Rusiyanın NATO ilə diplomatik əlaqələri kəsməsi dialoqu çətinləşdirir.
APA-nın xəbərinə görə bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Rusiya və NATO Brüsseldə və Moskvada müvafiq ofislərini bərpa etməlidirlər.
“Biz həmçinin şəffaflığı təşviq etmək və riskləri azaltmaq üçün mövcud hərbi kommunikasiya kanallarımızdan tam istifadə etməliyik”, – deyə Y. Stoltenberq vurğulayıb.
Baş katib qeyd edib ki, NATO Ukrayna da daxil olmaqla Avropanın təhlükəsizliyi ilə bağlı Rusiyanın narahalıqlarını dinləməyə hazırdır, lakin Rusiya müttəfiq ölkələrə və bütün xalqlara yönəltdiyi aqressiv və pisniyyətli fəaliyyətlərdən çəkinməlidir.
“Rusiya həmçinin ölkələrin icazəsi olmadan yerləşdirdiyi qüvvələrini Ukrayna, Gürcüstan və Moldovadan çıxarmalıdır. Bütün tərəflər Normandiya formatı da daxil olmaqla münaqişələrin konstruktiv şəkildə həlli ilə bağlı səylərdə iştirak etməldirlər”, – deyə Y. Stoltenberq bildirib.