Tbilisi şəhərindəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin əməkdaşı Leyla Əliyeva ölməz sənətkar Aşıq Ələsgərin həyat və yaradıcılığından söz açıb, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Prezidentinin Sərəncamı barədə məlumat verib.
Sonra professor Mahmud Kamaloğlu çıxış edərək Aşıq Ələsgərin aşıq məktəbinin zənginləşdirilməsi və inkişafındakı böyük xidmətlərindən danışıb. Böyük söz ustadının Borçalı mahalına səfərlərindən danışıb və bu səfərlərin əhəmiyyətini xüsusi qeyd edib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov çıxışında deyib ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib.
Diplomat bildirib ki, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.
Diplomat tədbirin təşkilinə görə, muzeyin rəhbərliyinə minnətdarlıq edib.
Yunus Əmrə İnstitutunun Tbilisi üzrə koordinatoru Ali Oğuzhan Yüksel bildirib ki, aşıq sənəti türk mədəniyyətinin ortaq dəyəridir. Bu cür tədbirlər ortaq mədəniyyətimizin inkişafında mühüm əhəmiyyət kəsb edir.
O, qədim saz-söz ənənələrinin Gürcüstanda bu gün də yaşadılmasından böyük fərəh duyduğunu vurğulayıb.
Mərasimdə qüdrətli söz ustadının həyat və yaradıcılığından bəhs olunub, onun əsərlərindən parçalar ifa edilib.
Aşıq Nargilə Mehtiyevanın rəhbərlik etdiyi “Meydan” qrupu və yerli aşıqlar Şahbaz Göycəoğlu, Samir Qaraxanov, Əfqan Şamilov Aşıq Ələsgərin şeirlərini səsləndiriblər. Gürcüstanı 2018-ci ildə “Eurovision” mahnı müsabiqəsində təmsil etmiş Mixail Cavaxişvili və “İaloni” qadın ansamblının birgə ifasında təqdim olunan “Balaca oğlan itirmişəm” məşhur gürcü folklor nəğməsinə Aşıq Ələsgərin “Çərşənbə günündə çeşmə başında” şeirindən parça daxil edilib. Sintez olunmuş kompozisiya mərasim iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Yubiley axşamında azərbaycanlı ziyalılar, məktəblilər və gənclər iştirak ediblər.