2021-ci il Rusiyada və onun hüdudlarından kənarda Fyodor Dostoyevskinin 200 illik yubileyi ilə əlamətdar oldu. Azərbaycanda yazıçı haqqında ilk məlumatlara XX əsrin əvvəllərində rast gəlinir. 1909-cu ildə F.Köçərli (“Tərəqqi” qəzeti), 1915-ci ildə M.Rəsulzadə (“Açıq söz” qəzeti), 1926-cı ildə K.Naxçıvanlı (“Yeni fikir” qəzeti) Dostoyevskini milli və dünya yazıçısı adlandırır və onu Höte və Servanteslə müqayisə edirlər. Dostoyevskiyə həsr olunmuş ilk məqalələr də məhz Azərbaycan mətbuatında işıq üzü görür. 1956-cı ildə “Azərbaycan gəncləri”, “Şərq qapısı”, “Ədəbiyyat” qəzetlərində M.Rəfilinin, M.Bektaşinin, B.Musayevin məqalələri dərc olunur. XX əsrin 70-80-ci illərində Azərbaycan mətbuatında Dostoyevskinin 150 illik yubileyi ilə əlaqədar onlarca məqalə dərc olunur. Ədibin yaradıcılığının ciddi elmi araşdırılması dövrü isə XX əsrin 90-cı illərindən başlayır və filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin professoru Məmməd Qocayevin adı ilə bağlıdıır (Məmməd müəllim həm də “Nizaminin insan fəlsəfəsi” monoqrafiyasının müəllifidir). Dostoyevski yaradıcılığının tədqiqi, öyrənilməsi bu gün Rusiya və dünyanın bir çox elmi mərkəz və ayrı-ayrı alimlərinin səyi ilə tamamilə yeni mərhələyə qədəm qoyur. İnsanın və dünyanın xilası mövzusu Nizami, Dante, Rable, Şekspir kimi, Dostoyevski əsərlərinin də təməlini təşkil edir və bəşəri səciyyə daşıyır.
Bu gün sizə müasir dostoyevskişünaslıq məktəbinin yaradıcılarından biri, tanınmış tədqiqatçı Tatyana Kasatkina ilə müsahibəni təqdim edirəm. İnanıram ki, mövzular, faktlar, təhlillər oxucular üçün maraqlı və əhəmiyyətli olacaqdır, ümumiyyətlə, ədəbiyyat və ədəbiyyatşünaslıq haqqında düşüncələrimizin zənginləşməsinə vəsilə olacaqdır.
Kəmalə Umudova
Bakı Slavyan Universitetinin
Rus ədəbiyyatı tarixi kafedrası
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Tatyana Kasatkina – Rusiya Elmlər Akademiyası “Dünya ədəbiyyatı tarixi” Elmi şurasının F.M.Dostoyevski bədii irsinin tədqiqi komissiyasının sədri, REA DƏİ-nin (İMLİ) “Dostoyevski və dünya ədəbiyyatı” elmi tədqiqat mərkəzinin rəhbəri, “Dostoyevski və dünya mədəniyyəti” jurnalının baş redaktoru, filologiya elmləri doktoru, professor, Rusiya Dostoyevski Cəmiyyəti İdarə Heyətinin üzvü, kulturoloq, yazıçı, filosof, ilahiyyatçı, 9 monoqrafiya və 300-dən artıq məqalənin müəllifi.
– Tatyana Aleksandrovna, sizi Dostoyevskinin yubileyi münasibətilə təbrik edirəm. Azərbaycan oxucusu ilə görüşə xoş gəlmisiniz. 2021-ci yubiley ili sizin üçün necə keçdi? Hansı hadisələrlə yadda qaldı?
– Bizim Rusiya Elmlər Akademiyası Dünya Ədəbiyyatı İnstitutunun (İMLİ RAN) elmi tədqiqat mərkəzində bu il böyük konfranslar, nəşrlər və elmi iş planımız var idi. İlin böyük hissəsini durmadan çalışmışıq – kitablar və jurnallar yazmışıq, redaktə etmişik, iştirakçılara məktublar yazıb göndərmişik və proqramlar tərtib etmişik. İşlərin çox olmasına baxmayaraq, çox parlaq, yaddaqalan konfranslarımız oldu. Məsələn, Yuri Saprıkinin kuratorluğu ilə “Dostoyevski və teatr” adlı konfrans “Qızıl maska” festivalının əsas hadisəsini təşkil etdi. Bu konfransda filoloq-tədqiqatçılar və sənətşünaslar Dostoyevski əsərlərinin tamaşası ilə festivalda təmsil olunmuş rejissorlarla ikili söhbət edirdilər. Mənə Brusnikin Emalatxanasının gözəl rejissoru Mixail Makeyevlə söhbət etmək şərəfi və sevinci nəsib oldu.
Onun “Şeytanlar” və “Şeytanlar. Gecə” tamaşalarına öncədən baxmışdım, təkrarən baxdım (yaxşı ki, tamaşalardan birinin yazısı var və internetdə asanlıqla tapmaq olur). Bu tamaşalar improvizələrlə zəngindir, tamaşaçılar da səhnəyə cəlb olunur – və bu tamaşalar bu anlamda da Dostoyevski ruhundadır, çünki aktyor improvizasiyasının əsasında çox dərin konsepsiya durur. Onu fərqli vasitələrlə çatdırmaq olar (Dostoyevskinin özündə olduğu kimi: məhz buna görə tədqiqatçılar dəfələrlə qeyd edirlər ki, Dostoyevskinin qaralamalarını təxminən, “sərbəst romanlar” kimi oxumaq olar. Bu, əlbəttə, tam doğru deyil (və ya tamamilə doğru deyil), çünki Dostoyevski bəlli bir konsepsiyaya malik olaraq, onu ifadə etmək üçün müxtəlif süjet gedişləri seçir – lakin bu, konsepsiyadan hələ xəbərdar olmayan oxucuya “ayrıca roman” kimi görünür). Çox parlaq tamaşalar idi, gözəl aktyor tərkibi ilə böyük təəssürat yaratdı və rejissorla söhbət də çox yaddaqalan oldu.
Haqqında danışmaq istədiym ikinci hadisə Pereyaslavl-Zalesskinin Müqəddəs Nikolski monastırı tərəfindən Dostoyevskiyə ucaldılan abidə ilə bağlıdır. Heykəltəraş Sergey Bıçkov əsrarəngiz heykəl yaratmışdır. Bu, düşünürəm, hal-hazırda Dostyevskiyə ucaldılan ən gözəl heykəldir. Vəziyyət belə gətirdi ki, mən abidənin açılışında iştirak edə bilmədim, lakin abidənin ərafında dəmir qurğuların üzərində Dostoyevskinin həyat tarixçəsini təsvir edən geniş plakatlar monastırın baş rahibəsi iqumenya Yevstoliyanın (Afonina) rəhbərlik etdiyi təşəbbüs qrupu tərəfindən mənim “F.M.Dostoyevskinin mənəvi həyat yolu” adlı məqaləmin əsasında hazırlandığı üçün biz işçi qrup ilə hələ aprel ayında görüşmüşdük və mən elə o zaman abidənin ilkin gil şəklini görmüşdüm. Müqəddəs Nikolsk monastırındakı bu görüş çox gözəl təsir bağışladı, çünki mən ətrafda Dostoyevskiyə sonsuz sevgi bəsləyən və onu dərindən anlayan insanları gördüm.
İndi xatırlamağa başladıqca, anlayıram ki, bu il baş verən gözəl hadisələrin sayı çoxdur. Martda mən İvan Zabelinin rəhbərliyi ilə “Alçaldılmışlar və təhqir olunmuşlar” əsərini tamaşaya qoyan RTİİ (QİTİS) tələbələri ilə görüşdüm. Biz iki saat əsərin personajları haqqında danışdıq və hər bir personajın səhnədə canlandırılmasının vacibliyi və mümkünlüyünü müzakirə etdik. Oktyabrda isə mən hazır tamaşanı izlədim – orda virtual dekorasiyalardan tutmuş, gənc aktyorların dramatik quruluşda səhnələşdirilmiş romanın dərin mətləblərini ifadə etmək bacarığına qədər hər şey çox gözəl alınmışdı. Nəzərə alsaq ki, mətnin böyük bir hissəsini kəsib atmaq məcburiyyətində idilər, bu işin o qədər də asan olmadığını söyləyə bilərik… Belə, qorxuram ki, hər şeyi ciddiyyəti ilə xatırlamağa başlasam müsahibənin ucu-bucağı olmayacaq.
– Bilirəm ki, bu il ölkənizdə yazıçının yaradıcılığını fərqli aspektlərdən araşdıran 30 monoqrafiya işıq üzü görüb. Müəllifi olduğunuz “Dostoyevski ilahiyyatı” monoqrafiyası haqqında nələr söyləyə bilərsiniz? Siz Dostoyevskini filosof və “çox böyük ilahiyyatçı” adlandırırsınız. İnamın, İlahi varlığın metafizik dərinliyi bədii mətndə necə əks olunur?
– Bu, beş müəllifdən ibarət kollektiv monoqrafiyadır, məndən başqa, bu sırada Anastasiya Qaçeva, Tatyana Maqaril-İlyayeva, Nikolay Podosokorskiy, Katerina Korbella var. Hamısı fərqli metodologiyaya malik çox ağıllı və dərin alimlərdir. Bu, yazıçının dini baxışlarının öyrənilməsi kimi bu cür həcmli mövzunun tədqiq olunmasında çox vacibdir. Yazıçının dini nəzəriyyəsi dedikdə, traktat deyil, aparıcı konstruksiyaları güclü ilahi vəhylər və dərin fəlsəfi anlamalardan ibarət bədii mətn yazarı nəzərdə tutulur. Dostoyevskiyə gəldikdə isə bu, sadəcə ilahi və fəlsəfi ideyaların ifadə formasının dəyişilməsi deyil – bu, prinsipcə başqa məqsədlə yaradılan mətndir: məqsəd oxucuya ilahiyyat biliklərini ötürmək deyil, onun ruhaniyyat təcrübəsi və ilahi həqiqətləri öz şəxsi həyatında tapması, üzə çıxarmasıdır.
İlahi həqiqətlərin bu cür müəyyən olunub üzə çıxarılması insan həyatını kökündən dəyişir. Dostoyevski bunu necə edir? O, hər bir ilahiyyat kateqoriyasının ontoloji əsaslarını obrazlar vasitəsilə göstərir. Əsassız danışmamaq üçün misal gətirim. Günah – yunan sözünün hərfi tərcüməsidir, “səhv” mənası daşıyır. Raskolnikov sürgündə öz cinayəti haqqında düşünərkən onda “adi bir səhvdən başqa”, heç nə tapmır – bu sözü Dostoyevski mətndə kursivlə vurğulayır. Və ağıllı oxucu burada, müəllifin düşündüyü kimi, özünə sual verir – hansı səhv, nə ilə müqayisədə səhv, qəhrəman harda və nədə səhvə yol verib? Dostoyevski oxucunun nəzər-diqqətini geriyə, artıq bütünlüklə oxunmuş mətnə çevirir – və oxucu qəhrəmanın davamlı ikiləşməsini görür: onun ilk addımı hər zaman eynidir – özünü qurban vermək, lakin bir dəfə o, başqasını qurban verməyə cəhd etdi – və o səhv onun həyatını korladı, Mikolka yabının belini qırdığı kimi, onun da belini qırdı. Və məlum olacaq ki, hər bir günah özündən yan keçməkdir, öz qəlbinin dərinliyindəki insanın yanından ötüb-keçməkdir. Raskolnikov özünü qoruma və özünü təsdiqi ali məqsəd kimi təqdim edən refleksiya vasitəsilə özünü daxilindəki insandan təcrid edir və ərafına sədd çəkir. O, özünü qoruma və özünü təsdiq üçün pozitivist refleksiyanın təkan nöqtəsi ola biləcək təklik, yalnızlıq və özünü məhdudlaşdırma formasını seçir. Çünki ali məxluqun özünü qoruma və özünü təsdiqi insanda başqa cür təzahür edir, təklik formasının mövqeyindən baxdıqda, “mən” – qurban kimi qəbul olunur. Və o zaman hər bir addımda qarşıya bu sual çıxacaq – kimi nişan alımısan? Özündə hədəf aldığın kimdir? Özündə nişan aldığın hansı insandır? Öz hərəkətində nə ilə eyniləşməyi, bütünləşməyi seçirsən – öz müvəqqəti periferiyanla, yoxsa öz ilahi mərkəzinlə? Birincinin hərəkəti – yapışmaq, qoparmaq, özü üçün qoruyub saxlamaq olacaq. İkincinin hərəkəti – verməkdir, çünki fədakarlıq onun mövcudluğunun şərtidir. Və Dostoyevski bütün romanı ilə göstərir ki, insan ikinci ilə eyniləşəndə, onun üçün necə də yaxşıdır və əksinə, birinci ilə eyniləşməyə üstünlük verərkən, insan necə pis, dağıdıcı zərbələrə məruz qalır.
– Yaxın zamanlarda daha hansı kitablarınız işıq üzü görəcək?
– “Dostoyevskinin “Yeniyetmə” romanı: tədqiqatların müasir vəziyyəti” kitabı çapa hazırdır, 2021-ci ilin sonunda işıq üzü görəcəyinə ümid edirik. Bu, uzun zamandır yarımçıq qalmış “F.M.Dostoyevskinin əsərləri: tədqiqatların müasir vəziyyəti” seriyasından üçüncü kitabdır. Bu layihə çərçivəsində əvvəllər redaktoru olduğum daha iki kitab çap olunmuşdu: “F.M.Dostoyevskinin “İdiot” romanı: tədqiqatların müasir vəziyyəti” (2001) və “F.M.Dostoyevskinin “Karamazov qardaşları” romanı: tədqiqatların müasir vəziyyəti” (2007). “Yeniyetmə” oxucuların, illüstratorların, rejissor və ssenaristlərin diqqətindən ən çox kənarda qalmış romandır. Bunu tədqiqatçılara da şamil etmək olar. Bu səbəbdən seriyanın başqa kitablarına nisbətən bu cilddə müəlliflərin sayı azdır və onların məqalələri isə əvvəlki kitablardan fərqli qaydada, irihəcmlidir və uzun illərin çoxşaxəli tədqiqatlarıdır. Kitabda inkişaf dövründə şəxsiyyət problemləri, müəllifin mürəkkəb fəlsəfi və dini ideyalarının yeniyetmə qəhrəmanın dili ilə ifadə olunmasına imkan verən təhkiyə quruluşu təhlil olunur, qaralamalar və dərc olunmuş mətnin müqayisəsi aparılır və s.
Daha bir kitabı – bu mənim öz kitabımdır – bu günlərdə çapa verməyə hazırlaşıram. Ümid edirəm, növbəti ilin əvvəlində işıq üzü görəcək. Kitab “Simalar olacağıq…” adlanır. Onun dərinlik mərkəzi Dostoyevskinin “Maşa masanın üstündə uzanmışdır. Maşa ilə görüşəcəyəmmi?” adlı qaralama qeydlərinin birindən başlıq olaraq seçdiyim sitatdır, yəni kitab Dostoyevskidə insan obrazı mövzusu (və bu obraza uyğun olaraq dünya obrazı) ətrafında cəmlənib…
Nəşr olunacaq daha bir kitab “Yaradıcılığın müəllif nəzəriyyələri” adlanır. Ümid edirəm ki, gələn il çapdan çıxacaq. Orada Dostoyevskiyə böyük bir fəsil həsr olunub. Kitab fərqli müəlliflərin öz əsərlərinin əsasına qoyduqları yaradıcılıq nəzəriyyələri haqqındadır. Mətni və əsərləri yazmağa başlayarkən, müəlliflər qarşılarında hansı məqsədləri qoyurlar, materialla qarşılıqlı əlaqə prinsipləri nədən ibarətdir, oxuculardan gözləntiləri nədir – kitab bu məsələlərə həsr olunub. Ümidvaram ki, yazıçının özünün qəbul etdiyi, tanıdığı qanunları bilmədən, onun əsərlərini anlamaq mümkün deyil, çünki bu qanunları anlamaq hər bir tədqiqatın əsasını təşkil etməlidir – əgər bu əsl tədqiqatdırsa, seçilmiş mövzu üzərində tədqiqatçı fantaziyaları deyilsə. Problem yalnız onda deyil ki, tədqiqatçılar tez-tez müəllifin öz məqsədləri və yaradıcılıq prinsipləri haqqında birbaşa mülahizələrini görməzdən gəlirlər, müəlliflərin özləri də xüsusi traktatlar yazmırlar – onların yaradıcılıq nəzəriyyələri haqqında məlumatlar tamamilə gözlənilməz mənbələrdə aşkarlanır: Dostoyevski, məsələn, onları felyetonlara və “Yazıçının gündəliyi”ndə felyetonlar qisminə yerləşdirməyi sevirdi.
– Bu yaxınlarda siz “Cinayət və cəza” romanının tədqiqi ilə bağlı yeni uzunmüddətli layihəyə start verəcəyinizi açıqladınız. Bu romana müraciət etməyinizin səbəbi nədir? Axı o ən geniş tədqiq olunmuş hesab olunur.
– Dostoyevskinin bütün romanları ilə müqayisədə “Cinayət və cəza” romanı haqqında çox yazılmışdır, doğru fikirdir. Lakin “çox yazılmışdır” “tədqiq olunmuşdur” anlamına gəlmir. O cümlədən “geniş” tədqiq olunmuşdur, “tam” tədqiq olunmuşdur demək deyil. Dostoyevskinin romanının mərkəzində böyük həcmdə yer alan “İncil” mətninə yönələrək yaratmış olduğu çox sıx mətn quruluşuna görə, daha artıq dərəcədə, demək olar ki, mətnin hər millimetrində mikroanaliz tələb edir.
Dostoyevski “İncil” və liturgiya mətnlərinə çoxpilləli allüziyalar yaratdığı üçün burada mikroanaliz böyük dini və fəlsəfi ideyaların mənbəyi kimi çıxış edir. Bu mikroanalizi həyata keçirmək üçün mətndə adıkeçən tarixi şəxsiyyətlərin tərcümeyi-halından tutmuş, müəyyən dövrün fəlsəfi konsepsiyalarına qədər geniş tarixi realiləri bilmək tələb olunur. Personajların oxuduqları kitablar oxunmalıdır – romanda xatırlanan kitabın təkcə adının arxasında bütöv bir əlaqələr xətti gizlənə bilər, əgər biz o kitabı oxumamış olsaq, romanla tutuşdurarkən onları nəzərə ala bilmərik.
Bir sözlə – həmişəki kimi, demək olar ki, Dostoyevskinin və onun ən çox oxunan əsərinin tədqiq olunmasında hər şey indi başlayır – ilk növbədə ona görə ki, Dostoyevskinin mətnə necə quruluş verməsi haqqında təsəvvür son zamanlar tamamilə dəyişmişdir. “Səliqəsiz” yazıçı haqqında mif yoxa çıxdı, indi biz qarşımızda nəinki hər sözü, həm də cümlədə sözlərin düzülüşü əhəmiyyətli olan (sintaktik sitatlar) mətn görürük.
Yəni bizi qarşıda üçillik nəfəskəsici maraqlı iş gözləyir.
– Dostoyevski artıq üç əsrdir oxucuların qəlbində və düşüncələrində yaşayır. Dostoyevski sözünün cazibəsinin sirri nədədir?
– Mən Vyaçeslav İvanoviç İvanovdan sitat gətirməklə cavab verərdim: ilk növbədə, o, dinin və dinsizliyin – varlığın iki fərqli təbiət olduğunu bizə göstərən insandır. Lakin elə burdaca dəqiqləşdirərdim: Dostoyevski özü bu varlıqların fərqindən danışarkən, din və dinsizlik haqqında deyil – ali inkişaf mərhələsinə yetişmiş şəxsiyyət haqqında və bu mərtəbəyə çatmamış, “mən”in sərhədləri içində qalmış şəxsiyyət haqqında danışır. Ali məqama yetişmiş şəxsiyyət, Dostoyevskiyə görə, həyatını fədakarlıqda görür və onu fədakarlıq prosesi kimi qurur. Və ali məqama çatmış şəxsiyyət Tanrıya inanmır – Tanrını görür. Bu, Dostoyevskidə çox maraqlı bir məqamdır: o, (“Sosializm və xristianlıq” məqaləsinin qaralamasında) təsdiq edir ki, sivilizasiya inkişaf etdikcə, “mən” olma inkişaf etdikcə, tənhalıq artdıqca insanlarda inam azalır: insanın baxış bucağı dəyişdikcə, “xırdalandıqca”, o, yalnız təcrid məqamından görünən sahəni görür – Tanrını isə yalnız üz-üzə gəldikdə görmək olar, bəşəriyyətin bir-birinə bağlı şəxsiyyət mərkəzlərinin görməsi kimi, yalnız tam görmə qabiliyyətinə malik olduqda. Yəni – sivilizasiyanın müəyyən mərhələsində onunla əlaqə kəsildikcə Tanrı tək-tək insanların gözündən uzaq düşür – və Onu, yalnız, ümumi parçalanmaya baxmayaraq Ondan qopmayanlar görə bilir: bu insanlar ali məqama yetişənlərdir.
Məhz buna görə Dostoyevski deyir ki, doğru, səmimi, bəşəriyyətin xoşbəxtliyinə çalışan ateist inamın bir addımlığındadır: çünki tam səmimiyyətlə fədakarlıq arzusunda o, bütün bəşəriyyətdə hamı ilə birləşərək, gözlənilmədən Tanrıdan qopmamışlara verilən o kamil baxışa sahib olacaq.
– Hər bir oxucu Dostoyevskini necə kəşf etdiyi barədə danışmağı sevir. Siz Dostoyevski ilə ilk görüşünüzü necə xatırlayırsınız?
– Mən məhz bu barədə danışmağı o qədər də sevmirəm, çünki bu suala tez-tez cavab verməli oluram (gülür). Ümumiyyətlə isə – bu mənim üçün həyatda çox mühüm görüş idi, məhz ona görə ki, 11 yaşımda “İdiot” romanını oxuduqda mən – “İncil”in olmadığı və bir addım atsam belə, başımın daşa dəyəcəyi qapalı mühitdə idim – şübhəsiz, anladım ki, insan – bildiyim kimi deyil və dünya da – başqadır. “İdiot” romanında Aqlaya deyir ki, ağzı bağlı butulkada oturub, çünki o, onu həyatdan qoruyan ailənin içindədir. Lakin o, “möhürlənmiş” vəziyyətdən öz horizontal biliklərini genişləndirmək vasitəsilə çıxmaq istəyir. O, Mışkini savadsızlıqda, “məhz kim, nə vaxt, hansı traktatda” suallarının cavabını bilmədiyi üçün məzəmmət edir – eyni zamanda da hiss edir ki, Mışkin onun dünyasının sərhədlərini genişləndirir, lakin bunu necə etdiyini anlaya bilmir.
Aqlayanın inqilabçı olmasının səbəbi də ondadır ki, o, yalnız horizontal müstəvidə baş verən hərəkəti anlayır və sədləri yalnız iradi maddi səy hesabına süpürüb atmağı bacarır. Lakin onun üçün Mışkin – məhz ona görə ən gözəldir ki, Aqlayanın süpürüb atmaq istədiyi sərhədlər Mışkin üçün ümumiyyətlə mövcud deyil. Mışkin məhz bu səbəbdən onun üçün ən gözəl insandır. Mışkin, həmin ikiölçülü sistemdə, düz səth üzərində sərhədlərə üçölçülü insan kimi baxır – o bu sərhədləri görməyərək onların üzərindən adlayıb keçir. Və Aqlaya hiss edir ki, Mışkin ona yaddır, bu yadlıq onun ürəyini bulandırır – lakin Mışkinin sıx və keçilməz sədləri görməmək bacarığı – onu heyran edir. Mənim üçün isə Mışkinın məhz bu cəhəti doğma gəldi.
– Tatyana Aleksandrovna, siz fərqli publika qarşısında çıxışlar edirsiniz, tez-tez məktəblilər, tələbələr, müəllimlər, alimlərlə görüşürsünüz. Sizin geniş əlaqələriniz, italiyalı oxucularla ortaq layihələriniz var. Dostoyevski mətnini hansı auditoriya ilə müzakirə etmək daha maraqlıdır, kimlərlə işləmək daha xoşdur?
– İnsan varlığı məsələlərini, Dostoyevski üçün də vacib olan “mən kiməm” və “mən ərafımdakı dünya ilə necə əlaqəyə girə bilərəm ki, onu gözəlləşdirim” suallarını mühüm hesab edən hər bir auditoriya mənə doğmadır. Bilirsiniz, bu sualları insanlar müxtəlif yaşda verirlər.
– Sizin Dostoyevski sözünə bu cür sədaqətli olmağınızın səbəbi nədir?
– Mənə belə gəlir ki, mən artıq söylədim – Dostoyevski oxucuya, əsl oxucuya, özünü anlamağa, tanımağa kömək edən, ona hər anı dəyər daşıyan həyatın mənasını tapmağa, eyni zamanda hər hərəkətini dərk edərək arzuolunan nəticəni görə bilməsinə yardım edən insandır. Bütün bunlar həm də onun sayəsindədir ki, Dostoyevski öz mətnləri üzərindən həm də bir çox sirli “İncil” mətnlərinin əsl mənasını açıb göstərir. O bunu necə edir, düşünürəm, mənim nəşrə hazırlanan kitabımda izahını tapmaq olar.
– Raskolnikov, Knyaz Mışkin, Şatov, Aleksey Karamazov və başqaları – hamısı çox dərin və parlaq xarakterlərdir. Bəlkə, yazıçı onlarda özünü axtarırdı? Yoxsa bu bizim illüziyamızdır və yazıçının mövqeyi aydındır və bəllidir?
– Yazıçı insan arayışındadır – və yollar göstərir. Bu yollarda insan özünü tapa da bilər, özünü bəzən – Stavrogin kimi – ümidsizcəsinə itirə də bilər.
– Dostoyevski Raskolnikovu metanoya halında, Yeniyetməni – inkişafda, Alyoşanı – monastırdan dünyəvi həyata dönüşündə təsvir edir. Bəs Svidriqaylov, Stavrogin, Kirillov kimi qəhrəmanlarla nə baş verir, nə üçün onlar ölümü seçirlər?
– Svidriqaylov, Stavrogin və Kirillov – bunlar tamam fərqli qəhrəmanlardır, onların həyat yolu və ölümləri də fərqlidir. Qısa demək mümkünsə: Svidriqaylov özünü özünüməhvdə tapır, o özünü öldürməklə qəlbinə hakim kəsilmiş dəhşətli iblis-fahişəni yox edir, bundan əvvəl o, bütün pullarını elə paylayır ki, onlar dünyada şəhvətdən doğan şəri, pisliyi azaltmağa xidmət etsin; Kirillov şüurlu şəkildə fədakarlığa hazırdır, lakin tam inama bir pillə qalmış sanki yolunu itirir (və ya Verxovenski onu çaşdırır) – bu belə olmalı idi, çünki onun şəxsiyyətini formalaşdıran ideyanı Stavrogin bir zamanlar təhrif etmişdi; Stavrogin isə həyatda qalmaq üçün hər şeydən yapışır, lakin onu heç nə saxlamır, çünki həyat yolu hər şeyi pozmaqla keçmişdi – və o, intihara da kənarları hamar bacadan yıxılan kimi, sürüşüb düşdü. Fərqli hadisələrdir – Dostoyevski, ümumiyyətlə, demək olar ki, heç vaxt təkrarlanmır.
– Stavrogindən söz düşmüşkən, soruşmaq istərdim, yenə də, “Şeytanlar” romanını kim başladı və kim bitirdi, o, yoxsa Stepan Verxovenski?
– Deməli, roman aydın şəkildə Stepan Trofimoviçdən başlayır – lakin ağlı başında, tam anlaqlı Stavroginin intiharı ilə bitir. Lakin bunlar, demək olar ki, paralel hadisələrdir (və burda “Cinayət və cəza” ilə struktur (məna deyil, məhz struktur) oxşarlığı var). Dostoyevski yollar axtarır və onları sınaqdan keçirir: hansı yolda dəfələrlə səhv etmiş, azmış insan (yaxud bir dəfə o da Raskolnikov kimi qəti cinayət etmişdi) xilas ola bilər və ya hansı yol onu məhvə aparır.
“Şeytanlar” romanında mərkəzdə duran ustadlığın, öyrətmənin yollarıdır. Stepan Trofimoviç romanın bütün qəhrəmanlarını öyrədirdi – və fərqli şeylər öyrədirdi, yumşaq desək, çox zaman yaxşı şeylər öyrətmirdi – lakin o, hər zaman səmimi idi və gözəlliyi təmənnasız və şövqlə sevirdi və elə bu, hər şeyi xilas etdi. Petruşa Verxovenski də gözəlliyi sevirdi – lakin onu bəzəyən bir şey kimi (onun üçün Stavrogin – onun kostyumudur və məhz bununla dəyərlidir). Stavrogin isə inanmadan, eksperiment apararaq öyrədirdi, başqasının beyninə və qəlbinə ideya sürfəsini yeridərək baxırdı, görsün bu, onun özünün və həmin insanın həyatında nə nəticə verəcək. O, nə gözəlliyi, nə insanı, nə özünü sevirdi. O, bu dünyada hər şeyi əldə edə bilərdi – lakin hər şey onun əlində puç olurdu, çirkaba dönürdü. Beləliklə, burda iki sonluq var – “Cinayət və cəza” romanında olduğu kimi. Lakin başlanğıc birdir, çünki Stavrogin, həmçinin Stepan Trofimoviçin şagirdidir. Və biz aydın görürük ki, struktur da “Cinayət və cəza” romanından fərqlənir – orda iki bir-birindən asılı olmayan hekayətlər var. Stepan Trofimoviç həyatını qələbə ilə, tam mənəvi oyanışla və hamı ilə sonsuz sevgidə birləşməklə sona çatdırır: lakin onun bir şagirdi var, o, indi bu anın ardınca əbədiyyətdə mütləq tənhalığa qovuşacaq.
– Bir tərəfdən biz deyirik ki, Dostoyevski romanlarında qəhrəmanlar əsas və ikinci dərəcəli qəhrəmanlara bölünmürlər – hər biri özü-özülüyündə əhəmiyyətli və mühümdür. Digər tərəfdən, Sonya Marmeladova, Knyaz Mışkin, Alyoşa Karamazov kimi, sanki nəzərəçarpmayan qəhrəmanlar başqalarından seçilir və əsərin strukturunda istinad rolunu oynayırlar. Bunu nə ilə izah emək olar?
– Əlbəttə, bölünürlər. Onlar müsbət və mənfi qəhrəmanlara bölünmürlər (bunu da izah etmək lazımdır – lakin mən bunu dəfələrlə etmişəm) – lakin baş və ikinci dərəcəlilərə sözsüz ki, bölünürlər, ən azından, onlara ayrılmış roman zamanı nöqteyi-nəzərindən bunu inkar etmək mümkün olmazdı. İkinci dərəcəli qəhrəmanın ən aşkar variantı onun adının mətndə yalnız bir dəfə xatırlanmasıdır. O zaman Dostoyevski üçün məhz onun adı, adının mənası əhəmiyyət daşıyır. Bu adın mənası bəzən o adın keçdiyi səhnənin bütün əhəmiyyətini dəyişə və/və yaxud sual altına ala bilir. Və o zaman aydın olur ki, Dostoyevskidə “ikinci dərəcəli” “əhəmiyyətsiz” demək deyil. Burada hər şey terminlərə yanaşmamızdan asılı olacaq, əlbəttə. Əgər “ikinci dərəcəli” sizin nöqteyi-nəzərinizdən “əhəmiyyətsiz” anlamına gəlirsə, o zaman Dostoyevskidə belə qəhrəmanlar, doğrudan da, yoxdur.
– Dostoyevski romanlarında qaranlığı, baltanı, qanı, həyəcanı deyil, qəlbin işıqlı dirilməsini, ölümsüzlüyünü görmək üçün onları necə oxumaq lazımdır?
– Dostoyevskini oxuyub orada baltanı, qanı, qaranlığı görməmək mümkün deyil. Dostoyevski hər zaman qəhrəmanına ən çıxılmaz zülmətə enmək imkanı verir – çünki yüksəliş ordan başlayır və bu yolda insan öz əsl ölçülərini, öz həqiqi gücünü – fədakarlıq gücünü, dünya və insanlarla ahəng, birlik içində yaşamı əldə edir. Axı həyatda da belədir. Əgər insan öz dərinliyinə və daxilindəki gizlinlərə, dibə enməzsə – o zaman onun xoşbəxtliyi və böyüklüyü, hətta o, ucuz və mənasız rahatlığa can atmasa belə, kövrək təməl üzərində qurulacaq, ondan aşağıda – bilinməyən boşluq var. Bu, qalın olsa belə, pis özüldür – əgər onun altındakı – çox böyük quyudursa. Dostoyevskini oxumaq öz gizlinini öyrənmək və kökündən dəyişdirməklə öz həyatını və özünü möhkəm təməl üzərində qurmaq imkanı deməkdir. Öz əbədi həyatını…
Düşünürəm ki, burada budəfəlik söhbətimizi bitirək, mən bilirəm ki, sizin hələ çoxlu gözəl suallarınız var – lakin qoyun onlar növbəti dəfəyə qalsın. Mən sizi müsahibəniz münasibətilə təbrik edirəm, Kəmalə – siz də çox dərin və mühüm suallarla gözəl müsahibə apardınız. Çox sağ olun!
“Ədəbiyyat qəzeti”