- Mədəniyyət

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı davam edir

Şuşada keçirilən Birinci Beynəlxalq Kulinariya Festivalı davam edir. Bu gün festivalın 3-cü günüdür.

APA xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən festivalıa Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinar qonaqlar iştirak edir və ölkələrinin mətbəxlərini nümayiş etdirir.

Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə beynəlxalq ekspertlər, qida üzrə bloqerlər də təmsil olunur.

BP nümayəndəsi Geri Jons jurnalistlərə açıqlamasında Şuşada olmaqdan məmnun olduğunu vurğulayıb: “Azərbaycanda, Şuşada olmaqdan çox məmnunam. Şuşa, həqiqətən, Azərbaycanın gözüdür. Festivalda hər şey yüksək səviyyədədir, gördüyünüz kimi hazırda mənə də dadlı təamlardan təklif olunub və mən də bunu məmnuniyyətlə qəbul edirəm”.

Əməkdar artist Nicat Kazımov festivalda kulinariya ilə yanaşı digər milli-mənəvi dəyərlərin nümayiş olunmasına toxunub: “Gördüyünüz kimi festival təkcə kulinariya ilə yekunlaşmır, eyni zamanda, ölkəmizin qabaqcıl teatrları da buradadır. Müxtəlif səhnəciklər nümayiş etdirirlər. Mən də həm aktyor, həm də ki rejissor kimi festivala bacardığım köməyi edirəm”.

Qeyd edək ki, festival zamanı təkcə dünya xalqlarının mətbəxləri deyil, həmçinin müxtəlif ölkələrin maddi və mənəvi dəyərləri də təqdim edilir.

Hər pavilyon qonaqları ayrı-ayrı ölkələrə xas memarlıq quruluşu, milli musiqisi ilə fərqlənir.

Mayın 5-dən başlayan festivala sabah yekun vurulacaq.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova