Dürdanə Rəhimzadə: “Məncə biz hörümçək sözünə təşəkkür etməliyik ki, lüğətimizin ağrılı məqamlarını gündəmə gətirdi”
Müsahibimiz Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Bioloji, humanitar və ictimai elmlər şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Dürdanə Rəhimzadədir. Professorla orfoqrafiyamızın hazırkı vəziyyətini və problemlərini müzakirə etdik.
– Dürdanə xanım, Azərbaycan orfoqrafiyasının hazırkı vəziyyətini necə qiymətləndirirsiniz və sizcə, bu sahədə daha çox hansı problemlər mövcuddur?
– Bu gün dilmizin lüğət tərkibi, orfoqrafiyası, ümumiyyətlə lüğətçiliyimizim vəziyyəti qeyri-qənaətbəxşdir, desək yanılmarıq. Bu, son dövrlər ən çox müzakirə olunan məsələlərdəndir, lakin nəticə hələ ki, görünmür.
Məlumdur ki, hər bir dilin lüğət tərkibi zamanla dəyişir, dilə yeni sözlər daxil olur. Bu yenilənmə lüğətlərdə öz əksini tapmalıdır. Başqa sözlə, lüğətlər mütəmadi olaraq yenilənməlidir. İlk növbədə bu, orfoqrafiya lüğətində əks olunur. Digər ölkələrin təcrübəsində bu müddət, adətən beş il götürülür. Orfoqrafiya lüğəti ilə yanaşı izahlı lüğət də yenilənir və dilə daxil olmuş sözlərin izahı orada açıqlanır. Bəllidir ki, dilə yeni ifadələr daxil olarkən, onlardan bir çoxunun mənası orta savad səviyyəsinə sahib istifadəçiyə aydın olmaya bilər. Odur ki, orfoqrafiya lüğətinin yenilənməsi ilə paralel izahlı lüğətə də həmin sözlər daxil edilməlidir.
Bəs bizdəki vəziyyət nədir? Uzun müddətdən sonra nəşr edilən orfoqrafiya lüğəti və orfoqrafiya normaları qalmaqallı müzakirələrin və söz-söhbətin başlanğıcını qoydu. Buna bir çox səbəblər göstərildi. Lüğətə əlavə olunan sözlər bu gün dilimizdə işlənən yeni sözlərin hamısını əks etdirmir. Digər tərəfdən dilimizdə uzun illər işlənən, lakin lüğətdə qeyd olunmayan sözlər mövcuddur. Başqa müsahibələrdə də bu barədə danışdığımız kimi, maşın ehtiyat hissələrinin adları, kosmetik vasitələrin adları və s.. Bunlar, əslində yeni sözlər deyil, uzun illərdir ki, dilimizdə işlənir, lakin nə Azərbaycan dilində qarşılığı seçilib, nə də lüğətə salınıb. Belə sözlərə “havada qalmış sözlər” adını qoymuşuq: qolfı, zakolka, aylayner və s.. Bu sözlərin sayı az deyil, heç biri yeni söz deyil, aktiv işlənən sözlərdir, lakin lüğətdə yoxdur. Bununla bağlı önəmli bir məsələni də qeyd etmək istərdim. Biz dilmizdə alınma-varvarizmlərin işlənməsindən şikayət edirik, bunda dil istifadəçilərini qınayırıq, lakin burada bu məsələnin tənzimlənməsi əlaqədar qurumların məsuliyyətindədir. Söz yarandığı vaxtdan etibarən ya onun qarşılığı seçilməli, ya da olduğu kimi lüğətə əlavə edilməlidir. Uzun müddət istifadəçilərin öhdəsinə buraxılan söz dildə mövqeyini möhkəmlədir, necə deyərlər, oturuşur, sonra nə qarşılıq seçirsənsə seç, işlənmir, çünki bu proses gecikir. Hazırda rozetka, zaryadka, udlinitel və s. bu kimi sözlərə nə qədər qarşılıq düşünsək də bunun işləkliyinə nail ola bilməyəcəyik, çünki gecikmişik. Yeni sözlər dilimizə böyük sürətlə daxil olur. Hazırda işlənməkdə olan, lakin heç bir lüğətdə qeyd edilməmiş sözlər vardır. Costik, layfhak, direkt, storis, çelenc … və bu kimi çoxlu sayda söz cavanlarımızın və sosial şəbəkə istifadəçilərinin ən aktiv işlətdikləri sözlərdəndir.
– Azərbaycan ədəbi dilinin yazı qaydalarında olan çatışmazlıqlar haqqında nə qədər müzakirələr təşkil edilsə də, problem həllini tapmır. Lüğətçiliyimiz ilə bağlı təklif olunan dəyişikliklərə və müzakirə olunan yeni qaydalara sizin münasibətiniz necədir?
– Orfoqrafiya normalarında da bir çox çatışmazlıqları qeyd etmək mümkündür. İlk növbədə, normalarda verilən qaydalarla lüğətin daxilində verilən sözlərin yazılışdakı uyğunsuzluqlar diqqəti cəlb edir. Görünür ki, qaydalar verilib, lakin sözlərin hamısına deyil, bir qisminə tətbiq edilib. Ümumiyyətlə, normalarla bağlı bəzi qeydlərimi Sizinlə bölüşmək istərdim:
3.7. Əsli [c] samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper və s. Buradan belə çıxır ki, cemper sözünün əsli C ilə yazılır. Halbuki, bu sözün əslinə baxsaq sözün ingiıis dilindən alındığını və mənbə dildə J ilə jumper, bu dilə isə fransız dilindən jup (juppe), bu dilə də ərəb dilindən ǧubbah keçdiyini görürük. Hər halda, normaların tərtibi kifayət qədər ciddi işdir və bu zaman sözün etimologiyasına baxmaq vacibdir.
4.6-cı bənddə göstərilir: Mənbə dildə tərkibində qq, ll, mm, pp, tt samitləri olan Avropa mənşəli aşağıdakı alınma sözlər (apellyasiya sözü istisnadır) bir samitlə yazılır: aqlütinativ, paralel, teleqram, aparat, vat və s..
Buradan belə aydın olur ki, bu qəbildən olan sözlərdən apellyasiya sözündən başqa qoşa l ilə yazılanı yoxdur. Halbuki, yeni orfoqrafiya lüğətində alleqoriya, allergiya, alleya, alliterasiya, allofon və s. sözlər qoşa ll ilə verilmişdir. Deməli, isitisna kimi bu sözlər də verilməli idi.
6.3.4. mürəkkəb coğrafi sözlər: cənub-qərb, şərq-qərb, şimal-şərq və s. Burada diqqətinizi şərq-qərb sözünə cəlb etmək istərdim. Defislə yazılırsa bu, bir coğrafi istiqamətdir. Bu istiqaməti nə qədər təsəvvür etməyə çalışıram, alınmır. Adətən, bu sözlər yanaşı olan iki istiqamətin arasındakı yönü göstərir. Məsələn simal ilə qərbin və ya cənub ilə şərqin və s. arasını bildirən istiqamət. Şərq-qərb sözünün misal kimi verilməsi bu baxımdan məntiqsizdir, çünki tamalə əks istiqamətlərdir.
7.2.2 -ci bənddə oxuyuruq:
İkihecalı qoşmalar (ilə, kimi, qədər, ötrü, təki, üçün) aid olduqları sözdən ayrı yazılır: gəmi ilə, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün və s.
Qeyd. 1. İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər: qatarla, qələmlə və s.
Qeyd: Etibarilə, məqsədilə, münasibətilə, vasitəsilə sözləri bitişik yazılır. Göründüyü kimi ilə qoşmasının bitişik yazıldığı sözlərin siyahısında “və s.” qeydi yoxdur. Bu da o deməkdir ki, istisna halı yalnız bu sözlərə aiddir. Belə çıxır ki, vaxtilə sözü “vaxtı ilə” , xüsusilə sözü isə “xüsusi ilə” yazılmalıdır, halbuki lüğətdə bu sözlər vaxtilə və xüsusilə şəklində verilmişdir. Hesab edirik ki, bu bənddə sözlərin siyahısı dəqiq verilməlidir və bu qəbildən olan bütün sözlər siyahıya daxil edilməlidir.
– Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətindən “hörümçək” sözü çıxarılıb, əvəzinə lüğətə “spayder” sözü salınıb. Bu mövzuya münasibətiniz necədir?
– Məncə biz bu hörümçək sözünə təşəkkür etməliyik ki, lüğətimizin ağrılı məqamlarını gündəmə gətirdi və bununla bağlı bir hərəkətlənmə başladı. Ümid edirəm ki, bu hərəkət inersiya üzrə bir qədərdən sonra dayanmayacaq, yoxsa gərək başqa həşəratlara da kömək üçün müraciət edək. Əlbəttə bu, zarafatdır.
Ciddi danışsaq, qeyd etməliyik ki, orfoqrafiya lüğətinin 266-267-ci səhifələrində hörümçəkkimi (-lər), hörümçəyəbənzər, hörümçəyəoxşar sözləri qeyd olunmuşdur. Bu da o demıkdir ki, hörümçək sözünün qeyd olunmaması sözün lüğətdən çıxarılması kimi deyil, unudulmasıdır. Spayder sözünə gəlincə, bu sözdən öncə lüğətə salınmalı olan yüzlərlə, bəlkə də daha artıq söz və ifadələr var. Bu barədə bir qədər bəhs etdik, onu da əlavə edim ki, bu gün lüğətlərimizə söz əlavə etmək üçün mənbələr olmalıdır. Bu mənbələr vaxtilə bədii əsərlər idi. İndi, etiraf etməliyik ki, yeni yaranan sözlərin heç on faizini biz bügünkü bədii ədəbiyyatda tapa bilmərik. Bəs hansı mənbələrə müraciət etmək lazımdır? Birmənalı şəkildə yeni yaranan sahələri, xüsusən sosial şəbəkələrdə olan leksikanı araşdırmaq, virtual , rəqəmsal ixtisas sahələrinə aid ədəbiyyatın dili ilə tanış olmaq və vaxtında bu sahələrə aid terminologiya təhlil edilmək lazımdır.
Bu yaxınlarda “Rəqəmsal marketinq” adlanan kursun proqramı ilə tanış oldum. İfadələrin əksəriyyətinin dilimizdə qarşılığı düşünülməyib deyə bu ifadələr elə ingilscə də verilir: “Marka məlumatlılığı” mənasında Brand awareness, “alıcı səyahəti” mənasında Buyer journey, “iki eyni məzmunlu, fərqli dizaynlı postların test edilməsi” mənasında A/B testing və s. Bu kimi yeni yaranmış sahələr, ixtisaslar yüzlərlədir və buna uyğun olaraq da hər birinə aid söz və ifadələr bəlkə də minlərlədir. Bunların hamısı vaxtında, bir də vurğulayıram ki, gecikmədən araşdırılmalı və qarşılıqları seçilməlidir. Gecikmə halında ingiliscə ifadələr möhkəmlənəcək və sonra nə cür uğurlu söz seçiməsindən asılı olmayaraq həmin söz işlənməyəcək.
– Hazırda dilimizdə xarici dillərə, xüsusilə, rus dilinə məxsus bir çox sözlər işlənir. Məsələn, “uje”, “naoborod”, “resqi” və s. bu kimi sözlər işlədirik. Necə düşünürsüz gələcəkdə bu sözlərdən imtina edib, fikrimizi öz sözlərimizlə daha səlist və sərbəst ifadə edə biləcəyikmi?
– Qeyd etdiyiniz sözlərin hər birinin qarşılığı dilmizdə var. “Niyə işlədilmir?” sualının isə ən rahat cavabı bütün məsuliyyəti istifadəçilərin boynuna atmaq olardı. Əslində mən indi sizə pafos dolu “belə olmalıdır, elə olmalıdır, milli məsuliyyət hissi insanlarımızda azdır ” kimi sözlərlə uzun-uzadı danşa bilərdim. Amma, fikrimcə burada təbliğatın çox böyük önəmi var. Bizim dilmizdə səsləndirilən filmlərin sayı olduqca azdır. Kinoteatrlarımızda film nümayişləri zamanı, dublyaj, sinxron tərcümə bir tərəfə qalsın, altyazılarda belə normal tərcümə görə bilmirik. Dilimizin təbliği haqqında çox danışırıq, amma mahiyyət etibarilə dilimiz nəinki təbliğ olunmur, hətta bəlkə də proses əksinə gedir. Film dublyajlarında bayağı bir dil eşidirk və insanlarımızda elə təsəvvür yaranır ki, dilmizdə filmlər maraqsız, uğursuz və s. alınır. Bu antitəbliğat deyil, bəs nədir? Böyük kütlələrin ən çox yönəldiyi televiziya kanallarında nəyə baxsaq, türksayağı, russayağı, ingilissayağı danışıqdan tutmuş bayağı danışığa qədər hər şey görə, eşidə bilərik, düzgün, səlis, doğru nitqin təbliğindən başqa. Yəni hesab edirəm ki, bu sözlərin işlənməməsi üçün yüksək səviyyədə təbliğat-təşviqat işlərinin aparılmalıdır. Deyirlər, ən son ölən ümidlərdir. Biz də ümid edirik…
Röyalə Xəyal
olaylar.az