Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə növbəti qanvermə aksiyası keçirəcək.
Komitədən APA-ya bildirilib ki, hər il dünyada və Azərbaycanda minlərlə uşaq bu diaqnozla anadan olur.
Qeyd olunub ki, anadangəlmə qanın laxtalanma prosesinin pozğunluğu olmaqla, bu xəstəlik yalnız ondan əziyyət çəkən şəxslərin deyil, ümumilikdə dövlətin və cəmiyyətin sosial-iqtisadi problemidir.
Müvafiq dövlət orqanları, vətəndaş cəmiyyəti nümayəndələri, könüllülər, bir sözlə hər bir vətəndaşımızda bu işə öz töhfəsini verməklə ömürlük bu problemlə mübarizə aparmağa məhkum olmuş soydaşlarımıza və onların ailələrinə dəstək işində yaxından iştirak etməlidir.
Odur ki, Sizin hər birinizi 12-13 aprel 2021-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Mərkəzi Qan Bankında (Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 65) keçiriləcək növbəti –“Qan verək, həyat bəxş edək” – aksiyasında iştiraka dəvət edirik”,-deyə məlumatda bildirilib.