Tanrının yaratdığı ən mükəmməl və dözümlü varlıq qadındır. O, bizə göylərdə uçmağa qanad verməsə də, ucalıq bəxş edib. Başucalığının insanşünaslar nə qədər önəmli olduğunu yaxşı bilirlər.
Taleyin çətin sınaqlarına əyilmədən tab gətirmək hər kişinin işi deyil. Mənim qəhrəmanımla tanışlıq sizə bir qadının keşməkeşli həyat yolunu göstərəcək. Ömrünün əlli ilini mücadilərlə yaşayan, öz halal zəhmətiylə bütün məqsədlərinə çatan, kənd və şəhər həyatında əməklə, ümidlə güzəran qurmağı bacaran Ruhəngiz Əlizadə 70 yaşına çatdı. Savadlı və xeyirxah müəllim kimi, namuslu qadın kimi, fədakar ana kimi yaşayıb təkbaşına iki oğul böyütdü. Ciddi, tələbkar yanaşması ilə yetişdirdiyi bütün şagirdlərin sevgisini qazandı:
“Mən 15 yaşımda M.Ə.Sabir adına pedaqoji texnikuma qəbul olundum. Şəkidə müəllimliyə başlayanda 19 yaşındaydım. İşləyə-işləyə dövlət universitetinin coğrafiya fakültəsində qiyabi oxudum. Uşaqlara coğrafiyanı sevdirmək üçün Azərbaycan torpağını, təbiətini tərənnüm edən şeirlərdən, mahnılardan istifadə edirdim.
Ailə həyatım uğursuz oldu və vaxtında ayrıldım. İki balamı zəhmətkeş, bilikli böyütmək üçün öz gücümə güvəndim. Onlar kiçik olsalar da, bacardığı işin qulpundan yapışıb mənə kömək etdilər. Gecələr yatmadım, tikiş tikdim, şirniyyat bişirib satdım. Oğlanlarımın ali təhsili ilə bağlı Bakıya köçdük. Əvvəllər kirayədə qaldıq. İndi ali təhsilli oğlanlarım və nəvələrim öz evlərimizdə xoşbəxt yaşayırlr və mən həmişə onların arxasındayam”.
Təqaüdə çıxana qədər Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbində həm müəllim, həm kimsəsiz uşaqlara ana olan Ruhəngiz xanımın əmək fəaliyyəti bununla bitmir. O, indi də xeyirxah əməlləri ilə yaşayır.
Ruhəngiz xanımı dinləyəndə bir oçerk yazmaq könlümdən keçdi. Sağlıq olsun…
Universitetdə oxuduğum keçən əsrin 80-ci illərində jurnalistika fakültəsində bizə oçerki pubisistikanın əsas janrı kimi öyrədirdilər. O zaman yaradıcı mətbuat işçiləri oçerk yaza bilərdi. Bu yazı növündə hadisə və faktlara bədii təxəyyüllə yanaşmalısan. Əlbəttə, yaratdığın obraz təbii, canlı bir əsər qəhrəmanıdı, ancaq sən onu bədii ifadə vasitələri ilə tərənnüm etmək ixtiyarındasan. Ruhəngiz xanımın bütün məziyyətləri alqışlara layiqdi.
Cəfər Cabbarlını çox sevən Ruhəngiz Əlizadənin ən sevimli şüarı “qoç döyüşünə aslan pəncəsi gərəkdi” aforizmidir.
O, aslan pəncəli və ürəkli olsa da, romantik qadındı. Üzeyir Hacıbəyli musiqisinin, Musa Yaqub, Bəxtiyar Vahabzadə və Nüsrət Kəsəmənli şeirlərinin vurğunudur.
Yaşamaq istəmirəm, sürünüb dizin-dizin,
İstəyirəm ən uca zirvələrə mən qonam.
Xəfif pıçıltısını neyləyirəm dənizin?
Onun qasırğasına, tufanına vurğunam.
Qoy döysün yağış məni, boran məni, qar məni,
Həyatın tufanları daim yaşadar məni
(B.Vahabzadə) –
söyləyəndə onun gənclik enerjisini saxlamağına, mavi gözəl gözləriylə həyata nikbin baxmağına, qoşa, uzun hörüklərinə qayğı göstərməyinə, yaxşılıq etmək üçün macal axtarmağına sevinirəm.
İndi də ətrafımız belə gizli qəhrəmanlarla doludu. Təəssüf ki, şöhrəti bilinməyən belə adamlardan az yazırlar. Niyə ədəbiyyat və mətbuat işçiləri gözə az dəyən – bir günlük muzd üçün ağır əməklə halal çörək pulu qazanan kişilərdən, təkbaşına, heç bir dəstək görmədən övladlar böyüdən qadınlardan yazmırlar, azyaşlı əmək qəhrəmanlarını görmürlər?! Hətta Qarabağı möcüzəvi mərdlikləri ilə azad edən oğullar haqqında da oçerklər yazılmadı. Ümumiyyətlə, bu janrı yenidən işlətmək barədə düşünməyin vaxtıdır.
Şair və yazıçılar çox vaxt öz avtoprtretlərini yaradırlar. Publisistikanın gözəlliyi isə, cəmiyyətin vətəndaşlarının təsviri və təbliğidir.
Xalqımızın belə bir gözəl deyimi yadımdadı: “Papaq altda oğullar var”. O vətən övladlarını elə-obya tanıtmaq üçün ölkədə qəzet və jurnalların sayı, sanbalı artmalıdır. Elin üzünü ağardan oğul və qızlar öz dəyərini, mükafatını yazılı tariximizdə – nəşrlərdə görməlidir.
Bu yazımı sadə, dəyərli həyat yaşamış el qızına həsr etdim, buna layiq olduğunu bilə-bilə səssiz qalmaq istəmədim. Onun 70 illik məzmunlu və açıq ömür kitabı var. Bu kitab-ömürdə özünü gücsüz sayan qadınlara dərs verəcək çox hünərli və ibrətli səhifələr yazılıb.
70 illik yubileyini qürurla qarşılayacaq namuslu və cəsarətli Ruhəngiz xanımı bütün Türk qadınları adından təbrik edirəm! Ona ulu Tanrıdan ömrü boyu sağlam can və canlı ruh diləyirəm.
avqust 2025