- Mədəniyyət

“Suğra və oğulları” filmi ölkəmizi beynəlxalq festivalda təmsil edir

Cənubi Koreyanın Busan şəhərində 26-cı Beynəlxalq film festivalı (Busan İnternational Film Festival) işə başlayıb.

Oktyabrın 15-dək davam edəcək festival günlərində Cənubi Koreyanın ikinci böyük şəhərinin 6 kinoteatrında 70 ölkədən 223 film təqdim olunacaq. Kinosevərlər festivala təqdim olunmuş qısametrajlı filmləri isə yutub və “Naver” (Cənubi Koreyanın ən iri internet portalı və axtarış sistemi) platformalarında seyr edə biləcəklər.

Bakı Media Mərkəzi, “Butafilm”, “Arizona Productions” (Fransa) və “Salarfilm”in (Almaniya) birgə istehsalı olan “Suğra və oğulları” bədii filmi festivalın müsabiqə bölməsinə seçilib. Kinorejissor İlqar Nəcəfin filmi festivalın “Kim Jiseok” adına əsas mükafatı uğrunda yarışacaq ekran əsərlərindən biridir.

Filmdə İkinci Dünya müharibəsi dövründə Azərbaycanda, ucqar kənddə yaşayan insanların taleyindən bəhs olunur. Film Busan şəhərinin müxtəlif kinoteatrlarında nümayiş olunacaq.

Cənubi Koreyada pandemiyanın 4-cü və daha ağır dalğasının müşahidə olunduğu bir vaxtda film festivalı kimi kütləvi tədbirin keçirilməsinə dair şübhələr olsa da, təşkilatçılar sonda festivalı onlayn deyil, ənənəvi qaydada keçirməyə qərar veriblər. Festival çərçivəsində forum, seminar və ustad dərsləri də keçiriləcək.

Qeyd edək ki, Busan Beynəlxalq Film Festivalı Cənub-Şərqi Asiyanın ən böyük kino tədbiri hesab olunur. Festival 1996-cı ildən keçirilir. (azertag)