- Ədəbiyyat

Teymur Elçin. Qarğanın məktəbi

Gözəl yaz günlərindən biri idi. Meşədə canlanma var idi. Uçub gələn quşlar artıq özlərinə yuva qurur, bala çıxarmağa hazırlaşırdılar. Sərçələrin, bildirçinlərin, dolaşaların, bülbüllərin nəğməsi meşəyə yayılmışdı.

Bir gün meşəyə xəbər yayıldı ki, qarğa «məktəb» açıb quşlara dil öyrətmək istəyir. Xəbərdən sevincək olan quşlar qarğadan dərs almağa gəldilər.

Qarğa dərsə başladı, nə başladı. Əvvəlcə sərçəni çağırdı. Sərçəyə möhkəm bir dimdik vurub dedi:

— Qarr, qarr elə, qarr elə!

Sərçə isə öz dilində cikkildədi:

— Cik-cik!

Qarğanın xoşu gəlmədi, qəzəbləndi:

— Yox, qarr elə!

— Cik, cik.
— Qğacik, qğacik-çirik!

Qarğa sərçəni yenə də dimdikləyib itələdi:

— Qovun bu yetimçəni!

Bildirçin çağırıldı. O, qarğaya elə baş əydi ki, dimdiyi yerə dəydi.

Qarğa amiranə bir tərzdə bu səfər bildirçinə əmr etdi:

— Sən, qarr elə, qarr, qarr elə, görüm!

Bildirçinin nəğməsi ətrafa yayıldı. Üç dəfə:

— Bıl-bılıq!

Bıl-bılıq!

Bıl-bılıq! — dedi.

Qarğa qanadlarını çırparaq hirslə qışqırdı:

— Yox, olmadı, sən təzədən qarr elə! Ucadan de, qarr elə!

Bildirçin nə qədər çalışsa da qarğanın dilində oxuya bilmədi. Yenə yazıq-yazıq:

— Bıl-bılıq! Bıl-bılıq! — elədi.

O, bildirçini də dimdikləyib «məktəblindən qovdu

Növbə tutuquşuya çatdı.

Qarğa:

— Qarr elə, görüm, qarr elə!

Tutuquşu dimdiyini şaqqıldatdı, ayağını tappıldatdı, gözlərini yumdu, açdı, qarğanın sözlərini təkrar etməyə başladı:
— Qarr elə görüm, qarr elə!

Qarğa xoşhallandı, tutuquşuya xüsusi təşəkkür etdi.

Üzünü bülbüllərə tutdu və dedi:

— Oxumayın boş yerə, bilirəm ki, bir balaca səsiniz varr, guya avazla oxuyursunuz. Əgər hünəriniz varsa, mənim kimi qarr, qarr eləyin.

— Çik-ki-çivi, cik-ki-çivi, civi-çik-ki — bülbüllər oxudular.

Pırr eləyib uçdular. Onlar öz şirin nəğmələrini qarğanın dilində oxumaq istəmədilər.

İki qara dolaşa dalaşa-dalaşa qarğanın «məktəblinə dərs almağa gəldilər.

— Gəlmişik, ağa qarğa!

— Xoş gəlmişsiniz, a bala qarğalar, qarr, qarr! Gərək siz o biri quşlardan dala qalmayasınız!

Qarğanın bu sözlərindən dolaşalar küsdülər:

— Yox, biz qarğa deyilik, dolaşayıq, dolaşa!

Onlar sağollaşmadan uzaqlaşdılar.

Daha qarğa «məktəbi»nə gələn olmadı. Orada bir qarğa qaldı, bir də qarğa dilində qarr edən tutuquşular. Onların bir-birindən çox xoşları gəldi, axı eyni dildə danışa bilirdilər.

portal.azertag.az