Tərcümə Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, dövlət dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn tələblərin icrası ilə əlaqədar dövlət dilindən istifadə və tərcümə sahəsinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən təsis edilib.
Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, agentliyin fəaliyyət istiqamətlərinə – dövlət əhəmiyyətli sənədlərin, habelə təşkilatlar, sahibkarlar, eləcə də yerli və xarici vətəndaşların müraciət və sifarişləri ilə təqdim olunan mətn və materialların Azərbaycan dilində tərtibi, xarici dillərə tərcüməsi, redaktəsi və ekspertizası, həmçinin poliqrafiya xidmətləri də daxildir.
Xidmətlər müvafiq sahədə peşəkarlığı ilə seçilən dil və tərcümə mütəxəssisləri tərəfindən müxtəlif formatda, o cümlədən elektron qaydada göstərilir.