- Cəmiyyət, Manşet

Sumqayıt bulvarı – Vanilla Vaffle, Alinea, Port Vest…


Vüsalə Ağabəyli: “Bununla həm qanun çərçivəsində, həm də təbliğat üsulları ilə mübarizə aparılmalıdır”

Sumqayıtın yeni bulvarına istirahət etmək üçün yolunuz düşsə, iki əsas məsələyə diqqət edin. Bulvar boyu 4-5 km məsafədə buta simvolunu əks etdirən 1-2 kiçik konstruksiyadan başqa bütün incəsənət memarlıq abidələri rus və ingilis ədəbiyyatının tərənnümünə həsr edilib.

Sumqayıt bulvarında əhalinin istirahəti üçün olan bütün restoranların, kafelərin adı ingilis dilindədir.  Bulvar və ətrafında fəaliyyət göstərən bəzi kafe və restoranların, yaşayış komplekslərinin və sairələrinin adlarına fikir verin: Poseidon Restaurant & Lounge,  Genclik City, Bowling & Restaurant, Levent Sumqayıt Beach City, Sumqayit City Park Bulvar, Açıq havada idman alətləri olan meydança – Outdoor Fitness, Port West Restaurant (əvvəl “Sərin” restoranı olub), yanında atlar olan  Troya restoranı (hələ açılmayıb, amma adı qeyd olunub), The Positive Club Sumgait, Priçallı, Sweet restoran, PROUD fost food & Drink, Afford Pizza & Cafeteria , Vanilla Waffle, “Alinea” restoranı… Bu hələ tam siyahı deyil. Maraqlıdır, Sumqayıt bulvarında ingilisdilli turistlərin sayı nə qədər olur ki, ingilis dili siyasəti belə təbliğ edilir? Məntiqlə götürəndə, bu restoran və kafe sahibləri yerli sakinlərə xidmət edirsə, obyektinin adını nə üçün əcnəbi dildə seçir?  Maraqlıdır, bu məsələyə görə kimlər məsuliyyət daşımalıdır?

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun bir çox səbəbləri var: “Mən müşahidələrim əsasında deyə bilərəm ki, belə zərərli tendensiya yalnız Sumqayıtda deyil. Paytaxtın özündə və əyalətlərdə də belə hallara çox rast gəlinir. Götürək ki, Bakıda bunun səbəbini turist cəlbi ilə izah edirlər. Baxmayaraq ki, bu səbəb də dilimizə hörmətsiz yanaşmağa əsas vermir. Sumqayıt bulvarında necə, ancaq turistlər dincəlir? Həmin məkanda istirahət edənlərin böyük əksəriyyəti gənclər və yerli sakinlərdi. O qədər Azərbaycan adları var, niyə onlara üstünlük verilmir? Bundan başqa, milli adlara bu cür münasibətlə həm də dillə bağlı qanun pozulur. Bu məsələdə bütün məsuliyyəti sahibkarın üstünə də atmaq olmaz. Bildiyimiz kimi, ad alanda ilk olaraq Ədliyyə Nazirliyinə müraciət olunur. Öz növbəsində, nazirlik tərəfindən yalnız həmin adın uyğun olub-olmaması yoxlanılır. Bu zaman həmin adların nə orfoqrafik tərkibi, nə də mənşəyi yoxlanılır. Hər hansı əcnəbi adını götürərək, məsələn, “restourant” sözünün elə olduğu kimi yazılması sözün işlənməsi qaydalarına uyğun deyil. “Reklam haqqında” qanuna görə, yazılan ad əcnəbi dildədirsə, ondan əvvəl mütləq Azərbaycan dilində həmin sözün tərcüməsi yazılmalıdır”.

Dilçi alimin sözlərinə görə, bununla həm qanun çərçivəsində, həm də təbliğat üsulları ilə mübarizə aparılmalıdır: “Qanunun tələblərinin qorunmasına əlaqədar qurumlar cavbdehdi. Bizim üzərimizə isə təbliğat düşür. Mənim yadımdadır ki, bir müddət əvvəl məhz belə hallarla mübarizə üçün bir neçə dilçi alim kampaniya başlatmışdı. Hətta milli adlara olan hörmətsizliklə bağlı imza topladılar, müraciətlər etdilər. Təəssüf ki, ciddi dəyişiklik görmədik. Hesab edirəm, bu yöndə olan təbliğatı daha da gücləndirməliyik ki, dilimizi kənar müdaxilələrdən qoruya bilək”.
Məhəmmədəli QƏRİBLİ
Baki-xeber.com