- Köşə

Sükunətdə gizlədilən gerçək mənlik – özünü gizlədən insanların sükutla qurduğu yalan həyat

Hər gün ətrafımızda sakit görünən, ağıl və təmkin timsalı olan insanlar görürük. Danışmırlar, mübahisə etmirlər, bəzən hətta hisslərini belə bölüşmürlər. Onlara baxanda “nə qədər kamil insandır” deyirik. Bəs bu sakitliyin altında nələr yatır?

Səssizlik bəzən dinclik deyil, maskadır. Bu maska çox vaxt insanın özünü qorumaq üçün taxdığı, amma zamanla özünü itirdiyi bir örtüyə çevrilir. Bəzən bu maska o qədər ustalıqla hazırlanır ki, insan özü belə altında gizlənmiş arzularının, xəyallarının nə qədər sığ və cılız olduğunu fərq etmir. Amma hardansa, dərin bir boşluq onu içdən gəmirir.

İnsanlar doğulduğu andan etibarən sevilmək üçün mübarizəyə başlayır. Uşaq ağlayar — diqqət çəkər. Gülər — alqışlanar. Susar — “tərbiyəlidir” deyərlər. Zamanla insan anlayar ki, hansı davranışlar ona sevgi qazandırır, hansı davranışlar isə rədd edilməsinə səbəb olur. Və beləcə o, sevilmək üçün seçir: ya özünü, ya obrazını.

Əksəriyyət ikinci yolu seçir. Çünki özün kimi olmaq təhlükəlidir. Qəzəblənsən — aqressiv, çox sevsən — zəif, çox istəsən — acgöz, çox danışsan — savadsız deyərlər. İnsan qorxar və öz daxili aləmindən, gerçək “mən”indən uzaqlaşmağa başlayar. Hər dəfə başqasının xoşuna gəlmək üçün susduqda, özü üçün bir az da ölür.

Bəzən insan özünü niyə gizlətdiyini belə anlamaz. Çünki bu, onun şüurlu yox, altşüurdan gələn qorxularının ssenarisi ilə baş verir. Sevilməməkdən qorxan bir uşaq kimi, içindəki “mən”I gizlədər. Hətta bu maskanı o qədər uzun müddət taxar ki, özünü gerçəkdən elə hesab edər.

Bu altşüur ona pıçıltı ilə deyər:

“Daxilindəkini göstərmə, səni sevməzlər.”

“Çox istədiyini göstərmə, zəif sanılar.”

“Hisslərini demə, gülərlər.”

Bu fısıltı insanı sakit, sözəbaxan, tərbiyəli və “kamil” bir obraz halına salar. Amma bu “kamil” insan, bəzən içində çirkli arzular, qəddar düşüncələr, sığ məqsədlər daşıyır. Çünki basdırılmış hisslər heç vaxt yox olmur — yalnız formasını dəyişir.

Bu insanlar, əslində öz içlərində dərin bir faciə yaşayırlar:

Sevilmək üçün özlərini inkar etmişlər.

Bəzən ailə sevgisini qazanmaq üçün, bəzən cəmiyyətin təqdirini almaq üçün, bəzən sadəcə yalnız qalmamaq üçün. Amma zamanla başa düşürlər ki, qazandıqları sevgi özlərinə deyil, yaratdıqları obraza yönəlib. Və bu, insanın içində qeyri-maddi, amma sonsuz bir tənhalıq yaradır.

O zaman insan öz-özünə soruşar:

“Əgər məni bu halımla sevirlərsə, mən gerçəkdə kiməm?”

“Görəsən məni heç kim, maskasız halımla sevərdimi?”

“Bəlkə də heç özüm də özümü tanımıram…”

Baxın ətrafınıza — kimlər nümunə sayılır? Daha çox danışmayanlar, emosiyasını gizlədənlər, sakit görünənlər, mübahisə etməyənlər. Bəs bu davranışlar həqiqətən kamillikdirmi? Yoxsa sadəcə ictimai qəliblərə uyğunlaşma bacarığıdır?

Bəzən o sakit, tərbiyəli, təmkinli görsənən insanlar içində kin saxlayır, başqasının uğurunu qısqanır, gizlincə sevilmək üçün yaltaqlanır, cılız istəklərini möhtəşəm görüntülərlə bəzəyir. Əslində onların “gözəl” görünmək üçün verdiyi mübarizə, bəzən ən çirkin niyyətlərin maskalanmasıdır.

Sevilmək ehtiyacı təbiidir. Amma özünü sevilmək üçün inkar etmək — yavaş ölümün formasıdır. Maskalı həyat yaşamaq insanı qoruyur kimi görünür, amma əslində onu içdən içə tərk edir. Bu insanlar nə qədər alqış alsalar da, tək qaldıqları anlarda özlərini itirmiş bir xarabalığın ortasında qalırlar.

Əsl azadlıq — özünü qorxmadan göstərməkdir. Sevilmək üçün kiməsə çevrilmək yox, kim olduğunu itirmədən yaşamaqdır. Bu cəsarəti hər kəs göstərmir. Amma göstərənlər, sonda tək qalsalar belə — özləri ilə barış içində qalırlar.

Unutma:

Maskanı nə qədər gözəl taxsan da, gözlərinin içindəki tənhalığı gizlədə bilməzsən.

Əsl sevgi səni deyil, sənin dürüstlüyünü sevər. Və bu dürüstlük bəzən ən sakit səslərdən daha gur səslənər.

 

 Cümşüdlü Mənsurə Dilavər