28 ildən sonra Ermənistan işğalından azad olunan Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə “Məclisi Fəramuşan” şairlər məclisinin rəsmi açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Mədəniyyət Nazirliyi, hər iki ölkənin Yazıçılar Birliyinin nümayəndələri, habelə şairləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan şairləri, Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndələri Molla Pənah Vaqifin məqbərəsi ziyarət olunub, şairin, habelə Xurşidbanu Natəvanın büstlərinin qarşısına gül-çiçək dəstələri qoyulub.
Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki əsrdən sonra türk dünyasının böyük elm, mədəniyyət, ədəbiyyat, poeziya mərkəzi sayılan Azərbaycan və Özbəkistan arasında bərpa olunan “Məclisi Fəramuşan” poeziya məclisi layihəsi haqqında məlumat verib, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin əhəmiyyəti barədə danışıb.
Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Macid xalqlarımız, dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində dostluq və qardaşlığımızın daha da möhkəmləndiyini bildirib. O, Qarabağın, Şuşanın hər guşəsində, daşında türk mədəniyyətinin nişanələrinin göründüyünü, Şuşanın həqiqətən də zəngin mədəniyyətə, sənətə, ədəbiyyata malik olduğunu qeyd edib. Şuşada Azərbaycan xalqının zəngin mədəniyyət yaratdığını vurğulayan Qayrat Macid 2023-cü ildən türk dünyası üçün əhəmiyyətli olacağını, hər bir insanımız mədəniyyət paytaxtı, sənət məbədi olan Şuşaya həsr olunmuş tədbirlərin şahidi olacaqlar.
Açılışda filologiya elmləri üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Qarabağda XIX-XX əsrlərdə mövcud olmuş şairlər məclisinin tarixi haqqında məlumat verib.
Daha sonra “Məclisi Fəramuşan” Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə davam edib.
Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə, şair İlqar Fəhmi, Sayman Aruz, özbək şair Qayrat Macid, tərcüməçi-ədəbiyyatşünas alim Babaxan Şərifin də iştirakı ilə Vətən, Qarabağ, ədəbiyyat, sənət, türk dünyası, birlik, həmrəylik mövzusunda şeirlər səsləndiriblər.