Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.
Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.
Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmışdır.
525.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Şuşa” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Şuşa haqqında rəsmi sənədlər, Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, şəhərin tarixi, mədəniyyəti, coğrafiyası haqqında kitablar, eləcə də dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Susa/index.htm linkindən istifadə edə bilərlər.