- Manşet, Mədəniyyət

Tarix Muzeyində “Nizami irsi xalçalarımızda” adlı videoçarx hazırlanıb

Milli Azərbaycan Tarixi Muzeyində “Nizami irsi xalçalarımızda” adlı videoçarx hazırlanıb.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Etnoqrafiya fondunun müdiri tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova tərəfindən hazırlanmış videoçarxda Nizami yaradıcılığının Azərbaycan xalçaçılıq sənətinə təsirindən bəhs olunur.

Burada Milli Azərbaycan Tarixi Muzeyinin xalça kolleksiyasına daxil olan “Xosrov və Şirinin ovda görüşməsi” adlı xalça təhlil olunub. Qeyd olunub ki, Təbriz məktəbinə aid olan xalça üzərində Xosrov və Şirinlə yanaşı müxtəlif nəbati və heyvan təsvirləri də yer alıb. Müxtəlif musiqi alətləri, xüsusilə XII əsr üçün xarakterik olan çoğur, rəngarəng geyim nümunələri və toxuculuq məmulatlarından çullar da xalça üzərində əksini tapıb.