- Köşə, Xəbərlər

Tərcüməçi, yoxsa hərcüməçi

Firidun AĞAZADƏ

Bu yazı konkret bir şəxsə və konkret mövzu ilə bağlı  – tərcüməçi – redaktor münasibətləri ilə bağlı yazılmışdı, o vaxt müzakirəyə gecikdim və ümumi əhəmiyyətini nəzərə alıb üzərində bir az işlədim, indi sizə təqdim edirəm.

Son iyirmi üç ildə mən Azərtacda işləmişəm. Özü də necə illər!? Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün apardığımız informasiya müharibəsi illəri. Prezident İlham Əliyevin arxalı düşmənlə informasiya müharibəsində bizi informasiya hücumuna çağırdığı illər. Və Cənab Prezident şəxsi nümunə göstərərək 2020-ci ildə dünya informasiya agentliklərinə verdiyi 30-dan çox müsahibə ilə azğın düşmənin qərəzli havadarlarını susdurdu… Kənardan bu nəhəng iş az görünür. Amma bilənlər bilir ki, İnformasiya Agentliyində operativlik daha vacibdir. Xəbər, bəyanat vaxtında və əlbəttə, səhvsiz getməlidir. Özü də Dövlət İnformasiya Agentliyi! Bu illərin ekstremal şəraiti bizə çox şey öyrətdi. Vacib informasiyanı operativ olaraq tərcümə etmək və saytda yerləşdirmək, üstəgəl, lazımi  yerlərə göndərmək. Çox vaxt tərcümə də özün edirsən, redaktə də, buraxılışına da məsul ola-ola. Mən gördüyümü,  bildiyimi, başıma gələni deyirəm. Və elə buradaca mərhum dostumuz, rus dilindən peşəkar tərcüməçi Akif Qəhrəmanovu sayğı ilə anıram, çünki özü bir dəfə zarafatla demişdi ki, “buraları sənə tapşırıram”, məcazi mənada, əlbəttə. O məndən əvvəl burada bir neçə il işləmişdi.

Mən sırf jurnalistikada az çalışmışam. Nəşriyyatda, informasiya agentliyində tərcüməçi, redaktor işləmişəm. 3 öz kitabım, 30-a yaxın tərcümə kitabım çıxıb. Böyük redaktorlar da görmüşəm: Xasay Nəzərov, Cəmil Əlibəyov, Şamil Şahməmmədov…  Xasay müəllimə əlyazma aparmışdım (işə çıxa bilmirdi), sözarası bir adamın adını çəkdi: “Əşi, bu yazını ver getsin də, axı, nə qədər bu sözü pozub, o sözü yazacaqsan… vaxt gedir, axı”. Bizdə, ingilis dilində isə sinonim çox, tərcüməçi hər dəfə bir sinonim tapıb cümləyə qoyur, çəkilib gendən baxır, təzəsini yazır, bir də pozub ayrısını yazır, iş isə uzanır.

Dediyim odur ki, çörəyi ver çörəkçiyə. Tərcümə redaksiyanı eksperimental laboratoriyaya döndərməzlər, dillər institutunu (xüsusən, özəl institutların dil fakültələrini və ya ingilis dili kurslarına getmiş) bitirib deyə tərcüməçi götürməzlər. Onların heç biri tərcüməçi olmur, hərcüməçi olurlar və onları tapşırıqla belə yerlərə düzəldirlər. Məhz “düzəldirlər”. Onları heç redaktə etmək də olmur…  Dil bilməklə deyil, burada jurnalistikanı, mətn yazmağı bilənlər işləməlidir. Şitil oğlanlar, gül balalar buraya tapşırıqla işə götürülməli deyil… Üstəgəl, informasiya jurnalistikası xüsusi qabiliyyət tələb edir.

O biri tərəfdən, yazıya, tərcüməyə qiymət verilmir. Bir az geriyə çəkmək istəyirəm fikrini. “Azərnəşrdə  birinci iş günüm” adlı şeirim var. Haşiyə eləmirəm, sözümə söykəkdir deyə verirəm:

Böyük korrektorlar yaxın durmadı,

Dedilər, gənc şairə verin,

birinci korrekturadı.

Qarşımda qalaqlandı

Məşhur bir şairin

seçilmişləri…

Arada kiminsə

Ağardı da dişləri…

Maaş günü bildim

Gülməliymiş bunun harası, –

Nizamidən uzaq!-

Şekspirdən uzaq!-

Ucuz imiş şerin korrekturası.

Acı-acı güldüm, poeziya,

Xəcalətdən öldüm, poeziya, –

Mən səni belə bilməzdim”.

Azərnəşrdə Rəsul Rzanın “Seçilmiş əsərləri”ni mənə vermişdilər ki, redaktə edim… Rəsul Rzanın nəyini redaktə edərsən? Dəfələrlə çap olunmuş şeirlərdi.

Bədii tərcümə ilə paralel, işim gərəyi, uzun illər rəsmi, ictimai-siyası mətnləri tərcümə etmişəm. Rəsmi üslubun öz çətinliyi, spesifikliyi var. Xüsusən, siyasi mətnlərin, polemik yazıların tərcüməsində sözün mənası, kəsəri ikiqat artır, ehtiyatlı olmaq lazımdır, dozanı gözləmək şərtilə. Bəzən elə bəyanatları tərcümə etmişəm ki, dövlət başçısının masasına getməlidir. Bir dəfə çox mühüm bir bəyanatı tərcümə edirdim, Ulu Öndərin şəxsi tərcüməçisini də göndərmişdilər ki, köməkləşin, ikiniz tərcümə edin.  O da gəldi, gördü ki, bir səhifəsini tərcümə etmişəm, baxdı… və getdi. Dedi ki, ehtiyac yoxdur. “Eləyir də…”  Sonra, deyilənə görə, Ulu Öndər soruşub ki, bunu kim tərcümə edib, gətirin, qoy, burada, yanımızda işləsin… O vaxt üç-dörd dili eyni səviyyədə bilənlər az idi. Söhbətin nəticəsi “kulis”də qalıb… İndi, maşallah, xaricdə ingilis dilində təhsil alıb ölkəyə qayıdan cavanlar çoxdur, amma tələb yenə odur: mətn yazmaq qabiliyyəti, dilləri bilmək, yaradıcı, jurnalistika meyli. Demək istədiyim odur ki, tərcüməçi, hər şeydən əvvəl, öz dilini YAXŞI bilməlidir. Bizdə redaktəyə vaxt qalmır, operativlik işimizin birinci şərtidir. Son illərdə isə, redaktə yükü də tamamən yazarın çiyninə qoyulub: forumdan on-line yazını yaz, redaktə də elə, tərcümə də elə, birbaşa sayta. İnformasiya müharibəsi gedir… Bir də demək istəyirəm ki, hər kəs bacardığı işi görməlidir…

İndi dediklərim daha çox bədii tərcüməyə aiddir. Redaktor hər işarəsini tərcüməçi ilə razılaşdırmalıdır. Söhbət peşəkar tərcümədən və peşəkar tərcüməçidən gedir. Bəzən redaktor işi daha da korlayır. Redaktor guya daha yuxarı pillədir deyə gərək işi mütləq qaralaya? O sözü bura çəkə, bu sözü ora çəkə? Yəni, əlyazmaya mənim də qələmim dəydi deyə? Redaktə xatirinə redaktə?.. Əlbəttə, tərcümə lazımı səviyyədədirsə.

Və ya görürsən, filankəs müəllim etdiyin tərcüməyə şübhə ilə yanaşır. Olub ki, o filankəs müəllimə demişəm: “60 ildir, rus dövlətində yaşayır, işləyirsiz, alın bu abzası, rus dilindən Azərbaycan dilinə tərcümə edin… Eləyə bilərsiz…? Xahiş edirəm, qiymət verin tərcüməçiyə, əlin içində saxlayın… Qonorarı ikiqat verin. Mütəxəssisdir…”. Kimə deyirsən?!..

Tərcüməçi əsərin ikinci müəllifidir. Bir əsərin üç müəllifi olmaz. Redaktə işində yoxlama, kontrol, müfəttişlik var bir az. Bu sözlər hamıya yaxşı tanışdır, yəqin. Kim istəyir ki, onu təftiş etsinlər? Redaktor üstqurum kimi görür özünü. Nə gizlədim, mən etdiyim tərcüməni redaktora etibar etmirəm… Xüsusən, bədii mətnin tərcüməsində tərcüməçi ÖZÜ görünməlidir… redaktor yox.