Mədəniyyət Nazirliyi yanında yaradılmış İctimai Şura ölkənin mədəniyyət mərkəzlərinin günün tələbləri səviyyəsində fəaliyyət göstərmələrində, ölkənin mədəni həyatının zəngin və rəngarəng olmağında çox maraqlıdır. Bu səbəbdən də şuranın nəzdində fəaliyyət göstərən işçi qrupları həm paytaxtda, həm regionlarda müxtəlif tədbirlər həyata keçirməkdədir.
AZƏRTAC xəbər verir ki, növbəti belə tədbir gənclik şəhəri Sumqayıtda baş tutacaq. Fevralın 17-də Sumqayıt şəhər Poeziya Evində Sumqayıt Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət Nazirliyi Yanında İctimai Şuranın Kitab Nəşri və Ədəbiyyat İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Sumqayıtın mədəni həyatını necə daha rəngarəng etməli” mövzusunda şəhərin tanınmış mədəniyyət xadimlərinin, gəncliyin nümayəndələrinin iştirakı ilə dinləmə-müzakirələr keçiriləcək.
Tədbirdə mədəniyyətin bütün sahələri – ədəbiyyat, kitabxanalar, muzeylər, kino, teatr, musiqi, rəssamlıq, fotoqrafiya, memarlıq və heykəltəraşlıq əhatə olunacaq, hər sahənin cari durumu, görüləcək işlər, perspektiv planlar müzakirə obyekti olacaq.