Tbilisidə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri, Borçalı aşıq məktəbinin yetirməsi olan ustad aşıq Kamandar Əfəndiyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diaspor Komitəsinin, ölkəmizin Gürcüstandakı səfirliyinin və Azərbaycan Diasporunun İnkişafına Dəstək Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək aşıq Kamandar yaradıcılığının ayrı-ayrı hissələrinə nəzər salıb, onun yaradıcılığında vətənə, xalqa, millətə sevginin onun yaradıcılığının əsas süjet xəttini təşkil etdiyini vurğulayıb.
Diplomat deyib ki, aşıq Kamandarın yaradıcılığındakı vətənpərvərlik hissi bu gün də dünya azərbaycanlılarının birliyinə və həmrəyliyinin möhkəmlənməsinə xidmət edir.
Səfir bildirib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərib. Marneuli rayonunun Kəpənəkçi kəndində aşıq Kamandarın ev-muzeyinin açılmasına verilən dəstək də bunun əyani sübutudur.
Türkiyə səfirliyinin məsul əməkdaşı Onur Sevim, Gürcüstan parlamentinin sabiq deputatı Ruslan Hacıyev, TİKA-nın Gürcüstan nümayəndəliyinin rəhbəri Tuba Özütok və başqaları çıxış edərək aşıq Kamandar yaradıcılığından söz açıb, fikirlərini bölüşüblər.
Aşıq Kamandarın oğlu Əflatun Əfəndiyev ailəsi adından çıxış edərək tədbirin təşkilatçılarına və bütün iştirakçılara öz təşəkkürünü bildirib.
Tədbir Borçalı aşıq məktəbinin yetirmələrinin ifaları ilə başa çatıb.