Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarında xarici nümayəndə heyətlərinin sayı 78 000 nəfər təşkil edəcək.
“Report”un məlumatına görə, bu barədə Təşkilat Komitəsinin sədri Seyko Hasimoto mətbuat konfransında bildirib.
Hasimoto bu rəqəmin əvvəlcə planlaşdırılandan iki dəfə az olduğunu söyləyib: “Başlanğıçda “Tokio-2020″yə 180 000 nəfərin gəlişini planlaşdırırdıq. Bu rəqəmi yarıdan daha aşağı – 78 minə endirməyi bacardıq. Yay Olimpiya Oyunlarında xarici nümayəndə heyətlərinin sayı 59 min, paralimpiadada isə 19 min nəfər təşkil edəcək. Bu saya müxtəlif idman rəsmiləri, sponsorların nümayəndələri və jurnalistlər də daxildir”.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul – 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul – 8 avqusta təxirə salınıb. Tokio Yay Paralimpiya Oyunları bu il 24 avqust – 5 sentyabrda gerçəkləşməlidir.