Mədəniyyət Nazirliyinin 2021-ci ilin dekabr ayında elan etdiyi “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinin bədii seçim mərhələsi yekunlaşıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə ümumilikdə 45 layihə təqdim edilib. Münsiflər heyətinin müzakirələri və qiymətləndirməsi nəticəsində 45 layihədən 12-si növbəti mərhələyə – pitçinq mərhələsinə buraxılıb.
Müsabiqənin pitçinq mərhələsi martın 18-də Dövlət Film Fondunda təşkil olunacaq. Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq pitçinqdə təqdim edəcəklər. Müsabiqənin pitçinq mərhələsi canlı yayım formasında Dövlət Film Fondunun rəsmi yutub kanalında ictimaiyyətə nümayiş etdiriləcək. Müsabiqənin qalibləri pitçinqdən sonra Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.culture.gov.az) və “Mədəniyyət” qəzetində elan ediləcək.