- Ədəbiyyat, Manşet

Tərlan QULİYEV. Səkkiz qəzəlin qafiyəsi

Füzulinin türkcə-azərbaycanca divanında 294 qəzəl var. Onlardan cəmi səkkiz qəzəlin qafiyəsi bütövlükdə türk mənşəli sözlərdən ibarətdir… Şərq şeirinin ən məşhur bilicilərindən biri olan müəllimim, professor Əkrəm Cəfər (1905-1991) həmişə deyirdi ki, Şərq poetikasının qolları – əruz, qafiyə, bədi, bəyan, məani içərisində bu elmlərin ən incəsi, ən zərifi, ən mürəkkəbi, ən çətini qafiyədir; həm sənət, həm də elm baxımından. Xüsusilə, türkdilli poeziyada. Görünür, ona görə də, qafiyənin ərəb-fars şeirində meydana çıxan xüsusiyyətləri haqqında elmi-nəzəri sistem olsa da, orta əsrlərdən tutmuş, hələ indiyədək qafiyənin türkdilli şeirdə meydana çıxan xüsusiyyətləri barədə, demək olar ki, belə bir nəzəriyyə yoxdur. Çünki….türk dilləri, əsasən də, doqquz sait səsə malik olan Azərbaycan dili, ərəb-fars qafiyə nəzəriyyəsinin çərçivələrinə sığmır, onlardan daha genişdir…

Qafiyə Şərq – Azərbaycan şeirinin ayrılmaz poetik tərkib hissəsidir. Şeirimizdə bu poetik əlamətin tarixi olduqca qədimdir. Orta əsrlər Şərq poetika alimləri qafiyəni şeirin vacib əlaməti saymış, şeiri qafiyəsiz təsəvvür etməmişlər. Hətta, lüğətlər belə, bəzən, qafiyə ilə yazılmışdır.

Xuda – tanrı, tavangir, mənisi – bay,

İşə buyruqedici – karfərmay.

Məsələn, XI əsrin böyük alimi İbn Rəşiq yazır: “Şeirdə qafiyə vəznin şərikidir”. XIII əsrdə, 1251-ci ildə ərəb və fars şeirlərində əruz və qafiyənin nəzəri əsasları haqqında yazdığı “Miyarül-əşar” (Şeirin meyarı) adlı əsərində isə  Nəsirəddin Tusi şeirə belə qiymət verir: “Şeir, əksəriyyətə görə, təxəyyülə əsaslanan vəznli, qafiyəli kəlamdır”. Nəsirəddin Tusi qafiyə haqqında fikirlərini davam etdirərək qafiyənin mənşə etibarilə ərəb şeirilə bağlı olduğunu söyləyir. Bu fikri müdafiə etdiyinə görə,  onun qeydlərindən aydın olur ki,  qafiyə yunan və fars şeirlərində  bir o qədər də əhəmiyyətli element hesab olunmamış, qədim fars şeirində isə Cəşubu adlı bir şair, hətta qafiyəsiz şeirlərdən ibarət “Yubenamə” adlı  kitab da  tərtib etmişdir. Lakin Nəsirəddin Tusi digər bir əsərində, “Əsas əl-iqtibas” (İqtibasın əsasları) əsərinin sənətdən, poeziyadan bəhs edən doqquzuncu məqalətində yenidən qafiyəyə yüksək qiymət vermiş, onun mənşəyi,  poeziyadakı yeri haqqında  danışarkən, olduqca qiymətli fikirlər söyləmişdir. “Əsas əl-iqtibas” əsərinin doqquzuncu məqalətini Azərbaycan dilinə çevirən mərhum Qasım Cahaninin tərcüməsində oxuyuruq: “Qafiyənin mənası ondan ibarətdir ki, şeirin axırı sadə olduğu kimi, oxşar da olur. Qədimdə şeirdə qafiyələnmək şərti yox idi. Bu, ərəb şeir sənətkarlığına xasdır. Başqa xalqlar onlardan götürmüşlər. Qafiyə haqqında elmi mülahizə vardır və bu elm lüğət (dil – Tərlan Quliyev) elmi tərkibinə daxildir. Şeiri zəngin göstərən qafiyədir. Qafiyə şeirin ayrılmaz hissəsidir. Qafiyələr barədə: Qafiyənin sənətdə əhatəsi – onun varlığı zəruridir və qafiyə zahiri parıltı, göz qamaşdırmaq və sairə kimi bədii keyfiyyətlərlə əhatə olunmuşdur. Yunanların qafiyəyə mənəvi tələbləri məhdud idi. Şeirdə hər bir qafiyənin özünəməxsus mövqeyi vardır. Qafiyə mənanın surətini daha da çoxaldır”.

Təbii ki, qafiyə haqqında, onun şeirdəki rolu və əhəmiyyəti barədə orta əsr müəlliflərindən gətirilən belə misalların sayını istənilən qədər artırmaq olar. Lakin belə misallarla məsələni uzatmaqdansa, ilk növbədə, bir suala cavab vermək lazımdır. Müasir şeirimizdə və tənqidimizdə şairlərimizin və tənqidçilərimizin belə bəzən qəbul etmədikləri qafiyə, ümumiyyətlə, nədir? Bu məqama gəlib çatdıqda isə, bir məsələyə də qısaca aydınlıq gətirək və sonra keçək bu sualın cavabına. Belə ki, ərəb filologiyası tarixində qafiyə elmini ilk dəfə sistemə salan, bu elmin nəzəri əsaslarını yaradan yenə də böyük ərəb alimi, əruz elminin yaradıcısı, ərəb filologiyasının atası hesab olunan Xəlil ibn Əhməd (718-791) sayılır. Sonralar ərəb şeiri istər məzmun və istərsə də, forma baxımından bütün Şərq şeirində yayıldıqca, şeirin poetik tərkib hissələri olan əruz və qafiyə elmləri fars poetika elminə də təsir etmişdir ki, nəticədə fars filoloqları da əruzun fars şeirində meydana çıxan xüsusiyyətlərini ümumiləşdirdikləri kimi, eyni zamanda qafiyənin də fars şeirində meydana çıxan xüsusiyyətlərini də nəzəri şəkildə sistemə salmışlar. Qeyd edək ki, istər ərəb, istərsə də fars şeirinin qafiyəsinin nəzəri əsasları mahiyyət etibarilə eynidir. Sadəcə, fars dilinin xüsusiyyətləri ilə bağlı olaraq, fars qafiyəsinin təşkilində iştirak edən hərf və hərəkələrin sayı ərəb qafiyəsində iştirak edən hərf və hərəkələrin sayından daha çoxdur. Bu mənada, fars qafiyə elminin hüdudları daha geniş olduğundan, biz də daha çox fars qafiyəsinin xüsusiyyətlərindən bəhs edib, ümumiyyətlə, qafiyənin nəzəri əsaslarını fars qafiyəsinin xüsusiyyətləri əsasında izah etmək istəyirik.

Beləliklə, qafiyə nədir? Təbii ki, ümumi qənaətə görə qafiyə, misraların axırında gələn qafiyələnmiş kəlmələrdəki səslərin eyniliyidir. Belə ki, bu eyni səslər, ən böyüyü bir neçə hərf və səsdən tutmuş, ən kiçiyi bir hərf və yaxud bir səsə qədər ola bilər. Ərəb-fars qafiyə nəzəriyyəçilərinə görə, qafiyənin təşkilində iştirak edən hər bir hərf və səsin qafiyənin təşkilində öz rolu, mövqeyi və adı vardır ki, bu rol və mövqelər də həmin hərf və səslərin dildəki xüsusiyyətləri, adlar isə hərf və səslərin qafiyədəki rolları ilə  bağlıdır. Fars qafiyəsinin təşkilində doqquz hərf və həmin hərflərlə bağlı altı səs iştirak edir. Hərflər təsis, dəxil, ridf, qeyd, rəvi, vəsl, xüruc, məzid, nayirə, səslər isə rəss, işba, həzv, tövcih, məcra, nəfazdır. Ərəb-fars dillərində, adətən hərf dedikdə, samitlər, səs dedikdə isə, qısa sait səslər nəzərdə tutulur. Ərəb qrafikasına görə, sağdan-sola yazıldıqda bu hərflərdən dördü – təsis, dəxil, ridf, qeyd rəvidən qabaq, vəsl, xüruc, məzid, nayirə isə rəvidən sonra işlənirlər. Beləliklə, ərəb-fars qafiyə nəzəriyyəçilərinə görə, qafiyənin təşkilində iştirak edən əsas hərf rəvi hərfidir. Rəvi hərfi qafiyənin əsasını təşkil edir. Başqa sözlə desək, orta əsr müəlliflərinə görə bir neçə qafiyələnmiş sözü bir-birinə bağlayan əsas hərf rəvidir. Rəvi istər ayrı-ayrı beytlərdə, istərsə də bütöv bir qəsidədə  mütləq təkrar olunmalıdır. Buna görə də bəzən bütöv bir qəsidəni və yaxud da qafiyələri həmin qafiyələrin rəvisi ilə də adlandırırlar. Lüğəvi mənada rəvi yük və malları bağlamaq üçün istifadə edilən kəndirin adıdır.

Rəvi hərfi də kəndir kimi  bütün qafiyələri bir yerə toplayır və bu mənaya görə rəvi adlanır. Rəvi, əsasən, sözün kökünə daxil olan hərfdir. Bəzi istisnalardan başqa, dildə olan bütün hərflər rəvi ola bilər. Məsələn, elə Füzulinin hər hansı  qəzəlinə baxsaq, rəvi hərfini asanlıqla müəyyən etmək olar. Tutaq ki, qan, viran, hicran, peykan, pünhan, pərişan, peşiman sözləri ilə qafiyələnmiş qafiyələrdə n hərfi qafiyənin rəvisidir. Çünki, o, bütün bu sözlərin qafiyəsində iştirak edən ən əsas  və qafiyələri bir-birinə bağlayan hərfdir. Diqqətlə baxsaq, görərik ki, bu qafiyələr əslində iki səsdən, hərfdən ibarətdir. Yəni bütün qafiyələnmiş kəlmələrdə iki səs eynilə təkrar olunur: a və n səsləri. Dediyimiz kimi, burada a səsinin də öz adı, mövqeyi və rolu vardır. Amma bu qafiyədə yenə də qeyd etdiyimiz kimi, əsas hərf rəvidir və bu qafiyədə n səsindən ibarətdir. Başqa bir qafiyəyə nəzər salaq: qəm, aləm, dəm, adəm, möhkəm, pürnəm, məryəm, məlhəm. Bu qafiyələrdə isə rəvi hərfi m hərfidir.

Beləliklə, qafiyənin təşkilində iştirak edən digər hərf və səslər və ümumiyyətlə, qafiyə haqqında fikrimiz tam olsun deyə, xırdalıqlara getmədən onlar haqqında da qısaca məlumat verək. Belə ki,  təsis, uzun a səsidir ki, onunla rəvi arasında mütləq bir hərəkəli hərf gəlməlidir. Dəxil,  təsislə sakin rəvi arasında gələn hərəkəli hərfə  deyilir. Qeyd, rəvidən qabaq gələn hərəkəsiz hərfdir. Ridf isə iki növ olur. Bir ridfi-əsli, ikincisi ridfi-mürəkkəb. Ridfi-əsli, rəvidən qabaq gələn uzun hərfə deyilir. Ridfi-zaid isə rəvi və ridfi-əsli arasında gələn hərfdir. Rəvidən sonra dörd hərf gəlir. Belə ki, rəvidən sonra gələn hərfə vəsl, ondan sonra gələn hərfə xüruc, ondan sonra gələn hərfə məzid, ondan sonra gələn hərfə isə nayirə deyirlər. Ərəb-fars qafiyə nəzəriyyəçilərinə görə, qafiyənin təşkilində eyni zamanda altı qısa səs, qısa sait, hərəkə də iştirak edir. Belə ki, rəss əlfi-təsisin hərəkəsi, işba dəxlin hərəkəsi, həzv ridfin hərəkəsi, toucih sakin rəvidən əvvəl gələn hərfin hərəkəsi, məcra rəvinin hərəkəsi, nəfaz  isə xüruca birləşən vəslin hərəkəsinə deyilir. Təbii ki, bütün bunlar nəzəri baxımdan olduqca qəlizdir. Xüsusilə, ərəb-fars əlifbasını bilməyənlər və ərəb-fars dillərindən xəbərləri olmayanlar üçün. Ancaq qafiyə nümunələrinə baxdıqda bu nəzəri bilgilər bir qədər aydınlaşır. Məsələn, elə yuxarıdakı misallara bir daha nəzər salsaq, dediklərimiz bir qədər aydınlaşar.

Belə ki, qan, viran, hicran, peykan, pünhan, pərişan, peşiman kimi qafiyələnmiş sözlərdə dediyimiz kimi, əgər n hərfi rəvidirsə, a hərfi də ridfdir, ridfi-əsli. Və bu hərf də şeirdə bütün qafiyə boyu dəyişməməlidir. Bunların dəyişməsi, yumşaq desək, şeirin və şairin sənətkarlığı haqqında mənfi fikir yaratmış olur. Bunun başqa uzun səslərlə olan növləri də var, i və u səsləri ilə: firib, rəqib, nəsib, şəkib, həbib; gülgun, məcnun, məhzun v.s. Burada da b və n hərfləri rəvi, i və u hərfləri isə ridfi-əslidirlər. Digər bir qafiyə, qeydli növ: zərd, dərd, fərd, nərd. Bu qafiyədə isə r-lar qeyd, d-lar isə rəvidirlər. Təsisli və dəxilli növlər isə poeziyada çox azdır. Çünki hələ Nəsirəddin Tusi bu növlərin sırf ərəb dili və şeiri ilə bağlı olduğunu söyləyərək, onların, hətta fars şeirində də az işləndiyini, işlənsə də, ərəb şeirinin təsiri ilə işləndiyini bildirir. Amma Füzulidə bu da var. Aydınlıq olsun deyə, “Cəhan içrə hər fitnə kim, olsa hadis, Ona sərvi-qəddindir, əlbəttə, bais” mətləli qəzəlinin qafiyələrinə baxaq. Qafiyələr hadis, bais, məbahis, xəbayis, salis, varis, haris və mühəddis-dir.  Burada s-lar rəvi, a-lar təsis, d, ayn, h, y, l, r -lar  dəxil, i-lər isə toucihdir. Nəzəriyyəyə görə, dəxil hərfi qafiyələrdə eyni olmaya da bilər. Buna görə də nəzəriyyəçilər təsisə və onunla bağlı olan dəxilə bir o qədər də əhəmiyyət verməyiblər.

Dediyimiz kimi, qafiyədə rəvidən sonra da bir neçə hərf və səs iştirak edir: vəsl, xüruc, məzid, nayirə və hərəkələrdən məcra və nəfaz. Biz bunların da üzərində dayanmaq istəmirik. Çünki xırdalıqlar oxucunu yorar. Amma qafiyədə bunların da yerlərini tərpətmək olmaz, əgər tərpətsək, onda da qafiyə pozulmuş olar. Lakin ən əsası odur ki, Nəsirəddin Tusi bu hərflərə də  əhəmiyyət verməyib. Şeirdə rədif misraların sonlarında semantik və qrammatik baxımdan eyni ilə təkrarlandığı kimi, onun nöqteyi-nəzərinə görə, rəvidən sonra gələn bu hərflər də eyni ilə təkrarlandığı üçün, onları da rədifdən saymışdır. Füzulinin məşhur bir qəzəlində bu hərflərin də geniş şəkildə işləndiyini görürük: “Aşiyani-mürği-dil zülfi-pərişanındadır” mətləli qəzəlində. Qəzəlin qafiyələri isə aşağıdakılardır: pərişanındadır, yanındadır, dərmanındadır, damanındadır, şəkkərəfşanındadır, müjganındadır, hicranındadır, canındadır. Burada da a-lar ridf, n-lar rəvi, ındadır-lar isə dediyimiz kimi, vəsl, xüruc və s.-dir ki, Tusi də bunlari rədif sayır. Beləliklə, xırdalıqlara getmədən qafiyənin təşkilində iştirak edən hərf və qısa saitlərin yerini, rolunu və mahiyyətlərini bildik. Amma onu deyək ki, qafiyədə də bu hərf və hərəkələrin hamısı bir yerdə eyni zamanda işlənə bilməz.

Klassik alimlər ərəb-fars qafiyəsində təqribən, maksimum neçə hərfin işləndiyini söyləsələr də, biz türkdilli şeirdə belə bir hesablama aparmadığımız üçün, türkdilli şeirin qafiyəsi haqqında bunu deyə bilmirik. Amma Füzuli şeiri üzərində apardığımız araşdırmalar rəviyə qədər onun daha çox ikisəsli  qafiyələrə üstünlük verdiyini göstərir:   ar – bimar, didar, əsrar, bidar, huşyar, yar, xumar, var; iq – aşiq, müvafiq, layiq, dəqayiq, əlayiq, sadiq, sabiq; as – xas, ğəvvas, rəqqas, xilas, ixlas; ab – şərab, hübab, səhab, cəvab,  afitab, əzab, hesab; ah – şah, mah, nəzərgah, kütah, agah, cah, gümrah; am – xüram, həmmam, tamam, badam, cam, xam, əmbərfam, aram, məqam, müdam, siməndam; il – dil, mənzil, qızıl, xəcil, müşkil, qafil, mayil, aqil, hail, məhfil və s. Füzulidə təkcə bir səsdən, ərəb-fars nəzəriyyəsinə görə uzun a, u, i-dən ibarət olan qafiyələr də vardır. Bir-iki qəzəlini  nümunə gətirək. “Qəd ənarəl-eşqu-lil üşşaqi-minhacəl hüda” və “Yarəb, həmişə lütfünü et rəhnüma mana” misraları ilə başlayan qəzəllərinə baxsaq, birinci qəzəlində hüda, iqtida, səda, gəda, cüda, xuda, maəda, ibtida, ikinci qəzəldə isə rəhnüma, sana, aşina, müqtəda, cəza, əta, müddəa, fəna sözlərindəki qafiyələrin tək bir uzun a səsindən ibarət olduğunu görərik. “Girib meyxanəyə müğ məşrəbilə kim ki xu eylər” qəzəlində isə qafiyələr tək bir uzun u səsindən ibarətdir: xu, arizu, göftgu, su,  bu, tari-mu.

Beləliklə, dediyimiz kimi, indi Füzulinin qafiyələri bütövlükdə türk mənşəli sözlərdən ibarət olan qəzəllərinin qafiyələrinin təhlilinə keçmək olar. Lakin istəyirəm ki, icazənizlə, bir məsələyə də toxunaq, sonra… Belə ki, insan Azərbaycan şeirinin, poeziyasının qafiyəsinə nəzər saldıqda heyrətlənməyə bilmir. Şairlərimiz, nənə-babalarımız Azərbaycan dilindən və onun gözəlliklərindən necə də məharətlə istifadə etmişlər. İnsan, həqiqətən də, bu gözəlliklərin və Azərbaycan dilinin qarşısında baş əyir… Sənətkarlıq budur! Bir gün Əkrəm Cəfərlə oturub qafiyə haqqında danışarkən, Əkrəm müəllim mənə hamıya məlum olan bir bayatımızın qafiyəsinə nəzər salmağı və oradakı rəvi hərfinə diqqət yetirməyimi istədi:

Bu dağlar ulu dağlar,
Çeşməli, sulu dağlar.
Burda bir igid ölmüş,
Göy kişnər, bulud ağlar.

Bu bayatının birinci və ikinci misralarına baxdıqda, qafiyələrin ulu və sulu olduğunu, rəvinin u olduğunu, dağlar sözünün isə rədif olduğunu görürük. Dördüncü misrada isə vəziyyət tamamilə dəyişir. Bu bayatını yaradan sənətkar bir dənə d hərfinin yerini dəyişməklə, yəni sonuncu misradakı dağlar sözündəki d-nı bulud sözünə vurmaqla tamamilə yeni bir qafiyə sistemi yaradır. Və necə də gözəl yaradır, səs ahəngi də yerində qalır. Cəmi bir hərfin yerini  dəyişməklə. Mən deyərdim ki, bəlkə də heç bir xalqın şifahi ədəbiyyatında, qafiyəsində belə gözəl səs oyunu və onun nəticəsində əmələ gələn səs uyğunluğu, qafiyə yoxdur. Budur, Azərbaycan dilinin və şeirinin gözəlliyi. Budur, Azərbaycan övladının bədii təxəyyülü…

Orta əsrlər qafiyə haqqında dediyimiz nəzəri təlim yuxarıda söylədiklərimizlə bitmir. Dediyim kimi, onun xırdalıqları və xüsusiyyətləri olduqca çoxdur. Bu xüsusiyyətlərdən biri də qafiyə zamanı meydana çıxan qüsurlardır. Belə ki, bu qüsurlar istər hərflərə və istərsə də səslərə də aiddir. Qeyd edək ki, orta əsr qafiyə nəzəriyyəçiləri bu qüsurları da ümumiləşdirmiş, onların neçə növ və neçə tip ola biləcəklərini də söyləmişlər. Və təbii ki, şairlərə bu qüsurlara yol verməmələrini tövsiyə etmişlər. Məsələn, bu barədə xırdalıqlara getmədən, birini qeyd edək. Məlumdur ki, ərəb-fars dillərində bir neçə t, bir neçə s, bir neçə z və s. vardır. Nəsirəddin Tusi bu hərflərin hər birinin ayrı-ayrı məxrəclərə sahib olduqlarına görə, hətta rəvi məqamında onların biri digərinə qarşı işlənmələrini də qəbul etməmişdir. Lakin Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrində bəzən biz rəvi hərflərinin qanunlarının pozulduqlarını da görürük ki, əslində bu, klassik nəzəriyyəyə görə qüsur sayılsa da, amma Azərbaycan şeirinə xüsusi gözəllik verir.

Və bu, bir daha göstərir ki, Azərbaycan şeirinin qafiyə gözəllikləri ərəb-fars qafiyə nəzəriyyəsinin çərçivələrindən daha genişdir və əslində bu çərçivələri vurub dağıdır da.

Su gəlir, arxa nə var,
Dolanır çarxa, nə var.
Məndən öz yarım küsüb,
Bilmirəm, xalxa nə var.

Təbii ki, burada qafiyələnmiş kəlmələr arx, çarx və xalx-dır. Rəvi hərfi isə x-dır. Məlumdur ki, sonuncu misradakı xalx sözü əslində xalq şəklində yazılmalıdır. Belə olduqda isə rəvi hərfi pozulmuş olacaqdır. Lakin xalq bu sözü x hərfi ilə işlədərək, yenə də şeirə xüsusi gözəllik vermiş və eyni zamanda rəvi hərfini pozmamışdır. Təbii ki, biz klassik şairlərimizin yaradıcılığında ərəb-fars qafiyə nəzəriyyəsini mükəmməl bilən, məsələn, Nəsimi, Füzulinin yaradıcılıqlarında belə hala təsadüf etmərik. Çünki, klassik ədəbiyyatın, yazılı ədəbiyyatın normaları tamamilə başqadır və şairlərimiz belə qafiyə növlərindən istifadə etsəydilər, yəqin ki, dövrün tənqidçiləri tərəfindən tənqidlərə məruz qalardılar…

Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirdikdən və orta əsrlər qafiyə nəzəriyyəsi haqqında müəyyən biliklərə sahib olduqdan sonra, Füzulinin səkkiz qəzəlinin qafiyəsinə qayıtmaq olar. Füzulinin elə qəzəlləri vardır ki, orada da qafiyələrdə bir neçə türk mənşəli sözlər işlənir. Lakin eyni zamanda bu qafiyələr sırasında ərəb-fars mənşəli qafiyələr də özünə yer tapır. Ona görə də biz onların üzərində dayanmır, ancaq bütün qafiyələri türk mənşəli sözlərdən ibarət olan qəzəllərdən söhbət açırıq. Həmin qəzəllər və onların qafiyələri aşağıdakılardır:

1. Tilsimi-gənc üçün ismi-əzəm yad tutdun, tut!
Tilsimi sındırıb, gənci töküb, ismi unutdun, tut!

Qafiyələri: tutdun, unutdun, yutdun, qurutdun, tutdun, utdun.

2. Saqiya, can tut ol aşiqə kim, qayğuludur,
Qayğu çəkmək nə üçün, cam ilə aləm doludur.

Qafiyələri: qayğuludur, doludur, ağuludur, uludur, uyğuludur, doludur, qapuludur, suludur.

3. Gəlir ol sərvi-səhi, ey gülü lalə, açılın!
Vey məhü mehr çıxın, qüdrətə nəzzarə qılın!

Qafiyələri: açılın, qılın, dərilin, bilin, kəsilin, silin, çəkilin, əyilin.

4. Qəmindən başə dün həsrət əliylə ol qədər vurdum

Ki, sübh olunca mürdə cismimi toprağə tapşurdum.

Qafiyələri: vurdum, tapşurdum, qurdum, aşurdum, sordum, oturdum, durdum, inandırdım.

5. Könül, səccadəyə basma ayaq, təsbihə əl urma,

Namaz əhlinə uyma, onlar ilə durma, oturma!

Qafiyələri: urma, oturma, uçurma, durma, sorma, arturma, tapşurma, aşurma.

6. Məni candan usandırdı, cəfadan yar usanmazmı?

Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Qafiyələri: usanmazmı, yanmazmı, inanmazmı, oyanmazmı, bulanmazmı, utanmazmı, usanmazmı.

7. Giryədir hər dəm açan qəmdən tutulmuş könlümü,

Əşkdir xali qılan qan ilə dolmuş könlümü.

Qafiyələri: tutulmuş, dolmuş, olmuş, bulmuş, önmüş, yorulmuş, pozulmuş, urulmuş.

8. Kuhikən künd eyləmiş min tişəni bir dağilən,

Mən qoparıb salmışam min dağı bir dırnağilən.

Qafiyələri: dağilən, dirnağilən, sağilən, toprağilən, ortağilən, uçmağilən.

Beləliklə, bu qəzəllərdə təkrarlanan bəzi qafiyələri nəzərə almasaq (onların leksik-semantik xüsusiyyətləri haqqında, inşallah, başqa bir yazıda), görərik ki, onların əksəriyyəti feillərdən ibarətdir. Əslində bu qafiyələrin feil olub-olmamalarının da onların qafiyə kimi işlənmələrinə heç bir dəxli yoxdur. Lakin Füzulinin qafiyə məqamında məhz feillərə müraciət etməsinin özü də maraqlıdır. İndi isə yuxarıdakı qafiyələrə nəzər salaq. Birinci qəzəlin qafiyələrində – tutdun, unutdun, yutdun, qurutdun, tutdun, utdun-da gördüyümüz kimi ikinci t-lar rəvidir. Rəvidən qabaq gələn u-lar isə, ərəb-fars dillərində olduğu kimi uzun səs deyildir. Xalis ana dilimizdəki adi u səsidir. Buna görə də ərəb əlifbasında hansı şəkildə yazılıb, hansı hərf kimi qəbul olunmasından asılı olmayaraq, bizim üçün o vəslə birləşməyən rəvinin hərəkəsi olan toucihdir. Dəqiqlik üçün deyək ki, əlyazmada bu sözlərin hamısı ərəb əlifbasındakı vav hərfi, uzun u ilə yazılmışdir ki, onda da vəziyyət dəyişir…

İkinci qəzəldə isə rəvi başdan-başa u-dur, qısa, ana dilimizdə olan u: qayğuludur, doludur, ağuludur, uludur, uyğuludur, qapuludur, suludur. Bir az yuxarıda Füzulinin ərəb-fars mənşəli u ilə qafiyəsini görmüşdük: xu, arizu, göftgu,  bu, tari-mu. Qeyd edək ki, poeziya tariximizdə ana dilimizdəki u ilə qafiyələr çox azdır.

Üçüncü qəzəlin qafiyələrində – açılın, qılın, dərilin, bilin, kəsilin, silin, çəkilin, əyilin-də rəvilər l-dır. Lakin birinci i-lərdə fərq var. Açıl və qıl sözlərində bu səs i deyil, ı-dır.  Bu,  qanunlardan kənardır. Məhz bu anda Azərbaycan dili çərçivələrə sığmır, onları vurub dağıdır.

Dördüncü qəzəlin qafiyələri – vurdum, tapşurdum, qurdum, aşurdum, sordum, oturdum, durdum, inandırdım-dır. Biz, adətən müasir günümüzdə tapşırdım, aşırdım desək də, görünür, bu sözlər Füzuli dövründə ərəb qrafikasından asılı olmayaraq, elə Füzulidə olduğu kimi deyilmiş və yazılmışdır.

Beşinci qəzəlin qafiyələri – urma, oturma, uçurma, durma, sorma, arturma, tapşurma, aşurma. Burada rəvi hərfi r-lardır. Rəvidən əvvəlki hərf də əksər sözlərdə eyni olsa da, təkcə sorma sözündə o ilədir. Təbii ki, söz surma şəklində ola bilməzdi.

Altıncı qəzəlin qafiyələrində – usanmazmı, yanmazmı, inanmazmı, oyanmazmı, bulanmazmı, utanmazmı, usanmazmı qafiyələrində hər şey mükəmməldi. N-lar rəvidir. Rəvidən əvvəlki hərf də eyni ilə təkrarlanır.

Yeddinci qəzəlin qafiyələri – tutulmuş, dolmuş, olmuş, bulmuş, önmüş, yorulmuş, pozulmuş, urulmuş gördüyümüz kimi, sait səslər baxımından yenidən çərçivələrə sığmır. Və bu da tamamilə təbiidir. Çünki demək olar ki, üç qısa sait səsin üzərində qurulan nəzəriyyə doqquz sait səsə malik olan dilin imkanlarını tam əks etdirə bilməzdi.

Səkkizinci qəzəlin qafiyələri isə yenidən gözəldir: dağılən, dirnağilən, sağilən, toprağilən, ortağilən, uçmağilən. Həm dilimizin gözəlliyini əks etdirmək və həm də bütün normalara uyğun gəlmək baxımından.

Beləliklə, bütün yuxarıda deyilənlərə yekun vurmalı olsaq, Əkrəm Cəfərin dediyi fikri bir daha təsdiq etmiş olarıq. Həqiqətən də, qafiyə elmi özlüyündə mürəkkəb elm olduğu kimi, eyni zamanda türkdilli şeirin qafiyəsi də olduqca həm incə, həm də olduqca mürəkkəb bir sənətdir. Ona görə də orta əsrlərdə və hətta müasir günümüzdə də türkdilli şeirin qafiyə xüsusiyyətləri demək olar ki, nəzəri şəklə salınmamışdır. Doğrudur, Əkrəm Cəfər bu haqda yazdığını söyləsə də, onun arxivində mən onun dediyi əsərə demək olar ki, rast gəlmədim. Görkəmli alimimiz, gözəl tərcüməçi, islamşünas, əruz və qafiyə elmini mükəmməl bilən Əhmədağa Əhmədov da (1922-2008) qafiyə haqqında “Qafiyətül-kafiyə” (Kifayət edən qafiyə) adlı gözəl bir əsər yazmışdır. Çap olunmuş bu kiçik əsərin redaktorlarından biri  də mənəm. Lakin mənə elə gəlir ki, ümumiyyətlə, türkdilli şeirin qafiyəsi haqqında hələ çox yazmaq, çox araşdırma aparmaq lazımdır. Bu bir-iki əsərlə və yəqin ki, mənim bu kiçik məqaləmlə bu böyük elmə tam şəkildə aydınlıq gətirmək olmaz. İşləmək, işləmək, işləmək lazımdır. Mən bəzən istər klassik ədəbiyyat, istərsə də, müasir ədəbiyyatşünaslığımızda poetika haqqında yazılan bəzi əsərləri də ciddi qəbul edə bilmirəm. Mənə elə gəlir ki, poetikaya, xüsusilə, klassik ədəbiyyatımızın poetikasına məhz bu nöqteyi-nəzərdən, bu mövqedən yanaşmaq lazımdır. Bu mənada, poetika haqqında inşa, başqa sözlə desək, esse yazanlar, lütfən, məni bağışlasınlar…

edebiyyatqazeti.az