Azərbaycanın qadın para-atletləri Yulia Yanovskaya və Lamiyə Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında 400 metr məsafəyə qaçışda finala yüksəlib.
“Report”un məlumatına görə, hər iki idmançı təsnifat mərhələsində ikinci yeri tutub. Yanovskaya 56.56, Vəliyeva isə 55.71 saniyəlik nəticə göstərib. Final mərhələsi sabah olacaq.
Nizə atma növündə yarışan Orxan Qasımov 58.96 metr nəticə ilə yarışı 5 -ci yerdə tamamlayıb.
25 metr məsafəyə güllə atma yarışında çıxış edən Yelena Taranova təsnifat mərhələsində mübarizəni dayandırıb.
Para-taekvondoçular Röyalə Fətəliyeva (49 kq) və İmaməddin Xəlilov (61 kq) isə təsəlliverici görüşlərdə məğlub olaraq, yarışla vidalaşıblar.
Qeyd edək ki, aktivində 11 qızıl, 1 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb.