Yanvarın 29-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Tıq-tıq və Taq-taqın nağılı” tamaşası nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi “Tıq-tıq və Taq-taqın nağılı” tamaşası ideya yükü, səhnə estetikası və yeni ştrixləri ilə diqqəti cəlb edir.
Uşaqlara lovğalıq, bədbinlik, ətrafına münasibətdə laqeydlik kimi keyfiyyətlərin fəsadlarını qəhrəman Tıq-tıqın üzləşdiyi hadisələr fonunda təqdim edən rejissor tamaşaya əlavə etdiyi Taq-taq obrazında isə əsl dost, sadiq və səmimi yoldaş xüsusiyyətlərini cəmləşdirib. Balacalara sevgi, mehribanlıq, sadəlik, ən əsası ağıllı olmağı tövsiyə edən Taq-taq yeni tamaşanın əsas qəhrəmanı kimi səhnə əsərinin sonluğunun da dəyişməsinə nail olur. Belə ki, klassik nümunədən fərqli olaraq yeni tamaşanı müsbət sonluqla bitirən rejissor Taq-taqı xudpəsənd Tıq-tıqın xilaskarı kimi təqdim edir və dostluğun, mehribanlığın, səmimiyyətin qələbəsi tamaşaçıları, xüsusən balacaları sevindirir.