Bu gün – noyabrın 8-i Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür.
“Report” xatırladır ki, 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.
Erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Belə ki, Vətən müharibəsi zamanı hər gün surətlə irəliləyən, günbəgün torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu oktyabrın ortalarında Hadrut qəsəbəsini düşməndən təmizləyib. Ordumuz daha sonra Xocalı rayonunun Çanaqçı kəndini, ardından isə strateji Şuşa-Laçın yolunun bir hissəsini düşməndən azad edib.
Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər idi. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olunub.
289 kvadratkilometr ərazisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Həmin dövrdə Şuşanın 24 min nəfər əhalisi vardı. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid olub, 165 nəfər yaralanıb, 58 nəfər əsir düşüb və girov götürülüb.
Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün Yuxarı Qarabağ zəbt olunmuşdu.
Ermənilərin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilib, yandırılıb və dağıdılıb.
Hazırda Şuşanın 34 300 nəfər əhalisi Azərbaycanın 58 rayonunda müvəqqəti məskunlaşıb və onlar doğma yurda qayıdış gününün başlamasını səbrsizliklə gözləyirlər. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 29-da və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Onlar şəhərin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.
2021-ci il yanvarın 14-də Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun təməlini qoyub. Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Prezident İlham Əliyev və Mehriban Əliyeva dünən Füzulidən Şuşaya “Zəfər yolu”nun açılışını edib.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşada “Xarı Bülbül” otelinin nəzdindəki 48 mənzilli korpusda və kotteclərdə yaradılan şəraitlə, Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar, xan qızı Natəvanın sarayına baxış keçiriblər. Prezident Şuşada 1 saylı ümumtəhsil məktəbinin və yeni məscidin təməllərini qoyub. Həmçinin dövlət başçısı və ailə üzvləri “Xan qızı” bulağında da olublar. Eyni zamanda mayın 12-də Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçirilib. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayıb.
İyunun 15-də Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada səfərdə olublar. Burada iki qardaş ölkənin liderləri arasında təkbətək görüş keçirilib. Daha sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.
Avqustun 29-da Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər, görülən işlərlə tanış olublar.
Sentyabrın 18-də Şuşa şəhərində Milli Musiqi Günü keçirilib. Üzeyir Hacıbəylinin heykəlinin ucaldığı parkda baş tutan tədbirdə Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblının Xalq Çalğı Alətləri Orkestrinin ifasında Üzeyir Hacıbəyli, Vasif Adıgözəlov, Süleyman Ələsgərov və digər bəstəkarların ifaları səsləndirilib.
Həmçinin Prezident və birinci xanım VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb, söhbət edib və Cıdır düzündə olublar.
Prezident noyabrın 7-də “Şuşa Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” və “Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamlar imzalayıb.
Hazırda Şuşada bərpa-yenidənqurma işləri görülür, şəhər dirçəldilir, inkişaf etdirilir.
Qarabağ Azərbaycandır!