Sumqayıt Dövlət Dram Teatrının repertuar planı tərtib edilərkən hər zaman uşaq və yeniyetmələr də nəzərə alınıb. Bu işdə milli əsərlərlə yanaşı, dünya şöhrətli yazıçılara da müraciət olunub.
AZƏRTAC xəbər verir ki, vaxtilə teatrın repertuarında yer alan maraqlı tamaşalardan birinə – N.X.Andersenin yenidən səhnələşdirilən “Şahzadənin ulduzu” tamaşasına daxili baxış keçirilib. Tamaşanın quruluşçu rejissoru Vasif Məmmədovdur. Tərtibatın quruluşu Nizami Dadaşova, rəqslərin quruluşu isə Vüsal Mehrəliyevə məxsusdur.
Rolları teatrın aktyorları Dağlar Rüstəmov, İlqar İbrahimov, İradə Zeynalova, Sevda Hüseynova, Etibar Əmirov, Məryəm Hüseynli, Aynur Hümmətova, Elmir Mehdiyev, Ceyhun Məhərəmov və Ramazan Xanlarov canlandırırlar.
Baxışdan sonra teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, baş rejissor, Xalq artisti Firudin Məhərrəmov bərpa edilmiş tamaşa barədə fikirlərini söyləyiblər. Qüsurlu epizodlar diqqətə çatdırılıb və tamaşanın məktəblilərə göstərilməsi məqbul sayılıb.