- Ədəbiyyat

Tərlan QULİYEV. “Dədə Qorqud”da xristianlıq və onun coğrafiyası

Mən qorqudşünas deyiləm, şeirşünasam. Məqsədim anadilli şeirimizin keçdiyi poetik inkişaf yolunu vəzn və qafiyə baxımından izləməkdir. Bu məqsədlə də ömrümün illərini sərf edib əruzun, qafiyənin nəzəri əsaslarını öyrənmişəm. Ki, əruzvəznli poeziyaya gəlib çatdıqda, onları bilmədiyimə görə dayanmayım. Dədə Qorqudda da məni əsasən vəzn və qafiyə məsələləri maraqlandırır. Dədə Qorqud şeirlərinin yaranma tarixini dastanın yaranma tarixindən almaq istəyirəm. İndi, Allaha şükür, hələlik geniş şəkildə yazmasam da, amma istər Dədə Qorqud, istərsə də bu yöndə bütövlükdə şeirimizin poetik sirlərini özüm üçün müəyyənləşdirmişəm. Amma dastanın yaranma tarixini öyrənmək məni dastanla bağlı daha başqa mövzulara da gətirib çıxardı ki, bu kiçik yazı da onlardan biridir…

“Kitabi-Dədə Qorqud” dastanını Azərbaycan tarixinin bir parçası olan, Azərbaycan tarixində e.ə. IV-III əsrlərdən başlayaraq təqribən, eramızın VII əsrinə qədər mövcud olmuş Alban dövrünün ensiklopediyası adlandırsaq, bəlkə də yanılmarıq. Çünki bu dastanda hər şey var: dastanda təsvir olunmuş xalqın məişətindən, təfəkküründən, mədəniyyətindən, dövlət quruluşundan, inanclarından, dini əqidəsindən, sərhədlərindən, ərazilərinin təsvirindən tutmuş, hətta düşmənlərinə qədər. Dastanda təsvir olunan dövr, mühit, dini inancların əksi də bizə bu dastanın məhz bu əsrlərdən bəhs etdiyini söyləməyə əsas verir. Bu mənada, bizim düşüncələrimizə görə, dastan təqribən, Alban dövlətinin mövcud olduğu min il ərzində boy-boy yaranmış, sonralar, ərəblərin gəlişləri ilə əlaqədar olaraq, redaktə edilib, bəlkə də qədim Alban əlifbasından ərəb əlifbasına köçürülmüşdür. Cünki bizə görə, dastan, yazıya alınmadan min il ərzində tarixilik, bədiiyyat və dil baxımından bu mükəmməllikdə bizə gəlib çata bilməzdi. Yəqin ki, dastan, dastanın daha qədim zamanlarla səsləşən boyları hələ İslamın Azərbaycana gəlişindən əvvəl ilk dəfə yazıya köçürülmüşdür. Sonralar yəqin ki, bir neçə dəfə də kiçik redaktələrə məruz qalmış və nəhayət, bizə sonuncu redaktə – XV-XVI əsrlər, əlimizdə olan bugünkü variantda gəlib çatmışdır. Bu mənada, dastanın Azərbaycanın məhz Alban dövrü tarixindən bəhs edən bir dastan olduğunu və bu dövrdə düzülüb-qoşularaq yazıya alındığını göstərən sübutlardan biri də dastanda öz əksini tapan xristianlıq məsələsidir. Qeyd edək ki, xristianlıq dastanda yeri gəldikcə kifayət qədər ətraflı təsvir olunmuş, dastan yazıya alındığı dövrdə İslamın böyük təsir gücünə malik olduğunu nəzərə almasaq, öz əksini, bəlkə də heç də ondan zəif şəkildə tapmamışdır. Beləliklə, dastanda xristianlığın əksi də dastanın məhz Alban dövrü ilə bağlı olduğunu bir daha sübut edir.

Xristianlığın tarixi haqqında mövcud olan müasir elmi qənaətə görə, xristianlıq təqribən, 301-ci ildən ermənilərdə, 313-cü ildən etibarən Albaniyada və təqribən, 326-cı ildən isə Gürcüstanda yayılmışdır. Doğrudur, son dövrlər bu elmi qənaət bir qədər dəyişmiş, Albaniyanın xristianlığı ermənilərdən daha əvvəl qəbul etdikləri fikri elmi müstəviyə çıxarılmış və hətta Şəkidəki qədim Kiş məbədinin bu arealda tikilən ilk məbədlərdən biri və yaxud da birincisi olduğu söylənilməkdədir.

Maraqlıdır ki, dastanda ermənilər haqqında heç bir məlumata rast gəlmədiyimiz kimi, ermənilərin iddia etdikləri müasir Ermənistan torpaqlarında da dastanda təsvir olunan dövrdə heç bir kilsəyə, erməni kilsəsinə, ermənilərin xristian olmaları barədə məlumata da təsadüf etmirik. Dastanda isə, dediyimiz kimi, xristianlıq, bu dinin mövcud olduğu ərazilər, onun sərhədləri kifayət qədər geniş şəkildə təsvir edilmişdir.

Dastanda xristianlar, əsasən, “kafər” kimi yad edilir və demək olar ki, bir-iki boyu – “Duxa qoca oğlu Dəli Domrul boyunu bəyan edər”, “Basat Dəpəgözi öldürdügi boyu bəyan edər”, “İç Oğuza Taş Oğuz asi olub Beyrək öldügi boyu bəyan edər” boylarını çıxmaq şərti ilə, demək olar ki, qalan bütün boylarda qarşı tərəf düşmən qüvvələr kimi iştirak edirlər. Belə ki, biz bu kafərlərin xristian olduqlarını elə ilk boylardan öyrənirik. Dastanda İslamı yenicə qəbul etmiş, hələ öz qədim türk inanclarından bir o qədər də uzaqlaşmamış Oğuzlar, kafərləri -xristianları “azğun kafər”, “sası” – murdar (“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999), “murdar kafər”, “din düşməni”, “dini yox”, “əqilsiz”, “ussı yoq”, “dərnəksiz”, “qara dinli” kafər kimi yad edirlər. Məsələn, “Salur Qazanın evi yağmalandığı boyu”nda Atağuzlu Aruz qoca Qazana belə deyir: “Ağam Qazan, sası dinlü Gürcüstan ağzında oturarsan, ordun üstinə kimi qorsan?” Bir qədər aşağıda Qazanın evini yağmalamağa gələn kafərlər isə belə təsvir olunur: “Yeddi bin qaftanının ardı yırtıxlu, yarımından qara saçlu, sası dinlü, din düşməni alaca atlu kafər bindi yılğadı, dün burcuğında Qazan bəgin ordısına gəldi”. Həmin boyda Qaraca Çoban kafərlərə belə müraciət edir: “Altmış tutam göndərini nə ögərsən, mırdar kafər?”, “Mərə, dini yoq, əqilsiz kafər! Ussı yoq, dərnəksiz kafər!”. “Qazan bəg oğlu Uruz bəgin tutsaq olduğı boy”da isə kafərlər haqqında belə deyilir: “On altı bin ip üzəngili, keçə börkli, azğun dinli, quzğun dilli kafər çıqa gəldi”. Yenə orada “Qara polat uz qılıcın çalayın, azğun dinlü kafərdir, başların kəsəyin”. Yenə orada “Oğul, bin kafər öldürsən kimsə səndən qan dəviləməz. Amma azğun dinli kafərdir, xub yerdə tuş oldu…”. Qazan bəy bu boyda, hətta “Qara dinlü kafərə göz qarar”dır. Beləliklə, gördüyümüz kimi, dastanda qəhrəmanlar – Oğuzlar düşmənin təkcə özlərini deyil, dinlərini də aşağılayırlar.

Dastanda kafərlər dedikdə, xristianlar, xristian, xristianlığa işarə vurulduqda isə, əsasən, kafərlərin nəzərdə tutulduğunu söyləməyə daha bariz nümunələr vardır. Belə ki, məsələn, “Qazan bəg oğlu Uruz bəgin tutsaq olduğı boy”da Uruz atasından inciyərkən Qazana belə deyir:

“Qan Abqaz elinə mən gedərəm,

Altun xaça mən əlümi basaram,

Pilon geyən keşişin əlin öpərəm,

Qara gözli kafər qızın mən aluram”.

Beləliklə, bu misralar dastanda kafərlərin, əsasən, məhz xristianlar olduqlarını sübut edir.

Dastanda kafərlərdən – xristianlardan söhbət gedərkən, ara-sıra onların geyim-keçimləri, həyat tərzləri, məişətləri haqqında da məlumat alırıq. Belə ki, yuxarıdakı misralardan da məlum olduğu kimi, onların keşişlərinin əsas rəsmi dini geyimləri “pilon”dur.

Dini ədəbiyyatın verdiyi məlumata görə, “Dədə Qorqud”da “pilon” kimi keçən, amma yunanca və xristianlıqda “felon” kimi səslənən bu dini geyim növü, qolsuz, ancaq baş yeri olan, uzun, ayaqlara qədər uzanan geyimdir, üst örtüyüdür. Qədimlərdə onu yağışdan və soyuqdan qorunmaq üçün geyinmiş, sonralar bu geyim din xadimlərinin, əsasən yepiskopların və onlardan bir dərəcə aşağı olan iyereylərin dini geyimlərinə çevrilmişdir. Bu geyim daha çox dini ibadətlər zamanı geyinilir ki, o da pravoslav din xadimlərinin nöqteyi-nəzərinə görə, özündə dini nuru, ədaləti və s. dini baxışları əks etdirir. Beləliklə, gördüyümüz kimi, Oğuzlar xristianları yaxşı tanıyır, altun xaça əl basdıqlarını bilirlər. Və onu da bilirlər ki, pilon geyən keşiş də adi din xadimi olmayıb, din rəhbərlərindəndir. Yaşadıqları yerlərə də bələddirlər və geyim-keçimlərindən də baş çıxarırlar. Bu mənada, dastanda pilon geyən rəhbər din xadimi ilə yanaşı, sıravi xristianların, əsasən, xristian döyüşçülərin də təsviri verilir. “Yeddi bin qaftanının ardı yırtıxlu, yarımından qara saçlu, sası dinlü, din düşməni, alaca atlu kafər bindi yılğadı, dün burcuğında Qazan bəgin ordısına gəldi”. “On altı bin ip üzəngili, keçə börkli, azğun dinli, quzğun dilli kafər çıqa gəldi”. “On altı bin qara tonlu kafər ata bindi, Qazanın üzərinə alğar yetdi”. “Dirsə xan oğlı Buğac xan boyu”nda isə Dirsə xanın xatunu Dirsə xana belə müraciət edir: “Qara tonlu, azğun dinlü kafərlərə bir oğul aldırdınsa, degil mana!”. Beləliklə, gördüyümüz kimi, sıravi kafərlər – xristianlar, qara saçlı olub, əyinlərinə arxası yırtıqlı qara don geyinir, başlarına isə keçə papaq qoyurlar. Xristianlıqda bəzi məzhəb və təriqət sahiblərinin qara paltar geyindikləri məlum olsa da, dastandakı sadə kafərlərin – xristianların, tarixən hansı məzhəbə aid olub, dəfələrlə təkrarlandığı kimi, nə üçün qara don geydiklərini və bunun dini bir mahiyyət daşıyıb-daşımadığını dəqiq bilmirik. Keçə börkü-papaqları isə, adətən gürcülərin başlarına qoyduqları məlumdur. Bu mənada, təbii ki, dastanda xristianlar dedikdə, ilk növbədə, bu gün pravoslav kimi tanıdığımız tarixi gürcülər nəzərdə tutulur. Bir qədər aşağıda görəcəyimiz kimi isə, bu fakt daha başqa müddəalarla əsaslandırılır.

Dastanda bəzən düşmənin – kafərin amansız olduğu da qeyd edilir:

“Oğul, oğul, ay oğul!

Mənim ünüm anla, sözüm dinlə!

Ol kafərin üçin atub birin yarmaz oqçısı olur,

“Hı!” demədin başlar kəsən cəlladı olur,

Adam ətin yəxni qılan aşbazı olur,

Sən varası kafər deyil”.

Dastanda xristian din xadimlərindən olan keşişlərdən də bəhs olunur və xristianların ibadət edərək müqəddəs bildikləri ikonalardan da söhbət açılır.

Qarıcıq ananı gətürmişiz, bizimdir,

Sana verməziz, Yayxan keşiş oğlına verəriz,

Yayxan keşiş oğlından oğlu toğar,

Biz anı sana ğərim qoruz, – dedilər.

“Dədə Qorqud”un görkəmli tədqiqatçısı professor Samət Əlizadə isə aşağıdakı sətirlərdən danışarkən yazır: “Yonma ağaç tanrılı” dedikdə, “xaçpərəstlərin tanrı bildikləri İsanın və anası müqəddəs Məryəmin şəkli çəkilən ikona, bəlkə də bütpərəstlərin ağacdan yonduqları büt təsviri (idol) nəzərdə tutulur”.

İt kibi gu-gu edən çərkəz xırslı,

Küçicik tonuz şülənli,

Bir torba saman döşəkli,

Yarım kərpic yasdıqlı,

Yonma ağac tənrili,

Köpəgim kafər.

Bir yerdə isə kafərin, hətta yetmiş iki bütxanəsi olduğu da qeyd edilir. Bizə elə gəlir ki, bunu da, bəlkə yenə ikonalarla əlaqələndirmək olar. Çünki “Bəkil oğlu Əmranın boyu”nda oğlan Allah-taaladan yardım istəyərkən kafər ona belə deyir:

“Kafər aydır: “Oğlan, alındunsa, tənrinəmi yalvarursan? Sənün bir tənrin varsa, mənüm yetmiş iki bütxanəm var!” – dedi. Oğlan aydır: “Ya asi məlun, sən bütlərünə yalvarırsan, mən aləmləri yoqdan var edən Allahıma sığındım” – dedi”.

Dastanda Oğuzlar xristian din xadimləri olan keşişlərə də açıq-aşkar lağ edir və yeri gələndə, hətta onları öldürürlər də. Məsələn, “Salur Qazanın evi yağmalandığı boy”da Oğuzlar ova gedərkən sadalanan igidlər arasında Yegnəg bəy belə xatırlanır: “Qonur atlu Qazana “keşiş” deyən bəg Yegnəg Turı ayğırına bindi.” “Qam börənin oğlı Bamsı Beyrək boyu”nda isə Oğuzlar kafərin hasarını – qalasını alan zaman belə söylənilir: “Kafərin kəlisasın yıqdılar, yerinə məscid yaptılar. Keşişlərdən öldürdilər”. Trabzona yaxın olan Aya Sofyada da keşişlər var: “Yol üzərində kafərin Aya Sofyası vardı. Keşişlər bəklərdi. Ğayət sarb kəlisaydı”.

Dastanda kafərlərin – xristianların donuz saxladıqları və donuz əti yedikləri də xatırlanır. Bildiyimiz kimi, donuz əti yemək və bu dünyagörüşə görə donuz saxlamaq da İslamda məqbul sayılmır. Amma bunun əksinə olaraq, xristianlıq donuz əti yeməyi heç də günah bilmir. Buna görə də xristianlar sərbəst şəkildə donuz saxlayır və donuz ətini öz mətbəxlərinə daxil edirlər. Belə ki, dastanda biz bunun da şahidi oluruq. Məsələn, “Qam börənin oğlı Bamsı Beyrək boyu”nda Beyrək kafirlərə belə deyir: “Mərə, sası dinlü kafər! Mənim ağzıma sögüb durarsan, duyamadım. Qara tonuz ətindən yəxni yedirdin, doyamadım”.

Dastanda Qazan və oğlu kafərlərə əsir düşərkən, kafərlər onları donuz damında saxlayırlar: “Bunun oğlu var, qardaşı var; bunu öldürmək olmaz – dedilər. Gətürdilər tonuz tamına həbsə saldılar”. Uruz Qazanla anasına bu xəbəri göndərir: “Qara tonuz damında yatur degil!” “Uşun qoca oğlı Səgrək boyu”nda isə Əgrək, qardaşı Səgrəgin yataraq əsir düşəcəyini bildiyi üçün, onu aşağıdakı şəkildə qınayır: “Bənciləyin qarusundan ağ əllərin bağladuban tonuz tamında yaturmı olur?”

(Davamı olacaq)