İşğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən Şuşada aparılan bərpa və quruculuq prosesi Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən işlər çərçivəsində hazırda Mehmandarovların malikanə kompleksində təmir-bərpa işləri aparılır.
Qeyd edək ki, Şuşada yerləşən Mehmandarovların malikanə kompleksi Mehmandarovlar ailəsinə məxsusdur və Azərbaycanın tarixi-memarlıq abidələrindən biridir.
Azərbaycan xanlıqlarının, o cümlədən Qarabağ xanlığının idarəetmə sistemində bir çox mülki və hərbi vəzifələri yerinə yetirən Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan Mehmandarovların malikanə kompleksi inşa olunub.
Şuşa şəhərində yerləşən Mehmandarovların malikanə kompleksinə böyük yaşayış evi, kiçik yaşayış evi və məscid daxildir. Həmçinin daha sonralar məscidə gedən yolun üstündə bulaq tikilib.
Mehmandarovların malikanə kompleksi ilk dəfə 1977-78-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən pasportlaşdırılıb. Bina sovet dönəmində Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib. 1987-ci il mayın 19-dan vaxtilə Mehmandarovlar ailəsinə məxsus olan yaşayış kompleksində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (indiki Azərbaycan Milli Xalça Muzeyi) Şuşa filialı fəaliyyətə başlayıb.
Şuşa şəhəri 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qaldığı üçün filialdakı daşınması mümkün olan eksponatlar təxliyə olunaraq Bakıya gətirilib.
Bildirilib ki, müharibə dövründə Mehmandarovların malikanə kompleksinə də ciddi ziyan dəyib, dağıntılar törədilib. Mülkdə olan əksər tikililər yerlə-yeksan edilib. Mehmandarovların kiçik yaşayış binası isə ermənilər tərəfindən Şuşa Tarix Muzeyi kimi fəaliyyət göstərirdi. Kompleks ərazisindəki məscid isə ermənilər tərəfindən mənimsənilmiş və Geologiya Muzeyinə çevrilmişdi.