Könül Aydın Nəhmətova,
Filologiya üzrə fəlsəfə doktoru, pedaqoq
Müəllimlərdən biri mənə biologiya müəllimlərinin sertifikatlaşdırma üzrə sınaq imtahanında istifadə edilmiş bir test tapşırığını göndərib, ona münasibətimi öyrənmək istədi. Müəllim öncə Azərbaycan bölməsində testə daxil olan tapşırığı göndərdi. Tapşırığı aşağıda təqdim edirəm. “Aşağıda” sözünü yazarkən təhsil naziri Emin Əmrullayevin şifahi nitqində işlətdiyi kəlmə yadıma düşdü və yeri gəlmişkən, fürstdən istifadə edib bu sözün işlənmə məqamını aydınlaşdırım ki, hörmətli təhsil nazirimiz də növbəti çıxışlarında nəzərə alsın. Bu yazılı mətndə işlənmiş “aşağıda” sözü yerindədir və üslub səhvi sayıla bilməz. Çünki mənim təqdim edəcəyim nümunə o sözün işləndiyi sətirdən aşağıdadır. Amma nazirin şifahi nitqində sətirlər hər hansı bir yazı vasitəsinin üzərində yerləşmədiyi üçün bu halda “aşağıda” sözündən istifadə üslub səhvidir. Belə məqamda fikrin ifadəsindən asılı olaraq, “bir az sonra”, “növbəti” kəlmələrindən istifadə edilə bilər.
Hörmətli oxucular, aşağıda tqdim ediyim test tapşırığını diqqətlə oxumağınızı və mənim şərhimdən öncə sualın üzərində düşünüb onu dəyərləndirməyinizi və həmçinin düzgün cavabı müyyənləşdirməyinizi xahiş edirəm.
Tezti oxuduqda öncə tapşırığın hədəf auditoriyasını müəyyənləşdirə bilmədim. Kimə müraciət olunub: tibb işçilərinəmi? Tapşırığın şərtinin ikinci hissəsi bunun şagirdlərə ünvanlandığını bildirir. Mən düşünməyə başladım: şagird hansı şəxslərin saglam qida rasionunu müəyyənləşdirə bilər ki, onların da yaş və sağlamlığını nəzərə alsın, büdcəsindən xəbərdar olsun. Tutaq ki, sinifdə məhz bu tapşırıq şərtini eynilə beləcə də təqdim etdim. Bu suallar şagirdləri də maraqlandırmayacaqmı? Bəli, tapşırıq şagirdlərə aydın olmayacaq və sualların müəllimin üzərinə yağış kimi yağacağını təsəvvür etmək çətin deyildir. Amma mütəxəssislərə məlumdur ki, şagirdlər üçün tapşırıq elə hazırlanmalıdır ki, oxuyan kimi hər kəsə aydın olsun, sual dolu gözlər müəllimin üzünə dikilməsin.
Sonra test tapşırığına yazılmış cavab variantlarına baxdım. Düşüncəmə, mövzu ilə bağlı o anda yaranan təsəvvürümə görə, düzgün cavab olaraq B variantını secdim: “Fəndaxili, fənlərarası, fənnüstü”. Çünki tapşırıq kifayət qədər mürəkkəbdir və elmi-nəzəri, praktik biliklər tələb edir.
Müəllimə tapşırıqla bağlı ilk təəssüratımı yazdıqdan sonra seçdiyim cavab variantını belə şərh etdim:
“Biologiyada insanın yaşına görə inkişaf xüsusiyyətləri, sağlamlıq məsələlərindən bəhs edilir. Bu tapşırıq fəndaxili inteqrasiya tələb edir. Həm biologiya, həm riyazi hesab var burada, bu, fənlərarası inteqrasiyanı şərtləndirir. Belə ciddi suala cavab vermək biliklərini həyatda tətbiq, təcrübə tələb edir ki, buna görə də fənnüstü bilik də tələb olunur. Şəxsin fərdi sağlamlığını nəzərə almaqla ona sağlam qidalanma planının hazırlanması məhz metakoqnitiv bacarıq, yəni fənnüstü biliklər tələb edir.”
Min yaşa! Bu mənim suala cavabım idi.
Müəllim necə cavab verdi? İmtahanda düzgün cavab C variantı götürülmüşdür: “Yalnız fənlərarası”.
Müəllim həmçinin eyni test tapşırığının rus bölməsi üzrə biologiyadan sınaq imtahanında işlənmiş variantını mənə göndərərək həmin imtahanda düzgün cavab olaraq E variantının götürüldüyünü yazdı.
Test tapşırığı aşağıda təqdim olunur:
ARTİ-nin ekspertlərinin nəzərdə tutduqları hər iki cavab üzərində düşündük və müzakirə apardıq.
Yalnız fənlərarası: Biologiya və Riyaziyyat. Belə isə bəs yaş və sağlamlıq məsələləri – hər ikisi biologiyanın predmeti deyildirmi?
Fəndaxili, fənlərarası: şəxsin fərdi sağlamlığı və ona görə qida rasionunun müəyyənləşdirilməsi yalnız fənlərin nəzəri bilikləri əsasındamı aparılır? Bu rasionu müəyyənləşdirən şəxsin praktik bacarıqları heç bir əhəmiyyət kəsb etmirsə, elə biz biologiya kitabını qarşımıza qoyub istədiyimiz şəxsə qida rasionu hazırlaya bilmərikmi?
Bu məsələ öz yerində, keçək ARTİ-nin test tapşırığı hazırlaya bilmə səriştəsinə və elmə yanaşmasına. İki fərqli imtahanda eyni suaın fərqli cavabları məsələnin birinci tərəfini özlüyündə həll etdi: səriştəsizlik! İkinci məsələyə gəlincə, elmə bu cür əzbərçi və formal yanaşma şagirdlərin hansı təfəkkürünü inkişaf etdirə bilər?
Sözüm Təhsil İnstitutna, Elm və Təhsil Nazirliyinə deyil, mən onlardan əlimi çoxdan üzmüşəm, sözüm, ümümilikdə, təhsil ictimaiyyətinədir: bizim təhsil idarəçilərinin elmsizliyi müəllimlərimizi savadsızlaşdırdı və bu savadsız müəllimlər də kütləvi olaraq gələcəyə “kor nəsil” yetişdirirlər. Necə etməli?