Hər şey adi bir payız günündə, Astanada Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi ilə bağlı məlumatı görəndə baş verdi. Mən AZƏRTAC-ın Qazaxıstan Respublikasındakı xüsusi müxbiri kimi tədbirlərin proqramı ilə daha ətraflı tanış olmaq qərarına gəldim və qarşıdan gələn tədbirlərin təfərrüatları və planını dəqiqləşdirmək üçün fürsət axtarmağa başladım.
Mənə elə gəlirdi ki, bu kiçik bir tədbir olacaq, burada sənət adamları hansısa salonda toplaşıb mədəni əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Tədbirin bu qədər genişmiqyaslı olacağını belə təsəvvür edə bilməzdim.
Azərbaycan-Qazaxıstan münasibətləri tarixində bəlkə də ilk dəfə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri belə yüksək səviyyədə keçirilmişdi.
Diqqətlə düşünülmüş sərgilərdən və kitab təqdimatlarından tutmuş genişmiqyaslı konsertlərə qədər hər şey qüsursuz formada təşkil edilmişdi.
Mədəniyyət günlərin keçirilməsi ilə bağlı ilk xəbəri Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin saytında gördüm və bu xəbərin başlıq şəklini bəyəndim: bir tərəfdən Azərbaycan və Qazaxıstan bayraqları ilə Mədəniyyət Günləri haqqında məlumat, digər tərəfdən ənənəvi üslubda hazırlanmış memarlıq ornamentinin fraqmenti.
Bundan sonra Azərbaycan Mədəniyyət Nazirliyi Bakıdan gəlmiş nümayəndə heyətinin Astana hava limanında təntənəli qarşılanmasının fotoşəkillərini yayıb, bu qarşılanma genişmiqyaslı mədəniyyət tədbirlərinin rəsmi başlanğıcı olub.
Adi insan üçün bir xalqın mədəniyyətinin başqa bir dövlətdə təqdim edilməsinin nə qədər vacib olduğunu təsəvvür etmək çətindir.
Xüsusilə maraqlı olan o idi ki, bəzi mahnıları Azərbaycan incəsənət ustaları qazax sənətçiləri ilə birgə ifa edirdilər.
Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Azərbaycanın sənət inciləri” adlı sərgi təşkil olunub. Burada Xalq rəssamı Əzim Əzimzadənin əsərləri, XX əsrin əvvəllərinə aid məişət əşyaları və geyimlər, həmçinin Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından olan 20-dən çox xalça nümayiş etdirilib. Eksponatlar arasında müxtəlif xalçaçılıq məktəblərinin əsərləri və müasir ustaların əsərləri var.
Sərgini ziyarət edən Astana sakinləri Azərbaycan mədəniyyətinin zənginliyini və rəngarəngliyini öz gözləri ilə görə bildilər. Onlar Azərbaycanın incəsənət tarixi ilə tanış olmaq, rəssamların və sənətkarların ustalığını qiymətləndirmək, həmçinin Azərbaycan xalqının adət-ənənələri və məişət ab-havasına qərq olmaq imkanı əldə etdilər.
Ən çox diqqətimi çəkən Azərbaycandan olan “Zaman” qrupunun etno-caz konserti oldu. Etiraf edim ki, tədbirdən əvvəl, sərin bir axşam vaxtı, çox yorğun halda konsert məkanına gedərkən bəzi şübhələrim var idi. Lakin çıxış məndə o qədər güclü təəssürat yaratdı ki, yəqin ki, uzun müddət yaddaşımda qalacaq. Bu tamaşa bütün qonaqların xoşuna gəldi desəm, səhv etmərəm.
Tədbirlərin sonuncu günü, sentyabrın 26-da Qazax Milli Musiqili Dram Teatrında Azərbaycan incəsənət ustalarının və bədii kollektivlərin iştirakı ilə möhtəşəm qala-konsert keçirildi. Bu genişmiqyaslı tədbir minə yaxın tamaşaçı topladı. Konsertdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, digər rəsmi şəxslər, iki ölkənin elm və mədəniyyət xadimləri, musiqi biliciləri iştirak etdilər.
Bir neçə gün ərzində keçirilən konsertlər, tədbirlər və təqdimatlar həm mənim yaddaşımda, həm də hər bir iştirakçıda silinməz təəssürat yaratdı.
Ən əsası isə Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri mədəniyyət mübadiləsinin millətlərarası əlaqələrin möhkəmləndirilməsində oynaya biləcəyi rol haqqında anlayışımı dəyişdirdi.