44 günlük müharibə bizə çox şey qaytardı: qeri-bərabər güclərin döyüşündə əzilmiş qürurumuzu, Xocalı, Kəlbəcər qətliyamında, Şuşa işğalında tapdalanmış qeyrətimizi, parçalanmış zənn etdiyimiz birliyimizi və bütün bunların əsasında duran, qəlbimizin, vətənimizin bir parçası olan QARABAĞIMIZI!
44 günlük müharibə bizdən çox şey aldı. Ən əsası Azərbaycan qəncliyinin vətən qeyrəti qanına hopmuş, cəsarəti bütöv xalqı təmsil edən, döyüşlərin qələbə rəhni, vətən duyğulu qeyrət mücəssiməsi olan, “yolumuz vətənin sərhədlərində bitir” hayqırtısı ilə döyüşə atılan təbəqəsinin böyük bir qismini aldı müharibə bizdən. Amma onlar enmədilər, ucaldılar. Zirvə fəth etdilər, şəhid oldular, şəhidlik zirvəsinə ucalıb əbədi yaşar oldular.
Bu gün hər kəs, hər bir təşkilat, hər bir qurum bu ucalığa, onun bizə bəxş etdiyi qələbə sevincinə öz dəyərini verməyə borcludur. Bu azad Qarabağımızın tərənnümüdür, Qarabağa qayıdışa ilkin töhfələrdir. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin xətti ilə “Susa ili” çərçivəsində Filologiya və Jurnalistika fakültəsinin tələbələri arasında elan edilmiş “Ayrılmadı könül candan” esse və hekayə müsabiqəsi də belə dəyərli addımlardandır. Müsabiqə üçun 53 yazı təqdim edildi. İnşalar anonim şəkildə yoxlanıb seçildi. Seçilmiş yazılar yenidən təhlil edildi və bu mərhələlərdə seçim anonim aparıldı. Mötəbər münsiflər hər biri öz seçimini əsaslandırdı. Bu zaman təkcə müsabiqəyə göndərilmiş yazılar yox, həmin aspektdən Respublikada dıl haqqında qanunlar və onlara riayət edilməsi, yazılı nitq mədəhiyyəti, tədris və s. məsələlərə də diqqət yetirildi.
Yazilarda plaqiat fikirlər, cümlələr üstünlük təşkil edirsə, deməli ali təhsil müəssisələrində sərbəst işlər tələbənin müstəqil məhsulu, zəhmətinin bəhrəsi deyil. Qrammatik qaydalara əməl edilmirsə, durğu işarələrinin işlənməsində, bağlayıcıların yazilişinda ciddi səhvlərə yol verilirsə, orta məktəbin ana dili dərslərinin müvəffəqiyyətsizliyinin nəticəsidir. Təhsilli hər bir şəxs ixtisasından, mövqeyindən, daşıdığı titullardan, neçə xarici dil bilməsindən asılı olmayaraq, ana dilində mükəmməl danışmağı, yazmağı, fikrini sərbəst ifadə etməyi bacarmalıdır. Bu cür yanaşma münsiflərin təkcə müsabiqə araşdırması ilə məhdudlaşmadığını, ana dilimizə verdikləri dəyərin aliliyini təsdiq edir.
Dil hər bir xalqın varlığını, kamilliyini önə çəkən, yüksək mənəvi aləmini ehtiva edib gələcək nəsillərə aparan atributdur. Dil təkcə dilçilərin deyil, hamınındır. Dilimizi sevmək, onu yad müdaxilələrdən qorumaq, zənginləşdirmək, düzgün istifadə edilməsinə, dil qanunlarının pozulmamasına nəzarət etmək ümumxalq işidir.
Müsabiqənin məqsədi də məhz bu istiqamətdən müəyyənləşmişdi. Dövlət Dil Komissiyası yanında Manitorinq Mərkəzinin rəhbəri Sevinc xanım Əliyevanın qeyd etdiyi kimi “ müsabiqədə qalib olan ayrı-ayrı şəxslər deyil, ana dilimizdir.”
İnşalardan bu günki gəncliyin ürəyini oxumaq mümkündür. Heç vaxt Qarabağı görməmiş, orada yaşamamış, bir nəfəs havasını udmamış bu gənclər analarının bətnində qan yaddaşına hopan vətən məhəbbəti ilə vətən uğrunda döyüşə atılan igidlərin davamçılarıdır. İnşalarda onların qəlbindən süzülən məhəbbət, sevgi təranələri var. Tariximizə, dilimizə, mədəniyyətimizə, soykökünə olan sevgi duyğularından yaranıb bu daxili dünyanı ifadə edən inşalar.
Bir müəllif yazır: “Artıq bu torpaqda yenidən axşamlar Xanın avazı, Vaqifin şeiri, xan qızı Natəvanın zümzüməsi eşidilirdi. Bu səslərlə isə nur içində yatan şəhidlərimiz qürurlanır, fəxr edirdilər özləri ilə…
Bu məqaləmi canı canından ayrılmış şəhid ana və atalarına, şəhid yoldaşı və övladlarına həsr edirəm. Ayrılmadı könül candan!”
Hər bir əsərdə rəhbərə inam, vətənə bağlılıq, Qarabağ sevgisi, cəsurluq, yağıya qarşı dura bilmək həvəsi, coşğunluğu oxucunu əsir edir. Məhz budur Azərbaycançılıq!
Birinci onluğa seçilmiş yazilardan ilk üç yerə layiq görülən naminasiyalara (1. Günel Məmmədova:”Şuşa Azərbaycanın mədəniyyət beşiyidir”– Mingəcevir dövlət Universiteti,2. Qayıbova Aytac:”Qanlı xına”– Bakı Avrasiya Universiteti, 3. İbrahimova Nübar:”Qarabağ Azərbaycanın musiqi beşiyidir” – Bakı Dövlət Universiteti) Fəxri fərman və pul mükafatı ilə, digər yeddi yerin sahibləri isə Fəxri fərmanla təltif edildilər.
Yazılarda Azərbaycan dilinin hər məqamda düzgün işlədilməsinə, dil qaydalarının diqqətdə saxlanmasına, dilimizin saflığının qorunmasının vətənin bütövlüyünün müdafiəsi ilə bərabər tutan sətirlər də var. “Qazi qızı olmaq atası Vətəni qoruyarkən, övladının da dilini, ədəbiyyatını qorumaq arzusunda olması deməkdir. Qazi qızı olmaq xalqa xidmət etmək deməkdir. Millətini, xalqını atasının vətəni sevdiyi qədər sevmək deməkdir. Bəli, qazi qızıyam. Xalqımı, millətimi, dilimi, ədəbiyyatımı sevirəm və hər zaman da sevəcəyimə, sevdirəcəyimə veteran qızı olduğum gündən and içmişəm”. (Əhmədli Ləman:“Qazi qızı”1-ci onluq – BAAU)
Ad yazmaq istəməzdim, bu duyğunun bütün gənclərimizə xas olmasını istəyərdim.
Bir daha 53 yazı göndərən 53 cəsarətli gənci məhz özlərində o cürəti tapdıqlarına görə təbrik edirəm! Bu cəsarıtli gəncləri kəşf etdiyinə görə Dövlət Dil Komissiyası Yanında Manitorinq Mərkəzinə, seçimdə münsif olaraq iştirakımı münasib bilən FADMM-nə təşəkkürümü bildirirəm.
FADMM-in məsləhətcisi Sima Cəfərova