur. Şəxsə görə uzlaşma isə zahirən sabit xarakter daşıyır: birinci tərəf üçüncü şəxsdə olur, ikinci tərəf həmin şəxsə məxsus mənsubiyyət şəkilçisi qəbul edir. Lakin, əslində, belə birləşmələrdə şəxsə görə uzlaşma formal xarakterdədir. Belə ki, sahib şəxs və mənsub əşya bildirən tərəflər üçüncü şəxsdə olsa da, ümumilik və qeyri-müəyyənlik mə’naları birləşmələrin tərəflərini üç şəxsin üçü ilə də bağlayır. A. Aslanov da bu cəhəti duyaraq vaxtilə yazmışdır: “… qadın yerişi, kişi kostyumu, oğlan köynəyi, müəllim otağı, ata nəsihəti, uşaq ağlaması, aqronom məsləhəti, çoban aşı, ləzgi xingalı kimi birləşmələrdə ikinci tərəfdə ifadə olunan əşyanın hansı şəxsə aid olduğu mə`lum deyildir. Bunlar şəxs e`tibarilə qeyri-müəyyəndir. Əşya bütün şəxslərə mənsub ola bilər”.52 Deməli, dəniz suyu tipli birləşmələrdə şəxsə görə uzlaşmanın mənsubiyyət şəkilçisindən ibarət formal əlaməti olduğu halda, uzlaşma ümumi xarakter daşıyır və yalnız üçüncü şəxsə deyil, digər şəxslərə də aid olur.
Dilçilərin bir qrupu – N.Dmitriyev, M.Şirəliyev, M.Hüseynzadə, Y.Seyidov, R.Xəlilov dəniz suyu tipli birləşmələrin tərəfləri arasında digər bir əlaqə üsulu kimi y a n a ş m a n ı n mühüm rola malik olduğunu göstərmişlər. H.Mirzəzadə bu cür birləşmələri tarixi aspektdə tədqiq edərək belə bir nəticəyə gəlmişdir ki, bu tipli birləşmələrdə “…daxili sintaktik əlaqənin möhkəmliyi nəticəsində birləşmə tam bir məfhumun adına çevrilmişdir. Məhz buna görə də bir sıra bu tipli birləşmələrdə artıq tərəflərdən birinin digəri üçün tə`yin olması ehtimalı əhəmiyyətini itirir.”.53 Belə birləşmələrdə tərəflər arasında sintaktik əlaqənin möhkəmliyini başqaları da qeyd etmişlər: “Bu birləşmələr (dəniz suyu tipli birləşmələr – Q. K. ) arasında əlaqə o qədər möhkəm olur ki, bunlar arasına heç bir söz əlavə etmək mümkün deyildir”. 54“İkinci növ tə”yini söz birləşmələrinin tərəfləri arasına söz daxil ola bilməməsi onu göstərir ki, üçüncü növ tə”yini söz birləşməsinə nisbətən burada tərəflər arasında daha möhkəm əlaqə vardır”.55 Tərəflər arasında bu möhkəmlik nədə özünü göstərir? Mə`lumdur ki, dəniz suyu tipli birləşmə modeli dildə mürəkkəb söz yaradıcılığı üçün baza təşkil edir. Mürəkkəb söz kimi formalaşan dil vahidlərinin arasında möhkəm əlaqə, bağlılıq olmalı, tərəflər arasına müxtəlif sözlərin daxil ola bilmə imkanları maksimum məhdudlaşmalıdır. Dəniz suyu tipli birləşmə modeli bunun üçün ən əlverişli modeldir. Komponentlərin öz müstəqilliyini itirərək tədricən bir bütöv şəklində birləşməsi üçün də bu model əlverişlidir. İncə bel tipli yanaşma əlaqəli birləşmələr də mürəkkəb söz yaradıcılığına bu cür xidmət edir. Bu hal göstərir ki, dəniz suyu tipli birləşmələrin tərəfləri arasında əsas əlaqə üsulu yanaşma olmalıdır. Əslində, bu cür birləşmələrin tərəfləri arasında əlaqənin möhkəmliyindən danışanlar tərəflər arasındakı yaxınlığı, yanaşı işlənməni, yanaşmanı nəzərə almışlar. Heç şübhəsiz, yanaşmanın üstün mövqeyi həm də birinci tərəfin ümumilik və qeyri-müəyyənlik mə`naları ilə bağlıdır. Ümumilik və qeyri-müəyyənlik mürəkkəb söz yaradıcılığı üçün ilkin şərtlərdəndir. (Qeyri-müəyyən tə`sirlik halda olan sözlərin tə`sirli fe`llərin yanında işləndiyi, bu cür sözlərlə tə`sirli fe`llər arasına müstəqil mə`nalı sözlərin daxil ola bilmədiyi də mə`lumdur. Tə`sirlik halda olan sözlərin də bir qismi tarixən tə`sirli fe`llərlə birləşmiş və müxtəlif ifadələrin yaranmasına səbəb olmuşdur: baş aparmaq, ağız açmaq, bel bağlamaq, dil tökmək və s. Mismar düzəltmək, şe`r yazmaq, odun doğramaq, çiçək dərmək kimi birləşmələrdə birinci tərəfin ümumilik və qeyri-müəyyənlik bildirməsi həmin tərəfin fe`llə yanaşma əlaqəsində olduğunu göstərir).
Dediyimiz kimi uzlaşma və idarə əlaqələri tərəflər arasına müxtəlif sözlər daxil olmasına imkan verir. Bu cəhət məhdud və spesifik şəkildə yanaşma əlaqəsinə də aiddir. Lakin dəniz suyu tipli birləşmələr yanaşma və uzlaşma əlaqələri ilə qurulduğu halda, tərəflər arasına söz daxil ola bilmir. Bu hal göstərir ki, tərəflər arasına söz daxil ola bilməməsi əlaqə üsullarından çox, ьmumilik və qeyri-müəyyənlik mə`naları ilə bağlıdır.
Dəniz suyu tipli birləşmələrin tərəfləri arasında i d a r ə əlaqəsinin olduğunu da qəbul edənlər vardır (N.Dmitriyev, M.Şirəliyev, M.Hüseynzadə, Ə.Abdullayev, R.Xəlilov və b. ). Bu cür birləşmələrdə idarə əlaqəsi barədə mülahizənin məntiqsizliyi haqqında Y.Seyidov hələ 40 il əvvəl yazmışdır: ”İdarə əlaqəsindən danışılarkən qeyd edilməlidir ki, vətənin torpağı tipli birləşmələrdə birinci tərəf ikinci tərəf vasitəsilə idarə olunur. Burada vətənin sözünün idarə olunmasını göstərən yiyəlik hal şəkilçisidir (-in). Vətən torpağı birləşməsinin birinci tərəfində isə (vətən) belə bir şəkilçi yoxdur, deməli, burada idarə əlaqəsinin əlaməti yoxdur”. “Doğrudan da, vətən torpağı vətənin torpağı deməkdir. Lakin buradan зıxış edərək birləşmənin birinci tərəfinin idarə olunmasını, yə`ni onun ikinci tərəflə idarə əlaqəsində olmasını söyləmək olmaz”.56
Beləliklə, ümumilik və qeyri-müəyyənlik bildirməsi, heç bir formal əlamətə malik olmaması, tərəflər arasına söz daxil olmasına imkan verməməsi, ikinci tərəfdən aralana bilməməsi kimi əlamətlər göstərir ki, dəniz suyu tipli birləşmələrin birinci tərəfi ikinci tərəfə yanaşma yolu ilə tabe olur. Lakin bu yanaşma yaşıl yamac tipli birləşmələrdəki yanaşmadan keyfiyyətcə fərqlidir. Bu fərq tərəflər arasında qarşılıqlı tabelilik əlaqəsinin olması və birinci tərəfin ümumilik, qeyri-müəyyənlik mə`naları ilə bağlıdır:
yanaşma yanaşma uzlaşma
ağ saç dəniz suyu göyün ulduzu
uzlaşma idarə
Sintaktik əlaqə üsullarından (tabelilik əlaqələrindən) ən qədimi yanaşmadır. Yanaşmadan sonra yanaşma, sıralanma, qoşulma əsasında tədricən uzlaşma və daha uzun müddətə idarə əlaqəsi formalaşmışdır. Sintaktik əlaqə üsullarının formalaşmasındakı bu tarixi-təqribi ardıcıllıq öz izlərini ismi birləşmələrin sxemlərlə qeyd etdiyimiz növlərində də saxlamışdır: əvvəlcə yanaşma əlaqəsinə əsaslanan ağ saç tipli birləşmələr yaranmış, dəniz suyu tipli birləşmələr meydana çıxarkən yanaşma əlaqəsi ilə bərabər yeni əlaqə üsulu – uzlaşma da tərəfləri əlaqələndirmək üçün fəaliyyətə başlamışdır; göyün ulduzu tipli birləşmələrin formalaşması üçün yanaşma əlaqəsi daha lazım olmamış, uzlaşmadan və yeni əlaqə üsulu olan idarədən istifadə edilmişdir.
Bu ardıcıllıq həm qədim, həm də müasir dil faktları ilə özünü doğruldur. Belə ki, M.D.Novruzov türk dillərində hal sistemini tarixi aspektdə nəzərdən keçirərək yazır: “Ümumi dilçilikdə, o cümlədən türkologiyada şəkilçisiz birləşmələrin ilkin olması fikri müdafiə olunur. Bu fikri tə`yini söz birləşmələrinə aid etmiş olsaq, onda I növ tə`yini söz birləşmələrinin ilkin olması fikri ilə razılaşmalıyıq. Qədim və orta əsrlər türk abidələrinin materialları aydın şəkildə göstərir ki, I növ tə`yini söz birləşmələri digər növlərə nisbətən geniş semantik rəngarəngliyə malikdir. Bu üstünlük özünü say baxımından da gцstərir. Belə ki, VII-X əsrlər Orxon və uyğur abidələrinin dilində 70 faiz I növ, 25 faiz II növ, 4 faiz III növ tə`yini söz birləşməsinə rast gəlinir. V.D.Arakin bu nəticəyə gəlir ki, türk dillərində izafətin (tə`yini söz birləşmələrinin – M.N.) inkişafı aşağıdakı kimi olmuşdur: I növ – II növ – III növ. Həmin fikir Z.Tağızadə və Q.A.Abduraxmanov tərəfindən də söylənmişdir. ”57
Onu da qeyd edək ki, adətən dilçiliyimizdə dəniz suyu və göyün ulduzu tipli birləşmələr arasında yaxınlıq olduğu barədə söhbət gedir. Bir çox faktlar göstərir ki, daş divar tipli birləşmələrlə dəniz suyu tipli birləşmələr arasında əlaqə, yaxınlıq, bunlardan bir-birinə keçid daha güclü olmuşdur. Göyün ulduzu tipli birləşmələrə “çevrilə bilmədiyi” qeyd edilən dəmir yolu tipli birləşmələr əvvəlcə dəmir yol şəklində formalaşmış, sonralar dəmir yolu şəklinə düşmüşdür.