Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın əsrarəngiz Cıdır düzündə yenidən təşkil olunan “Xarıbülbül” musiqi festivalı bu gün qala konsertlə davam etdiriləcək.
“Report” xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünən başlayan festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğunu, hər bir vətəndaşın da bu torpaq uğrunda yaşadığı ideyasını çatdırıb.
Festivalın birinci günündə əfsanəvi Bülbülün, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın Azərbaycanı və Qarabağı vəsf edən unudulmaz ifalarının videoyazıları da nümayiş olunub.
“Xarıbülbül” musiqi festivalının birinci günü Xalq artisti Polad Bülbüloğlunun özünün bəstələdiyi “Azərbaycan – Odlar yurdum mənim” və “Şən Azərbaycan” mahnılarının ifası ilə başa çatıb.